“Cəzanı hümanistləşdiririk, amma cinayətkar humanistləşmir” – Şəmsəddin Əliyev

Müsahibimiz uzun müddət DİO-da çalışmış,hüquqşünas, birinci Vətən müharibəsinin iştirakçısı, media məkanında tanınan “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyevdir.

Şəmsəddin bəy, İlk sualımız belədirÜmümiyyətlə cinayətkarlıq və cinayət eyni məna kəsb edirmi?

-Fərqlidir, amma qarşılıqlı və sıx bağlılıqlar var. Səbəblər və səbəbli əlaqə olmazsa cinayətlər də törədilməz. Cinayətkarlıq hər bir sosial-siyasi sistemə xas olan və kökünün kəsilməsi mümkün olmayan sosial hadisələrin məcmusudur. Bir növ cinayətkarlıq insanların ictimai orqanizmin normal inkişafına mane olub, onun fəaliyyətini qəsdən və ya ehtiyatsızlıqdan  pozan sosial davranış formasıdır. Tarixən cinayətkarlığın meydana gəlməsi dövlətin və hüququn yaranması ilə bağlıdır. İnsan cəmiyyətindəki sosial və əmlak bərabərsizlikləri sinfi ziddiyyətlərin antoqonist həddə çatması dövrü – quldarlıq dövrü ilə əlaqələndirilir. Bir az da konkretləşdirsəm, cinayətkarlıq cəmiyyət – insanlar üçün neqativ, arzuolunmaz hallar doğuran və ona nəzarət üçün dövlətin (özünə xas) spesifik tədbirlər planını tələb edən, müəyyən dövr ərzində müəyyən ərazidə və regionda baş vermiş sosial hadisələrin kəmiyyət və keyfiyyət göstəricisidir.

Cinayət – Azərbaycan Respublikası CM-də (14.1) qeyd olunduğu kimi, qüvvədə olan cinayət hüquq qanunvericiliyi ilə və cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsidir.Açması belədir: ictimai təhlükəli əməli törədənlər öz hərəkət və hərəkətsizliklərinin nəticəsini görür və arzulayırsa, ona şüurlu şəkildə (nə etdiyini bilirsə) yol verirsə, deməli onu qəsdən törədir və yaxud, əməlin nəticəsini arzulamırsa və yaxud onun qarşısını almağa yüngül fikirlə ümid edirsə, bu, ehtiyatsızlıq üzündən törədilən ictimai-təhlükəli əməl hesab olunur. Yol-nəqliyyat hadisələri bu baxımdan qəsdən yox, ehtiyatsızdıq üzündən baş verir.

Ölkə ərazisində il ərzində baş verən ümumi cinayətlər kəmiyyət və keyfiyyət göstəricilərinə görə cinayətkarlığın vəziyyətini əks etdirir.

Cinayətkarlıqla mübarizənin 2020-ci ilin yekun təhlilindən məlum olur ki, il ərzində 26004 cinayət qeydə alınmışdır. Burada diqqət çəkən cəhət ondan ibarətdir ki, ötən il ərzində 2019-cu  ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınan cnayətlərin sayı 668 fakt və yaxud 2,5% azdir. 26004 cinayətin 13,3%-i, yəni 3263-ü ağır və xüsusilə ağır cinayətlər növünə aiddir. Bu da böyük və ya narahatedici rəqəm deyil. Avropa ölkələrindən və MDB-dən fərqli olaraq, Azərbaycanda hər 100 min əhaliyə düşən cinayətlərin sayı 257 fakt təşkil edirsə, qeyd etdiyim Avropa və MDB məkanında bu rəqəm minə qədər olur və ya o rəqəmi ötür. Fərqi görməmək mümkün deyil. Amma bu vəziyyəti, cəmiyyətdəki sabitliyi qoruyub saxlaya bilən qüvvələr var. Biz heç vaxt bunun fərqində olmamışıq. Düşünürük ki, belə də olmalıdır. Axı vəziyyətin bu məcrada qorunub saxlanmasına bütün gücünü sərf edən vətənpərvər, andına sədaqət nümayiş etdirən qüvvələr var. Göstərilən etibara və etimada məsuliyyətlə yanaşan zabitəli polis məmurları və yüksək rütbəli zabitlər var. Ümumilikdə cinayətkarlıqla mübarizə asan başa gəlmir. Təhlükəsizliyin və ictimai qaydanın təmin edilməsi spesifik səlahiyyətə malik heyətin narahat gecələrinin və rahatsız keçən istirahət, habelə bayram günlərinin hesabına əldə edilir.

-Adətən cinayətkarlıqla mübarizənin vəziyyəti cinayətlərin ayrı-ayrı növlərinin statistik göstəricilərini qeyd etməkdə əks olunur. Amma onu doğuran səbəb və şəraitin aradan qaldırılması, müəyyən dərəcədə tədqiq etmək, cəmiyyətə zidd halların zərərsizləşdirilməsi istiqamətində nə etmək lazımdır – problem unudulur. Sizcə nə etmək və mübarizənin taktikasını necə seçmək lazımdır?

– Təəssüf ki, belədir. Azərbaycanda cinayətkarlığı doğuran səbəblərin tədqiqi və ona qarşı mübarizənin səmərəsini artırmaq üçün elmi tədqiqat (ETİ) institutu yoxdur. RF-də, Avropada və qardaş Türkiyədə belə tədqiqat institutları var. ETİ-də sosioloq-hüquqşünaslar, antropoloqlar, hüquqşünas-kriminoloqlar səbəbləri tədqiq və təhlil etdikdən sonra hökumətin qarşısında kriminogen durumun kökünü kəsmək yox, onu zərərsizləşdirmək və qarşısını almaq üçün təkliflər zərfi hazırlayır. Təkliflər zərfində NK-nin tərkibinə daxil olan bütün mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə aid müvafiq tapşırıqlar yer alır, bu qurumların koordinasion qaydada işləməsi təklif olunur və s. Azərbaycan müstəqil demokratik, hüquqi dövlət kimi mütəşəkkil və transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan “İnsan alverinə qarşı mübarizə”, habelə “Narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi” ilə bağlı çoxillik Dövlət Proqramlarını qəbul edib. Amma burada da mütəxəssislərin təcrübəsi və peşəkarlığı ilə uzlaşan”Nə etmək lazımdır” təklifləri hiss olunmur. Cinayətlərin təşkilatçıları və təhrikçiləri, bəzən icraçıları da cəzasızlıq mühitindən faydalanıb, təkrar cinayətlərin törədilməsindən çəkinmirlər. Doğuran səbəblər və motiv isə, demək olar ki, bütün dünyada eynidir: Sosial, iqtisadi, işsizlik, yoxsulluq və təbii ki,cəhalət və s. .

Sözün geniş mənasında cinayətkarlığın səbəbləri elə hallar-faktorlardır ki, onlarsiz ictimai münaisbətlərə zidd heç nə baş vermir. Hamının başa düşdüyü dildə ifadə etsəm, su qızdırılmazsa, onun buxara çevrilməsi mümkün olmaz. Hər dəfə su qızdırıldıqda onun buxara çevrilməsi prosesi başlayır. Və yaxud, kimya elmində reaksiyaların (tənliyin) bərabərləşməsi elektron nəzəri əlaqələrin istifadəsi üzərində əsas kimi qəbul edilir. Buna uyğun olaraq da kimyəvi elementlər ionlaşır. Lakin heç vaxt heç kim belə tənliklərin reaksiyasında bir ionu belə görə bilməyib. Bir növ, cinayətkarlığı doğuran səbəb və şərait, sosial faktorlar da görünmür, səbəb nəticəni hasil edir. Oğurluqlar, quldurluqlar və qarətlər (dövlət əmlakının oğurluqları) eyni və ya müxtəlif “xətlə”ola bilər. Doğuran səbəblər və cinayət törətmək yolu ilə ehtiyacını təmin etmək istəyənlər ”zərurətdən” bunu etsələr də məsuliyyətdən azad olunmurlar. Amma bu istiqamətdə mübarizə dövlətin cinayətkarlıqla mübarizə siyasətinin əsas qayəsini təşkil etdiyindən, DİN-in həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri Azərbaycan modeli və taktikası kimi Avropada da tədqiq olunur. Bunu əyani şəkildə də diqqətinizə çatdırmaq istərdim: Azərbaycan hər 100 min əhaliyə düşən cinayətlərin sayına görə Avropa ölkələrindən irəlidədir. Bizdə bu rəqəm 271 nəfər təşkil edir. Almaniyada 7.903, Belçikada 7.662, Avstriyada 6.123, RF-də 1.518, Qazaxıstanda 1.802 nəfər təşkil edir. Moldova,Yunanıstan və Belarusda da vəziyyət kirtikdir…

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin açılmasında, şübhəli şəxslərin yerinin və şəxsiyyətinin müəyyən olunmasında ictimai dəstək var, vətəndaşlardan daxil olan məlumatlar təsdiqini tapır.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, bəzən cinayətkarlıqla mübarizə aparan bəzi əməkdaşların missiyasını və fəaliyyətini həyata keçirən vaxt ərzində müvazinətini qoruyub saxlaya bilmədikləri haqda KİV-də işgüzar nüfuza təsir edən informasiyaların yayılması dövlət və cəmiyyət üçün arzuolunan deyil. Belə məlumatların yayılması məqsədli xarakter daşıyır. Ehtiyatlı olmaq lazımdır, hissə qapılmaq olmaz.

Ötən il ərzində məhz hüquq-mühafizə orqanlarının birgə mübarizəsi nəticəsində quldurluq (16,9%),oğurluqlar (11,8%), soyğunçuluqlar-qarətlər (7,8%) azlma ilə müşahidə olunmuşdur. Mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2237 nəfəri vahid niyyətlə birləşdirən 882 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Hesabat dövründə İnsan alverinə qarşı mübarizədə də prinsipallıq və peşəkarlıq nümayiş etdirilmişdir.155 insan alveri faktı aşkar edilmiş, 3 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı da mübarizə səmərəli olmuş, 301 nəfərdən ibarət olan 131 cinayətkar qrup zərərsizləşdirilmiş, 5041 (bu 2019-cu il ilə müqayisədə 965 fakt çoxdur) fakt aşkar edilmiş, 1 tona yaxın tiryək və heroin dövriyyədən çıxarılmışdır. Görürsünüz, cəmiyyət üçün zərərli olan  narkotik vasitələrlə  bağlı nə qədər faktlar aşkar edilib? Bir az dərin düşünəndə bu faktların üzə çıxarılması zaman və gərgin xidmət, prinsipiallıq və peşəkarlıq, həm də fiziki baxımdan hazırlıq tələb edir. Bunu bacarmaq lazımdır. Elə-belə başa gəlmir. Mən daha ətraflı, geniş izahat xarakterli məlumat verə bilərdim. Amma düşünürəm ki, həm KİV üçün, həm də çəmiyyət üçün cinayətkarlıqla mübarizə vəziyyətinə  bələd olmağa bir xəritə-dislokasiya ( marşrut) təqdim edə bildim..

-Çox sağ olun, amma belə çıxır ki, polisin fəaliyyətini tənqid etmək olmaz?

– Yox, fikrimi elə ifadə etmədim. Cəmiyyətə bəlli olmayan bəzi nüanslara toxunmağı vacib sanıb bunları dedim. Polisin qanunsuz hərəkətləri ilə bağlı onun xidmət etdiyi orqanın rəhbərliyinə müraciət etməyi daha vacib sayıram. Səmimi deyirəm, polisin hərəkət və hərəkətsizlikləri ilə bağlı DİN-ə daxil olmuş şikayətlərə diqqətlə və obyektiv baxılır. Bu orqan spesifik dövlət orqanı olmaqla onun fəaliyyət istiqamətləri də spesifik fəaliyyətə aid edilir. Qanunvericiliklə DİO-ya verilən səlahiyyət heç bir dövlət orqanına verilməyib.  Polis əməkdaşı hakimiyyətin müəyyən səlahiyyətlər verdiyi şəxsdir. Onun qanuni tələbləri hamı üçün məcburidir. Hakimin qüvvədə olan aktının icra edilməməsinə qanunvericilik necə reaksiya verirsə, burda da eyni məsuliyyət yaranır.

– Bəs, sizcə nə etmək lazımdır?

-Cəmiyyətin cinayətkarlıqdan və cinayətlərdən doymuş həddi olmayıb, olmayacaq. Bu baxımdan hər bir cəmiyyətin də özünəməxsus cinayətkarları və cinayətləri olur. Yəni cinayətkarlıq və cinayətlər “ərsəyə gətirdiyimiz bir ağacın meyvələridir”, cəmiyyət kimi əbədidir – deyərdim. Cəmiyyət mürəkkəbləşdikcə, orada fərdlərin də yaşamağı, həyat tərzi çətinləşir, davranışlar pozulur, ekstravaqant (qeyri-adi) hərəkətlərə yol verilir. Qanunların çoxluğu, artan sanksiyalara tab gətirə bilməmək, emosiyaların nəzarətdən çıxıb cılovlanmaması və s. hallar insanları “yolunu azmağa” sövq edir.

Məsələn: Son günlər intihar hallarını KİV yaydıqca zəif iradəyə məxsus gənclər və ya yeniyetmələr “özlərini nümayiş” etdirmək və “qeyri-adi davranışlarını” ictimaiyyətə təqdim etmək üçün bu addımı atmağa başladılar.(Bilmədiyimiz səbəblər də var. İstintaq buna aydınlıq gətirəcək) Amma KİV belə faktları tirajlamaqdan çəkinmədi, əksinə, ucuz, lakin cəmiyyət üçün təhlükəli bir “reklam oyunu” tapdılar. Məlumat üçün ictimai diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycanda intihar halları hər 100 min nəfərə 3-5 fakt düşür. Bu, 10 milyon əhali üçün faciə deyil. Amma Rusiyada bu rəqəm 31-40, Avropada 31-41 fakt təşkil edir. Təbii, bu faktlar cəmiyyətin faciəsidir, doğuran səbəblər araşdırılmır, tədqiq olunmur, təhlil edilməli olduğu halda edilmir. Bəzi psixoloqların bu sahədəki mülahizələri isə real vəziyyəti əks etdirmir.  Ümid edirəm ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Komitə bu sahədə səbəbləri təhlil edə bilmək bacarığındadır.

Sezmədiyimz bir cəhət də var. İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə mərhələli şəkildə cəza humanistləşdirilir. Amma cinayətkarlar humanistləşmirlər, davranışlarında humanizmi tapdalayır, ona tüpürürlər. Dünyada gedən humanizm islahatlarının əleyhinə deyiləm. Amma daha çox hərəkətlərinə sahib çıxa bilməyənlərə humanizmi aşılamaq lazımdır, onlar anlamalıdırlar ki, cinayət varsa, ona uyğun cəza da mütləq olacaq.

Söhbətləşdi: Rəşad

Hamısını Göstər

Related Articles

Back to top button