“Cəzasını həbsxanada çəkənlərin yanına gələn yaxınları onları yenə narkotik vasitələrlə təchiz etmək istəyirlər” – Ekspert

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu cür xəbərləri son zamanlar tez-tez oxuyuruq. Həmin şəxslər istintaq təcridxanasına, həbsxanada yatan doğmalarına müxtəlif yollarla – ərzaq məhsularının və digər vasitələrin arasında narkotik vasitələr keçirməyə cəhd edirlər. Bununla narkotik maddələri gətirən şəxslər də bir növ qanun pozuntusuna yol vermiş olurlar. Bu addımı atan şəxslər cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxmurlarmı? Nəyə görə, onlar öz yaxınlarını narkotik vasitələrlə təmin etməyə çalışırlar?

“Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev Herbiand.az-a bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası və digər satış məqsədi üçün təchizatı, daşınması, saxlanılması, bütövlükdə bəşəriyyətin ən mühüm problemlərindən biridir:

“Çox təəssüf ki, bu gün dünyanın narkotiklə bağlı bazarı bağlanmır. Nə qədər ki, bu bazara kifayət qədər despotluq edən dövlətlərin girişi və çıxışı çox rahatdır onun təchizatı ilə bağlı bu işlər tam aşkar şəraitdə və heç kimdən çəkinmədən həyata keçiriləcək. Təbii ki, burada onların çox böyük maraqları var. Özündən gücsüz, zəif və yaxud onlarla sövdələşmələrə razılaşmayan dövlətlərə qarşı terrorçu qruplaşmaları müxtəlif hərbi arsenallarla təchiz edirlər. Hətta demək olar ki, bütün maliyyə təchizatını da təmin edirlər. Bu baxımdan nə qədər ki, həmin bazarlar bağlanmayıb insanlar da onların təsiri altına düşə bilirlər. Çox təəssüf ki, Azərbaycanda son 5 ilə yaxın müddət ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin statistikasında artım müşahidə edilir. Amma Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi, həm də narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı Milli Fəaliyyət Proqramı kifayət qədər ciddi dövlət sənədi kimi bütün dövlət qurumları tərəfindən icraya yönəlir. Bu gün Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Komitəsi və digər dövlət qurumları doğrudan da bu sahədə koordinasion qaydada müəyyən zaman ərzində öz fəaliyyətlərini bir-birinə bağlı şəkildə həyata keçirə bilər və səmərə də var. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı statistik rəqəmlər artdıqca mübarizə də prinsipiallıqla davam edir və burada peşəkarlıq var”.

“Polisə Dəstək” İctimai Birliyinin sədrinin sözlərinə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə aparmaq çox çətin və mürəkkəb bir sahədir:

“Oğurluq hadisələri, ictimai qaydalara zidd olan digər xuliqanlıq cinayətləri, dələzuq cinayətlərindən fərqli olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi spesifik mübarizə tələb edir. Doğrudan da bununla mübarizə aparmaq nə qədər mürəkkəbdirsə, onun qarşısını almaq da bir o qədər çətindir. Bu, bizim bəzi cəmiyyət üzvlərinə çox sadə gəlməsin. Amma bütün bunlara baxmayaraq, polis orqanları bu sahədə kifayət qədər ciddi mübarizə aparır. Ümumiyyətlə, bunların izinə düşmək ayrı bir çətin peşədir. Məlumat toplamaq və doğrudan da bunların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı hərəkətin təsdiq olunması faktları, onların təchizatı, daşınması, kimdənsə alınması, əldə edilməsi faktları, yəni bunların coğrafiyası çox çətindir. Amma bütün bunlara baxmayaraq, burada sanki vətənə sədaqət andının canlı şəkildə təzahürünü görürük. Mübarizə sərt gedir, artım var və düşünürəm bu artımla da davam edəcək. Qonşumuz İrandan dövlət sərhədlərindən qanunsuz keçməklə, müxtəlif yollarla kifayət qədər narkotik vasitələrin Azərbaycana gətirilməsi təmin edilir. Bundan başqa, narkotiklər kustar üsulla yabanı şəkildə becərilir. Ancaq narkotik vasitəni istifadə edənlərin, ümumiyyətlə cəzalandırılmasının əleyhinəyəm. Bu xəstə insanları müalicə etmək lazımdır. Bununla bağlı Azərbaycanda kifayət qədər həm dövlətin hesabına maliyyələşən, həm də özəl dispanserlər var. Guya bizdə rəsmi şəkildə 25-30 min qeydiyyatda olanlar var. Lakin bu rəqəmlər düzgün deyil, xəstələrin sayı daha çoxdur. Narkotik vasitələri ölkəyə gətirən, onun təchizatı və satışı ilə məşğul olan, bu niyyətlə onun saxlanılıb daşınmasına şərait yaradan kim varsa, bu cinayətdə iştirak edənlərin hər birinə qarşı cəza sərt olmalıdır”.

Şəmsəddin Əliyev düşünür ki, bu sahədə cəzanın sərtliyi daha da artırılsa bunun qarşısını almaq bir az mümkün olar:

“Digər tərəfdən, ali və orta təhsil ocaqlarında kifayət qədər narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı narkoloqların, hüquqşünasların, sosioloqların, kriminoloqların bu sahədə pedaqoji fəaliyyətinə imkan yaratmaq lazımdır. Bununla bağlı mühazirələr oxunmalıdır. Hətta burada elə pedaqoqlar və ixtisas sahibləri var ki, onlar heç bir maliyyə güdmədən auditoriyalarda cəmiyyəti maarifləndirmək üçün vaxtlarını sərf edə bilərlər. Ümumiyytlə, çox qəribə bir paradoksal hal yaranıb. Fikir verin, cəzasını penitensiar xidmətdə çəkənlərin yanına gələn yaxınları və dostları əhvalını soruşmaq əvəzinə onları müxtəlif üsullarla yenə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə təchiz etmək istəyirlər. Məqsəd nədən ibarətdir? Deməli, burada şəxsi maraqlar var. Təəssüf doğuran hal ondan ibarətdir ki, orda bəzən bəzi əməkdaşlar da onlarla əlbir olurlar. Ümumiyyətlə, bu cinayətlər qəsdən törədilir. Burada iştirakçıların dairəsi genişdir və qrup halında həyata keçirilir. Narahatlıq doğuran da bundan ibarətdir. Bir və ya bir neçə şəxsin qəsdən cinayət törətməkdə birgə iştirakı. Bunlar deyə bilməzlər ki, biz gətirdiyimiz çantanın içində nə olduğunu bilmirdik. Yəni, onlar tamamilə nəticəsini görürlər, nə etdiyini anlayırlar və fərqindədirlər. Çox təəssüf ki, həmin şəxslər onun mənbəyini müvafiq orqanlara söyləməkdən çəkinirlər, demirlər. Görün bir-birilərinə qarşı nə qədər dırnaqarası sədaqət nümayiş etdirirlər. Amma öz doğmalarını və cəmiyyəti zidd vərdişlərlərlə təmin etməkdə heç utanc hissi keçirmirlər. Ona görə bunlara qarşı cəza çox sərt olmalıdır. İslam dini də, dövlətimizin qanunları da bunu qadağan edir. Təbii ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan mövcud Milli Fəaliyyət Proqramı bu sahədə Nazirlər kabinetinin tərkibinə daxil olan mərkəzi icra hakimiyyəti orqanının fəaliyyət istiqamətlərinə uyğun tapşırıqlar verir. Amma çox təəssüf ki, bu sahədə Daxili İşlər Nazirliyindən, Dövlət Təhlükəsizliyi Xidmətindən, Dövlət Sərhəd Xidmətindən və digər hüquq orqanlarından savayı, bəzi dövlət qurumları bu sahədə müvafiq iş apara bilmir. Bəlkə də istəmirlər, bəlkə də səhlənkar yanaşırlar. Bu məsələ bütövlükdə ümumxalq mübarizəsinə çevrilməlidir. Bu mübarizənin şüarı da belə olmalıdır – “sadəcə yox deyək”. Çünki bu genefondumuza, gələcək islahatlarımıza, kadr potensialımıza, idarəçiliyə, dövlətçiliyə kifayət qədər zidd olan hallardır”.

Təqaüddə olan polis polkovniki vurğulayıb ki, biz 44 günlük müharibədə necə qalib gəldiksə, necə bir bayrağın ətrafında birləşə bildikcə, indi də həyəcan təbili çalmaq lazımdır:

“Həmin bayrağın altında sıx birləşməli, bir olmalı və bunlara yox deməliyik. Qonşu dövlətlər də bilməlidirlər ki, artıq onların hiylələri ölkəmizdə keçmir. Təsəvvür edin ki, Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən İran dövlətinə dəfələrlə onlardan gələn narkotik vasitələrinin mənbəyini açıqlamaqla bağlı sorğu göndərilib. Lakin verilən sorğular cavabsız qalır. Azərbaycan beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə vicdanla yanaşır. Amma digər ölkələr yox. Əslinə baxanda qonşu dövlətlərin hər biri bu sahədə birgə mübarizəyə start verməlidirlər. Ona görə düşünürəm ki,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailədə kifayət qədər geniş islahatlar həyata keçirməlidir. Hansı ailədə narkotik vasitələrin qəbulu ilə bağlı asılılıqdan əziyyət çəkən şəxslər varsa, o ailə nəzarətə götürməli, geniş işlər aparılmalıdır. Həmçinin, ərazi üzrə polis orqanları və Səhiyyə Nazirliyi də birgə olmalıdırlar ki, bunun qarşısını ala bilək. Valideynlərin əksəriyyəti narkotik vasitələrdən əziyyət çəkən öz övladlarının adını müalicə olunmaq üçün hər hansı bir quruma vermək istəmirlər ki, birən həbs edərlər və bununla ailədən, qonşudan, kollektivdən təcrid olunacaq. Onlara demək lazımdır ki, sənin övladın məsuliyyətə cəlb olunmayacaq, söhbət onun müalicəsindən gedir. Biz bu qorxunu ailələrin üzərindən götürməliyik”.

Ekspert qeyd edib ki, bununla bağlı orta məktəblərdə çox geniş iş aparmaq lazımdır:

“Bu məsələyə səthi yanaşmaq yolverilməzdir. Söhbət cəmiyyətin xəstəliyindən gedir. Əgər doğrudan da biz ictimai həmrəylik nümayiş etdirsək düşünürəm ki, bununla mübarizə də apara bilərik. Çünki 10 milyon əhalisi olan bir cəmiyyətdə hər bir fərdin digər fərdiyə ehtiyacı var. Bu ehtiyacları öyrənmək üçün qarşılıqlı bağlılıq lazımdır. Əgər biri digərini müalicə edə bilərsə, pis əməldən çəkindirə bilərsə niyə biz bu addımı atmayaq? Həftədə bir dəfə orta məktəblərdə narkotik gün elan etmək lazımdır. Metrolarda, avtobus dayanacaqlarında, kinoteatrlarda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin narkotik vasitələrin qarşısını almaq üçün roliklərini vermək lazımdır. Kinoteatrlarda film nümayişindən əvvəl bu sahə üzrə mütəxəssisin çıxışı olmalıdır. Zalda oturanlar da bilsin ki, buna aludə olmaq hansı fəsadlar törədəcək. Həmin şəxslər də bu məlumatları başqalarına deməklə auditoriya böyüyəcək və buna qarşı mübarizə də effekt verəcək. 2023-cü il ərzində, həm də bu ilin ilk 3 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı kifayət qədər mütəşəkkil dəstələr ifşa olunub. Göründüyü kimi, mübarizə çox prinsipial şəkildə davam etsə də, lakin ətrafa görk olacaq hal hiss olunmur. Deməli, həmin şəxslərə qarşı cəzalar sərtləşdirilməlidir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button