Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür

Dünyanın 50 ən güclü ordusu sırasında Azərbaycan da var…

26 iyun Azərbaycanda Ordu Günüdür. Bu tarix Azərbaycan  Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramdır. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.

Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verirdi. 1920-ci ilin aprelində Azərbaycanın sovet işğalından sonra Milli Ordu ləğv edildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Ali Sovet Milli Ordunun yaradılması haqqında qərar qəbul etdi. Azərbaycan  prezidenti Heydər Əliyevin  22 may 1998-ci il tarixli fərmanına əsasən, 26 iyun- Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilib. Artıq 22 ildir Azərbaycanda 26 iyun rəsmi dövlət bayramı olaraq yüksək səviyyədə qeyd edilir.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan  Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi  Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

Polkovnik Şair Ramaldanov: Ordumuz haqqında fikir söyləyənlər ...

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi və akademiyanın sabiq rəis müavini, sabiq briqada komandiri Şair Ramaldanov bildirdi ki, Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini 2016-cı ilin aprelində Qarabağ cəbhəsində, 2018-ci ildə Naxçıvanla sərhəddə  Ermənistan ordusuna vurulan ağır zərbələrlə daha aydın şəkildə gördü. Həmçinin təntənəli hərbi paradlarda da hər kəs ordumuzun gücünü görüb. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib: “Bir sözlə, təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Və dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar ölkəmizdə də var. Ən müasir tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar, zenit raket sistemləri, artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, taktiki raket və minaatan kompleksləri, pilotsuz uçuş aparatları və digər texnikalar Azərbaycana öz hərbi potensialını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verib. O cümlədən hava hücumundan müdafiə sistemimiz hava məkanımızı inamlı şəkildə nəzarətdə saxlayır. Bu istiqamətdə ordumuzun döyüş qabiliyyəti ən yaxşı silah istehsalçılarının texnologiyaları ilə güclənib. Bu gün Azərbaycanın güclü ordusu var. Dünyanın 50 ən güclü ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələri müasir texnika ilə təchiz edilmiş, qarşısında duran bütün vəzifələri həll etməyə qadir, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik qüdrətli, peşəkar və mübariz hərbi gücdür. Ordu quruculuğu prosesi isə davamlıdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bu işlər səngimədən, dayanmadan, sürətlə və uğurla davam etdirilir. Təbii ki, ölkəmizin iqtisadi inkişafı dərinləşdikcə, dövlətimizin maliyyə imkanları çoxaldıqca ordumuz daha da qüdrətlənəcək”.

Hərbi ekspert Emin Hüseynov isə  bildirdi ki, silahlı qüvvələr günü müstəqillik bayramından sonra ən əlamətdar bayramdır və yeganə peşə bayramıdır ki, bütün xalq bayram edir, rəsmi şəkildə dövlət bayramıdır: “Mən öncə cənab Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla, bütün hərbçilərimizi, xalqımızı, keçmiş döyüşçüləri, qaziləri, şəhid ailələrini təbrik edirəm. Ordumuz xalqımıza illərlə gözlədiyi qələbə bayramını da mütləq bəxş edəcək. Azərbaycan Ordusunun həm silahlanması, həm saxlanması, hərbi təhsil müəssisələrinin keyfiyyəti,  kadrların hazırlanması, maddi-texniki bazasının möhkəmlənməsi baxımından çox böyük işlər həyata keçirilib. Ordu quruculuğunda aparılan işlər onu deməyə əsas verir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bir çox beynəlxalq təşkilatlar da bunu qeyd edir.  Bir çox beynəlxalq səviyyəli ekspertlər Azərbaycan Ordusunun ən güclü, müasir ordulardan olduğunu dəfələrlə qeyd ediblər.  Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu çox böyük uğurdur. Azərbaycan Ordusu dünyanın müxtəlif nöqtələrində keçirilən təlimlərdə ilk üçlükdə yerlər tutub. Ordumuz dünyanın bir çox dövlətlərinin orduları ilə sıx əməkdaşlıq edir. Ölkəmizdə silah sərgiləri keçirilir. Ən son olaraq Moskvada keçirilən paradda Azərbaycan hərbçiləri özümüzün istehsal etdiyimiz silahlarla iştirak ediblər. Silahlı Qüvvələrimiz dünyanın ən müasir silahları, texnikası ilə silahlanıb. 2016-cı ilin aprel hadisələrində bütün dünya gördü ki, Azərbaycan Ordusu həm psixoloji cəhətdən yüksək səviyyədədir, həm döyüş hazırlığı baxımından çox üstün vəziyyətdədir.  Hərbi hissələrin yenidən qurulması, hərbçlərimizə mənzillər verilməsi, orduya çağırış sisteminin müasirləşməsi də ordumuzda özünə inamı bir qədər də artırır. Müdafiə Nazirliyinin bir neçə həftə öncə keçirdiyi çox böyük miqyaslı hərbi təlimlər də ordumuzun imkanlarının necə yüksək olduğunu nümayiş etdirdi.  Ordu bütün xalqındır, dövlətindir”.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button
Close