Cənubi Qafqaz “fövqəladə vəziyyət”dədir: Rusiya situasiyadan ən az itki ilə çıxış yolu axtarır
Kreml bu regionun Rusiyanın nəzarətindən çıxmaq üzrə olduğunu artıq dəqiqləşdirib… Üstəlik, Cənubi Qafqazın gələcək taleyinin müəyyənləşdirilməsində “açar” dövlətin Azərbaycan olması ilə də barışmağa başlayıb…
Cənubi Qafqaz regionunda “siyasi temperatur” yüksəlməkdə davam edir. Belə ki, bu regionda geopolitik proseslər intensiv xarakter daşıyır. Və hər ötən gün də gərginlik artan xətt üzrə inkişaf edir.
Bütün müşahidələr göstərir ki, hazırda Cənubi Qafqaz regionu uğrunda amansız mübarizə gedir. Bu regionda özəl maraqları olan beynəlxalq siyasi iradə mərkəzləri arasında kəskin ziddiyyətlərin mövcudluğu geopoltik proseslərin inkişafı baxımından, olduqca təhlükəli situasiyanın yarana biləcəyini vəd edir.
Məsələ ondadır ki, son iki ay ərzində, daha dəqiq desək, iyulun 12-dən etibarən Cənubi Qafqaz regionu yeni qarşıdurma poliqonuna çevrilib. İndi bu regionda bir çox istiqamətləri əhatə edən amansız strateji savaş yaşanmaqdadır.
Əvvəlcə, Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətindən hərbi avantüra ilə yüklənmiş təxribat törətdi. Ancaq Azərbaycanın sarsıdıcı cavab zərbəsi ilə hərbi təxribatla əldə olunmasına ümid bəslənən strateji hədəflərin boşa çıxarılması mümkün oldu.
Ardınca, bu regionda Fransa, Rusiya və Ermənistan üçlüyünün yaxın gələcəyə yönəlik planlarını puça çıxara biləcək önəmli addımlar atıldı. Belə ki, Azərbaycanla Türkiyə arasında sürətli məsləhətləşmələr sayəsində Cənubi Qafqazda geopolitik proseslərin məzmun, keyfiyyət və istiqamətlərini ciddi şəkildə dəyişən qərarlar qəbul edildi.
Məsələ ondadır ki, Azərbaycan və Türkiyə ümumi rəqiblərə qarşı eyni “səngər”də yer almaq məsələsində taleyüklü anlaşma əldə etdilər. Türkiyə hərbi kontingenti Azərbaycan ərazisinə gətirildi. İki qardaş ölkə ortaq hərbi təlimlərlə “şər üçlüyü”nə qarşı meydan oxudu. Və Türkiyə generalitetinin ən yüksək rütbəli təmsilçilərinin paytaxt Bakıya nümayişkaranə səfərləri isə qarşı tərəfə sərt xəbərdarlıq mesajı rolunu oynadı.
Təbii ki, Azərbaycan və Türkiyənin hakim dairələr arasında əldə olunmuş siyasi anlaşmalara paralel olaraq, iki ölkənin generalitetlərinin də gələcəyə yönəlik ortaq hərbi-strateji hədəfləri razılaşdırması böyük uğur sayılmalıdır. Ən azından indi Azərbaycan və Türkiyənin vahid geopolitik hesablara sahib olduqları qətiyyən şübhə doğurmur.
Şübhəsiz ki, son iki ay ərzində Cənubi Qafqazda baş verənlər bu regionda geopolitik situasiyanın köklü şəkildə dəyişməsinə də yol açıb. Xüsusilə də bu regionda artıq Rusiyanın şəriksiz hegemonluğu arxa plana keçib. İndi Kreml bu regiondakı maraqlarının təmin olunmasında mütləq Azərbaycan və Türkiyənin mövqeyi ilə hesablaşmaq məcburiyyətindədir. Əks halda, Rusiya bu regionda ümid bəslədiyi heç bir hədəfinə çata bilməz.
Belə anlaşılır ki, Cənubi Qafqaz regionunda artıq “fövqəladə vəziyyət” yaranıb. Və bu “fövqəladə vəziyyət” daha çox Rusiya və Ermənistan üçün aktualdır. Çünki bu iki ölkənin illərlə mövcudluğuna vərdiş etdikləri geopolitik situasiya ciddi şəkildə dəyişib. Proseslər Rusiya və Ermənistanın maraqlarının əleyhinə inkişaf etməkdədir.
Təbii ki, belə geopoltik uğursuzluqlara vərdişli olmayan Rusiya bundan ciddi şəkildə narahatdır, hətta bir qədər qəzəblidir. Ona görə də Rusiyanın Ermənistanı yenidən silahlandırıb, gücləndirməyə çalışması qətiyyən təəccüb doğurmadı. Hər halda, Kremlin Orta Asiya üzərindən nəqliyyat təyyarələri ilə Ermənistana tonlarla silah-sursat daşıması Rusiyanın vəziyyəti dəyişmək istiqamətində atdığı son addımlar idi.
Ancaq yenə də müşahidələr göstərir ki, Kremlin bütün bu addımları gözlənilən nəticədən uzaqdır. Belə anlaşılır ki, Rusiya Ermənistanı lazımi səviyyəyə qədər gücləndirməkdə çətinlik çəkir. Hər halda, Ermənistanın belə bir potensialının olmadığı artıq heç kəsdə şübhə doğurmur.
Bu isə Rusiya üçün Cənubi Qafqazda “fövqəladə vəziyyət”in yaranması anlamına gəlir. Ən əsasısa, bu vəziyyətin ən yaxın vaxtlarda dəyişməyəcəyi təqdirdə, Rusiyanın ümumiyyətlə, regiondan sıxışdırılıb, çıxarılması reallığa çevrilə bilər.
Deyəsən, Kremldə də artıq bu ehtimalı ciddiyə almağa başlayıblar. Hər halda, son günlərdə Rusiyanın taktikanı dəyişməyə məcbur qaldığı qətiyyən diqqətdən yayınmır. Və Kremlin narazı rəsmi Bakıyla “iplər”in tamamilə qopmasının Rusiya üçün faydalı olmayacağı qənaətinə gəldiyi də müşahidə edilir.
Bəzi ehtimallara görə, hazırda Kreml rəsmi Bakıyla anlaşmağa üstünlük verməkdədir. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun tez-tələsik Bakıya göbdərilməsi də qətiyyən boşuna deyil.
Nəzərə almaq lazımdır ki, Sergey Şoyqu vaxtilə Rusiyanın fövqəladə hallar naziri postunda çalışıb. Yəni, “fövqəladə hallar” üzrə mütəxəssis olduğu da qətiyyən şübhə doğurmur. Bu baxımdan, onun sayəsində rəsmi Bakıyla yaşanan problemlərin yoluna qoyulmasına cəhdlər göstərilir.
Bəzi məlumatlara görə, müdafiə naziri Sergey Şoyqu Bakıda Azərbaycan rəhbərliyini Rusiyadan Ermənistana hərbi-nəqliyyat təyyarələrində daşınan yükün hərbi xarakterli olmadığına inandırmağa çalışıb. İddiaya görə, həmin təyyarələr hərbi yük deyil, Rusiya hərbi bazaları üçün nəzərdə tutulmuş “inşaat texnikası”nı daşıyırmış.
Ancaq rəsmi Bakının bütün bunlara inanacağını düşünmək sadəlövhlük olardı. Çünki rəsmi Bakı yükün əsl təyinatından xəbərdar olmasaydı, Azərbaycan prezidenti səviyyəsində etiraz etməyi lazım bilməzdi. Əgər, belə bir etiraz vacib sayılıbsa, deməli, Bakıda həmin yükün təytinatı barədə hər hansı tərəddüdlər mövcud deyil.
Eyni zamanda, yükün daşınması üçün seçilmiş marşrut da xüsusi hədəflərə hesablanmış kimi görünür. Belə ki, burada hərbi-nəqliyyat təyyarələrinin uçuş marşrutu üzərində yerləşən Qazaxıstanla Azərbaycanın münasibətlərinin pozulmasına yönəlik cəhdin ola biləcəyi də qətiyyən istisna deyil.
Hər halda, Ermənistana silah-sursat göndərən Serbiyaya və həmin silah-sursatı öz ərazisindən keçirilməsinə razı olan Gürcüstana Bakıdan verilən sərt reaksiyalar hər kəsə məlumdur. Ola bilsin ki, Kremldə Qazaxıstan-Azərbaycan münasibətlərinə kölgə salınması yaxın gələcək üçün vacid addım sayılıb.
Ancaq bütün bu cəhdlərin uğurlu nəticə verdiyini iddia etmək üçün elə bir ciddi fakt mövcud deyil. Əksinə, görünən odur ki, Kreml Cənubi Qafqazın Rusiyanın nəzarətindən çıxmaq üzrə olduğunu anlamağa başlayıb. Üstəlik, Cənubi Qafqazın gələcək taleyinin müəyyənləşdirilməsində “açar” dövlətin Azərbaycan olmasını da dəqiqləşdirib və hətta bununla barışıb.
Ona görə də, Kreml yeni taktika ilə Azərbaycan-Rusiya münasibətlərinin normal məcraya çəkilməsinə cəhd göstərməkdədir. Əsas hədəf isə Cənubi Qafqaz regionu üzərində öz təsir imkanlarını qoruyub-saxlamağa nail olmaqdır. Yəni, Rusiya bu regionda yaranmış “fövqəladə vəziyyət”dən itkisiz, hətta heç olmasa, mümkün qədər az itki ilə çıxmağa can atır.