Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazlarına baxılacaq
Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək.
Polise.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X” hesabında yazıb.
O xatırladıb ki, məhkəmədə Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.
“Beynəlxalq Ədalət Məhkəməsində İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Ermənistan Azərbaycana qarşı) üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr baş tutacaq”, – XİN rəsmisi bildirib.
A.Hacızadənin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir.
Polise.az