Cənubi Qafqazda münaqişə və enerji təhlükəsizliyi: Ermənistan niyə birbaşa Tovuz bölgəsində hücuma keçdi?
Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi nəinki Cənubi Qafqazda qeyri-sabitliyə şərait yaradıb, həm də regional iqtisadi inteqrasiyanın qarşısını alıb. 1994-cü ildə Atəşkəs sazişi imzalanandan sonra Ermənistan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal altında saxlayır. Münaqişə tərəfləri Fransa, Rusiya və ABŞ-ın rəhbərlik etdiyi ATƏT-in “Minsk qrupu” vasitəsilə diplomatik həll çalışmalarını davam etdirirlər. Təəssüf ki, Minsk qrupunun vasitəçiliyi ilə aparılan diplomatik danışıqlar indiyədək heç bir nəticə verməyib.
Münaqişədəki mövcud status-kvo Ermənistan üçün əlverişlidir. Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşma siyasəti və qeyri-qanuni iqtisadi fəaliyyətlər ATƏT və BMT-nin əsas prinsiplərinə ziddir. Məsələn, hazırda işğal olunmuş ərazilərdə “Armbusinessbank”, “Armeconombank” və s. kimi bir çox erməni bankları, “Armentel” (Rusiyanın “Vimpelcom”un “Beeline” brendi altında törəmə şirkəti) və “Orange Armenia” (Orange Group France-ın törəmə şirkəti) kimi mobil operatorlar fəaliyyət göstərir.
Bundan əlavə, Ermənistan işğal etdiyi ərazilərin enerji təhlükəsizliyini ciddi şəkildə dəstəkləyir. Ermənistanın təbii qaz tədarükçüsü və distribyutoru “Qazprom”-Ermənistan qazpaylama şəbəkəsinə işğal olunmuş əraziləri də daxil edib. İşğal olunmuş ərazilərdə iki enerji istehsal edən müəssisənin (“Artsaxgaz” və “Artsakhenergo”) idarələri yaradılmış və bölgənin enerji təchizatı sistemi İrəvanda qeydiyyata alınmış AEG-in nəzarəti altında Ermənistanla birləşdirilmişdir. İşğal altındakı Kəlbəcər bölgəsində olduğu kimi, 2020-ci ilin avqust ayına qədər on beş yeni ev tikilmişdir.
Uzun müddət davam edən münaqişədə status-kvo qeyri-sabitdir, buna görə də Ermənistandakı son hakimiyyət dəyişikliyin ardınca problemin sülh yolu ilə həllinə böyük ümid var idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan arasında bir çox görüşlər keçirilsə də, bütün bu səylər problemi beynəlxalq hüquqa hörmət çərçivəsində sülh yolu ilə həll edə bilmədi.
2016-cı ildə Dördgünlük Aprel müharibəsindən bəri Ermənistanla Azərbaycan arasında ilk ciddi toqquşma 12 iyul 2020-ci il tarixində Ermənistan hərbi qüvvələrinin Azərbaycanın Tovuz bölgəsini bombalaması zamanı baş verdi. Top atəşləri nəticəsində Azərbaycan tərəfində bir mülki şəxs və bir neçə hərbçi öldürüldü, Ermənistan da hərbi itkilərə məruz qaldı.
Sözsüz ki, hər bir gərginlik danışıqlar prosesini iflasa sürükləyərək sülh danışıqlarına zərər verir.
Sual oluna bilər: Ermənistan niyə birbaşa Azərbaycanla sərhəddə, Dağlıq Qarabağdan uzaqda olan Tovuz bölgəsində hücuma keçdi?
Fərziyyələrdən biri budur ki, hücumun əsas məqsədi münaqişə zonasına yaxın bölgədən keçən beynəlxalq enerji layihələrini təhdid etməkdir. Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Supsa neft boru kəmərləri ilə yanaşı, Cənubi Qafqaz boru kəməri də bu bölgədən keçir və hücumla həmin enerji xətləri hədəfə alınmışdı.
1990-cı illərin ortalarından bəri Azərbaycan istər regional iqtisadi inteqrasiyanı, istərsə də beynəlxalq enerji əməkdaşlığını dəstəkləyir və Xəzərin xam neftinin və təbii qazının qlobal enerji bazarlarına daşınması üçün genişmiqyaslı layihələrə imza atıb. “Azerilight” yüngül markalı nefti əvvəlcə Gürcüstan üzərindən Bakı-Supsa, sonra isə BTC boru kəməri vasitəsilə beynəlxalq enerji bazarlarına çıxarıla bildi. Geoiqtisadi baxımdan Azərbaycanın enerji ehtiyatlarının Gürcüstan üzərindən Qara dəniz bölgəsinə ixracı rasional seçim idi.
Bu layihələrin layihəsinin reallaşdırılması həm Gürcüstana, həm də Azərbaycana üçün siyasi və iqtisadi dividentlər qazandırdı. Azərbaycan bu layihələrlə öz yüngül neftini Rusiyanın keyfiyyətsiz “Ural” markalı nefti ilə qarışdırmadan birbaşa dünya enerji bazarlarına çıxarmağı hədəfləmişdi. Gürcüstan Xəzərin enerji ehtiyatlarını qlobal enerji bazarlarına birləşdirən tranzit ölkə və körpü halına gəldi. Bakı-Supsa neft kəməri Gürcüstana gələcək enerji layihələrində iştirak etmək üçün çox vacib bir qapı rolu oynadı.
BTC boru kəməri Azərbaycan neftinin Rusiyaya ehtiyac duymadan Qərb enerji bazarlarına ixracı üçün əlverişli imkanlar yaratdı və ölkənin iqtisadi inkişafında yeni bir dövr başlatdı. O, artıq öz neft ixracatında Rusiyadan asılı deyil, Qərb enerji bazarlarına bağlanmaq üçün Gürcüstan və Türkiyəyə etibar edə bilər.
Sözügedən boru xətti geosiyasi baxımdan Cənubi Qafqaz ölkələrini bütövlüklə Qərb dünyası ilə daha sıx birləşdirən ilk layihədir. O, Azərbaycan və Gürcüstanın Qərblə inteqrasiyasına, iqtisadi, siyasi və enerji təhlükəsizliyinə zəmin yaratdığı kimi, eyni zamanda Avropanın enerji ilə təchizatına töhfə verdi.
BTC istifadəyə verildiyi 2006-cı ilin iyun ayının sonundan və bu ilin birinci rübünün sonuna qədər İsrail də daxil olmaqla dünya bazarlarına ümumilikdə 3,41 milyard barel xam neft nəql etmişdir. Azərbaycanın İsraillə enerji sahəsində əməkdaşlığı İsrailin də enerji təhlükəsizliyi üçün vacibdir və iki ölkə arasında xüsusi əlaqələr qurmağa imkan vermişdir. Azərbaycan İsrailin neftə olan tələbatının təxminən 40-45 faizini BTC boru kəməri ilə təmin edir.
Bu gün Azərbaycan önəmli təbii qaz istehsalçısına çevrilmişdir. Ölkə Qərblə enerji əlaqələrini dərinləşdirməkdə maraqlıdır. 1990-cı illərin sonlarında nəhəng Şahdəniz yatağının kəşfi bu təşəbbüsə özünəməxsus təkan verdi. Xəzər qazının Avropa enerji bazarına nəqli üçün Bakıdan Gürcüstana, Türkiyəyə, Yunanıstana və Albaniyaya qədər uzanan və İtaliyanın cənubunda sona çatan daha bir enerji mega-layihəsi Cənub Qaz Dəhlizinin (CQD) inşası tamamlanmaq üzrədir. Bütün seqmentlərin ümumi uzunluğu 3500 kilometr olacaq.
CQD-nin Avropa hissəsi Trans-Adriatik Boru Kəməri (TAP) adlanır və bu il həmin kəmər vasitəsilə Avropaya qaz paylanmasına başlaması planlaşdırılır. Vurğulamaq lazımdır ki, hətta COVID-19 pandemiyası bu layihənin həyata keçirilməsinə mane ola bilmədi və TAP layihəsinin 96%-i bu ilin may ayının sonunadək başa çatdırıldı. Artıq Azərbaycan təbii qazı Albaniyaya qədər gəlib çıxıb. Bu xətt üzrə ilk tədarük qazı 20 may 2020-ci il tarixində TAP-ın Yunanıstan-Albaniya sərhədi arasındakı Bilişt ölçüm stansiyasına qədər dördkilometrlik boru xəttinə nəql edilmişdir.
Ermənistanın Dağlıq Qarabağdan çox uzaq olan Azərbaycan və Ermənistan sərhəddinə hücumu bu mühüm enerji layihəsi kimi təkcə CQD-i üçün deyil, həmçinin BTC boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolları üçün də təhlükə sayıla bilər.
1990-cı illərdən bəri Ermənistan özünü bu cür əməkdaşlıq inteqrasiya layihələrindən təcrid etmişdir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində həm Ermənistan, həm də Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkməkdədir. İndi müharibə edən tərəflər arasında barışıq vaxtıdır. Ancaq təkcə 2020-ci ilin iyul münaqişələri deyil, eyni zamanda Baş nazir Nikol Paşinyanın BBC radiosunun “Hard Talk” proqramına verdiyi sərt açıqlama göstərir ki, Ermənistan hökuməti hələ də münaqişənin həlli ilə bağlı balanslı mövqe tutmur.
Azərbaycan Qərb üçün etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bütün bu boru kəməri layihələri, Azərbaycana təbii ehtiyatlarını qlobal enerji bazarlarına ixrac edərkən Rusiyanı keçməyə imkan verdi. Cənubi Qafqazdakı mövcud vəziyyət, xüsusən də Azərbaycan və Ermənistan arasındakı gərginliklər bölgənin Qərbə tam inteqrasiyasına mane olur və transmilli layihələri daha böyük riskə atır. Azərbaycan Ermənistanla münaqişəsinin həllində real və ciddi irəliləyiş istəyir.