Bu məsələdə Zərərçəkənlərdən münasibətlərin öyrənilməsinə ehtiyac var.
Azərbaycanda ilk dəfə bir neçə məhbus məzuniyyətə buraxılıb. Belə hal Penitensiar Xidmətdə ilk haldır. Bir neçə günlük məzuniyyətə buraxılan məhbuslar müddət bitdikdən sonra sərbəst şəkildə geri dönüblər. Səfər zamanı onları həbsxana əməkdaşları müşayiət etməyib. Məlumatı Penitensiar Xidmətdən təsdiqləyiblər.
Bu yeniliyi necə qiymətləndirmək olar? Bunun məhbuslara nə kimi mənfi və ya müsbət təsiri ola bilər? Ümumiyyətlə, beynəlxalq praktikada belə hallardan istifadə olunurmu?
“Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Herbiand.az-a bildirib ki, penitensiar xidmətdə, təcridxanalarda və cəzaçəkmə müəssisələrində sui-istifadə hallarına qarşı mübarizənin gücləndirilməsinin tərəfdarıdır:
“Bu, kifayət qədər nizam intizamın bərpası, qanunların tələblərinə, dürüst riayət olunmasına xidmətin bariz nümunəsidir. Bu, çox yaxşı haldır və dəstəkləyirəm. Amma məhbusların cəzaçəkmə müəssisələrindən qısa müddətli məzuniyyətə buraxılmasının özü Azərbaycanda yeni bir sistemdir. Bu, beynəlxalq praktikada, bəzi ölkələrdə var. Amma cinayətkarlıqla mübarizədə bu necə təsir göstərəcək? Ümumiyyətlə, baş verəcək cinayətlərin qarşısını almaqda qabaqlayıcı tədbir kimi rolu necə olacaq? Bu, hələ bizə bəlli deyil. 2022-ci il ərzində 36946 cinayət rəsmi qeydiyyata alınıb. Şəxsiyyət əleyhinə yönələn, həyat və sağlamlığa yetirilən xəsarətlər kimi cinayətlərin sayında azalma müşahidə olunur. Amma narkotik vasitələrin qanunsuz dövriyyəsi, dələduzluq cinayətləri artımla müşahidə edilir. Məişət zorakılıqları ilə bağlı davam edən cinayətlərdə də narahatlılıq var. Təbii ki, burada diqqət çəkən məsələ ondan ibarətdir ki, cəzaçəkmə müəssisələrində cəzasını çəkib azadlığa çıxan şəxslər tərəfindən təkrar cinayətin törədilməsi faktı dinamikada kifayət qədər ciddi narahatlığa səbəb olur. Narkotik maddələrin qanunsuz dövriyyəsi, məişət zorakılıqla bağlı cinayət faktlarının artımında əvvəllər məhkum olunmuş şəxslərin payı az deyil”.
Təqaüddə olan polis polkovnikinin sözlərinə görə, az ictimai təhlükəli əməllərə görə cəzasını çəkən məhbuslara qısamüddətli məzuniyyətin verilməsi müsbət haldır:
“Bu, mənə sovet dövründə özünü hərbi xidmətdə nümunəvi aparan əsgərlərə verilən qısamüddətli məzuniyyəti xatırlatdı. Görünür, onlar cəzaçəkmə müəssisələrində nümunəvi davranışa, qaydalara kifayət qədər həssas yanaşırlar. Amma məni bir hüquqşünas kimi narahat edən başqa məsələdir. Yəqin ki, proseslər Ədliyyə Nazirliyində Probasiya xidmətinin həyata keçirdikləri monitorinqi əsasında həyata keçirilir. Çünki, hər məhbusa indiki şəraitdə qısamüddətli məzuniyyətin verilməsi o qədər də ürəkaçan deyil. Zəmanət vermək çətindir ki, bu insanlar qısa müddət ərzində əhatəsində olduqları ilə birlikdə olanda, cəmiyyətdə sərbəst dolaşarkən hər hansı ictimai münasibətlərə zidd addım atmayacaqlar. Ancaq görünür, əgər sərbəst gəlib və sərbəst qayıdıblarsa, əməllərində ictimai münasibətlərə qarşı hər hansı bir zidd faktları olmayıbsa, deməli islah olunmağın səmərəsi var”.
Şəmsəddin Əliyev qeyd edib ki, cəzanın fəlsəfəsi tamamilə başqadır:
“Cəzanın məqsədi üç faktoru özündə ehtiva edir. Birincisi, cəzanı tətbiq etməklə sosial ədalət bərpa olunmalıdır. Cəza məhbusun törətdiyi əməlin dərəcəsinə uyğun olmalıdır. Deyək ki, cinayətkarın törətdiyi əməlin qurbanı hansı acı təəssüratları yaşayırsa, cəzanın tətbiq edildiyi subyekt də uzun müddət həmin acı təəssüratı yaşamalıdır. Peşmanlığını hər gün çəkməlidir ki, mən bunu nahaq etdim. Burada cəmiyyətin və digər qurumların görmədiyi bir hal ortalığa çıxır. Dövlətin məqsədi bir cinayət əməlinin qurbanı olduğu vətəndaşın qisasını digər cinayət törədən vətəndaşdan almaq bacarığı, qabiliyyəti və gücüdür. Hər birimiz bərabər hüquqlara malikik. Hətta Avropa İnsan Hüquqları Məhkəməsindən gəlib Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cinayətin subyektləri ilə görüşürlər, söhbət aparırlar, məişətlərilə maraqlanırlar. Onların kütləvi informasiya vasitələrinə buraxılışı, əlçatanlığı, müəyyən dərəcədə ərzaqların qəbul olunması, telefon danışığı və s. Bütün bunların hüquqlarının təmin olunması ilə bağlı ciddi araşdırmalar aparılır və sonra böyük arayışlar yazılır. Amma heç kim bu cinayətlərin qurbanlarını axtarmır, qapısını döymür. Heç kim onlardan soruşmur ki, illər ərzində sizə edilən cinayət əməlinin ağrısını unutmusunuzmu? Heç kim unutmur. Liftdə qarət olunan xanım onu hər gün yaşayır və yaxud təcavüz olunan adam hər gün onu yaşayır və s. Amma mən istərdim ki, o insanların da qapıları döyülsün, təəssüratları araşdırılsın. Ümumiyyətlə, cinayətkarı törətdiyi əməlinə görə bağışlayırlarmı? Mən niyə bunu dedim? Düşünürəm ki, belə insanların əməlləri az ictimai təhlükəli olsa da, cəmiyyət üçün o qədər təhlükəli olmayan şəxslərdirsə həmin məhbusların əməllərinin qurbanı olmuş vətəndaşların da razılığını almaq lazımdır ki, filan vaxtı sizə qarşı xırda xuliqanlıq edən, sizi söyən, evinizi talan edən məhbus məzuniyyətə buraxılır. Necə baxırsız bu işə? Yəni, bunun kifayət qədər araşdırılmağa, akademik təhlilə və tədqiqata ehtiyacı var”.
“Polisə Dəstək” İctimai Birliyinin sədri vurğulayıb ki, Azərbaycan deyilən bir dövlətdə sabitliyin davamlı olması qürurverici haldır:
“Diplomatik korpusların nümayəndələri, onların ailə üzvləri, əcnəbi vətəndaşlar, şirkətlər ölkədə, ələlxüsus də paytaxtda təhlükəsizliyin təmin olunması, ictimai qaydaların mühafizəsindən məmnunluqlarını ifadə edirlər. Daxili İşlər Nazirliyinin çoxminlik şəxsi heyətinin bu sahədəki vəzifə funksiyalarının yerinə yetirilməsində kifayət qədər ciddilik və içdiyi anda sədaqətin canlı təzahürü görsənir. Amma qeyd etdiyim kimi, cəzanın məqsədi ilk növbədə sosial ədaləti bərpa etməkdən, ikincisi baş verəcək təkrar cinayətlərin qarşısını almaqdan, üçüncüsü isə o cinayətkarı islah etməkdən ibarətdir. Əgər doğrudan da bunlar səmimi və dərin peşmanlığını büruzə verə bilirlərsə və əməlinin qurbanı olmuş tərəfə üzrxahlıq edə bilirlərsə, mənəvi dəyərlərimizə xas addım atırlarsa, belə insanların vaxtından əvvəl cəzadan azad edilməsi də qəbul ediləndir. Bunlara qısa müddətli məzuniyyətin verilməsi də qəbahət deyil”.
Şəmsəddin Əliyev deyib ki, burada kifayət qədər cinayəti törədənlə cinayətin qurbanı olanlar arasında qeyri mütənasiblik var:
“Əsas məqsəd nədən ibarətdir? Bunların islah olunması və bunun üçün çoxlu iş aparmaq lazımdır. Son zamanlar televiziyada onlar haqqında verilişlər yayırlar. İnkişaf etmiş ölkələrdə belə halın olması ilə bağlı kifayət qədər müfəssəl məlumatım olmasa da bilirəm ki, bu yenilik hər ölkədə olmur. Bir sıra ölkələrə görk olaraq bizdə ölüm hökmünə moratorium qoyuldu. Azərbaycanda qəsdən törədilən cinayətlərə görə cəzanın həddi o qədər də yüksək deyil. Amma onların cəza çəkmələrinə ciddi nəzarət lazımdır. Mən təklif edərdim ki, belə insanları azadlığa buraxarkən mütləq mənada müşayiət edən olsun. Onların harada olmasını dərhal mərkəzə ötürən qolbaqlardan istifadə olunsun. Çünki onlar cinayətin törədilməsinə meyilli olan həssas qruplardır. Onları çox sərbəst şəkildə buraxmaq bir az təhlükəlidir. Bu baxımdan ilkin mərhələdə qolbaq vasitəsilə müşayiət olunmalıdırlar. Bundan əlavə görüşdükləri insanlarla sorğular həyata keçirmək lazımdır. İnteraktiv sorğu həyata keçirilsə, daha çox cinayətin qurbanları olan təbəqə buna yox deyər. Amma buna baxmayaraq biz yenə də Avropa ölkələrinə görk olacaq bir nümunə təqdim etmiş oluruq”.
Polise.az