Bumeranq geri qayıdır: ruslar niyə bunu unudur?
Doqquz il ciddi məhbəs rejimi şəraitində! Bu müddət Rusiyada iki prezident seçkisini əhatə edəcək və güman, prezident Putin və komandası bunun fərqindədir və siyasətlərini məhz buna hesablayırlar.
Amma hüquq fəlsəfəsi üzrə klassiklər daim qeyd edir ki, dövlət iki halda dağılır: cinayət var, cəza yoxdur və cəza var, cinayət yoxdur…
Bəli, Aleksey Navalnı ilə bağlı növbəti məhkəmə prosesi haqqında oxuyanda ilk olaraq bunlar yadımıza düşdü – Vladimir Putin hakimiyyəti təkcə beynəlxalq müstəvidə yox, elə ölkənin içində də aqressivləşir.
Demək olmaz ki, bütün rusiyalılar V.Putinə peyğəmbər və ya Tanrı elşisi kimi baxır və xorla onun dediklərini təkrar edirlər. Yox, elələri də var ki, onlar baş verən hadisələrə tənqidi yanaşmağa cəhd edirlər.
Yadımıza gəlir ki, rusiyalı müəlliflərdən biri post-sovet ölkələrinin Rusiyaya yox, Qərbə can atmasını çox səmimi şəkildə izah etmişdi: məsələ bundadır ki, Moskvanın onlara təklif etməyə bir şeyi yoxdur, bütün elmi-texniki, hətta siyasi-iqtisadi innovasiyalar Qərbdə cəmləşib və həyat orada qat-qat yüksək səviyyədədir, üstəgəl, onların öz partnyorlarına münasibəti Rusiyanınkından qat-qat fərqlənir ki, bu da çox ciddi bir məqamdır.
Putinin özü bir dəfə demişdi ki, bir dəfə “Mersedes” sürən adamı artıq “Jiqulin”in sükanı arxasında əyləşdirə bilməzsən. Amma nədənsə Putin özünün bu sözlərini beynəlxalq siyasətdə unudur və ukraynalıları ona görə cəzalandırır ki, onlar Qərbə inteqrasiya etməyə çalışırlar. Artıq Ukrayna ilə bir aydır ki, müharibə gedir. Münaqişənin əvvəlindən bu günə qədər yüz iyirmidən çox uşaq həlak olub. Kimə lazımdır bunlar? Məgər rus ədəbiyyatının klassiki F.Dostoyevskinin sözləri deyilmi ki, dünyanın ən böyük ideyası bir körpənin göz yaşlarına dəyməz!..
Aleksey Navalnıya qayıdaq. Bu adama ölkənin bütün problemlərilə bağlı fikir yürütməyə imkan vermirlər. Siyasətçi olandan o, vaxtının çoxunu öz mənzilində deyil, məhbəslərdə keçirir. Boris Nemtsovun ölümündən sonra o, Rusiya qərbçilərinin yeganə ümididir. Sülh üzrə Nobel mükafatı laureatı Dmitriy Muratov dedi ki, əslində mükafat Navalnıya verilməlidi. Bu, bir daha göstərir ki, Navalnıy Rusiyada artıq müəyyən siyasi avtoritetə malikdi. Əlbəttə ki, o, reytinqinə görə hələ Putinə çata bilməz. Amma ki, hələ! Digər bir tərəfdən, məgər biz dəqiq sosioloji tədqiqatların nəticələrini bilirikmi? Axı bu proses də hakimiyyətin ciddi nəzarəti altında baş verir…
Hamı düşünür ki, guya cəmi rusiyalılar Putinin siyasətilə razıdır. Amma bu günlərdə xəbər gəldi ki, Anatoliy Çubays istefa verib və ölkəni tərk edibdi. Əlbəttə, bu istefanın səbəbini hələ aydınlaşdırmaq lazımdır. Amma Çubays Rusiya qərbçilərinə aid edilir və ötən əsrin sonlarındakı siyasi və iqtisadi islahatların əsas müəlliflərindəndir. Aydın məsələdir ki, Çubays Rusiyanın Qərblə konfrantasiyada olduğu bir vaxtda, xüsusən də buna səbəb olan hakimiyyətin düşərgəsində qala bilməz. Bir daha qeyd edirik ki, istefanın motivlərini hələ aydınlaşdırmaq lazımdır. Amma gəl, bu vaxta qədər səslənmiş arqumentlər də həqiqətə yaxın görünür.
Bir sözlə, Ukraynada müharibə nə qədər uzun çəksə, Putin ölkə daxilində də bir o qədər qəddar olacaq. Amma bu aqressiyanın vektoru bir gün Putinin özünə qarşı çevriləcək, çünki bumeranq bir qayda olaraq geri qayıdır- Putin cəmiyyətə nə qədər çox təzyiq etsə, onun hakimiyyəti bir o qədər zəif olacaq…