CHP: Bakı-Ankara əlaqələrinə qarşı şər yuvası – Şərh

Türkiyənin siyasi tablosunda qara bir nöqtə var, Mustafa Kamal Atatürkün yadellilərə qarşı mübarizə əzmini, iradəsini heçə sayaraq, amma onun irsinin davamçısı kimi özünü göstərməyə çalışan Cümhuriyyət Xalq Partiyası həmin nöqtədir. Getdikcə də bu nöqtə böyüdülərək radiusu böyüyən çevrə halını alır. 

Atatürk daim müharibənin, siyasi mübarizənin tən ortasında böyük qətiyyət və prinsipiallıq nümayiş etdirərək Türkiyəni heç kəsə yem etməyib, amma indi onun ideyaları adına sığınan CHP sanki ölkənin başı üzərindəki dumanları sıxlaşdırmaq üçün əlindən gələni əsirgəmir. 

Böyük paradoksdur, bu paradoksu körükləyən isə CHP-nin təkcə Türkiyə hakimiyyəti əleyhinə deyil, Türkiyə dövlətinin strateji təməllərinə qarşı çıxış etməsidir. 

CHP-ni kimlər, hansı qüvvələr yönləndirir, onlara təbliğat tezislərini hansı şəbəkələr ötürür – hər hansı dəqiq fikir yürütmək mümkün olmasa da, ana müxalifət partiyasının çağırışlarına baxmaq kifayət edər ki, onların bu addımı özbaşına atmadıqları aydın görünsün.

CHP hakimiyyətdə olduğu dönəmlərdə yol verdiyi strateji və biabırçı xətaları tarixin, ictimai şüurun yaddaşından silmək üçün resurslarını xərcləyir və saxta gündəm formalaşdırmaqla keçmişin üzərindən xətt çəkməyə cəhdlər edir. Seçkilərdəki ard-arda məğlubiyyətlər, Türkiyə əhalisinin CHP-yə olan ümidlərinin ölməsinin göstəricisidir, çünki türk xalqı keçmişi unutmur. 

İndi Türkiyənin strateji siyasi kursu CHP-ni sancılandırır, gah “Mavi Vətən” layihəsinə qarşı çıxış edir, gah da Ankaranın Bakı ilə müttəfiqlik münasibətlərinə qarşı qısqanclıq nümayiş etdirir. 

“Mavi Vətən” Türkiyənin milli təhlükəsizliyi və iqtisadi gələcəyinin firavanlığı üçün layihədir, Şərqi Aralıq dənizindəki enerji resurslarının ədalətli bölüşdürülməsini özündə ehtiva edir. 

Amma nədənsə bu da CHP-nin qarınağrısını gücləndirir, hələ Azərbaycanla Türkiyənin müştərək iqtisadi maraqlarında qırmızı cizgi olan TANAP layihəsi ilə bağlı arsız şəkildə küyçü rəy formalaşdırmağa çalışır. 

CHP-li millət vəkili Aykut Erdoğdunun iddiasına görə, Türkiyə TANAP layihəsinə qoşulmaqla iqtisadi-maliyyə itkilərinə yol verib və strateji üstünlüyünü əldən verib. 

A.Erdoğdu deyir ki, Türkiyə NABUCCO layihəsinə alternativ qoyulan TANAP-da iştirak etməklə heç bir üstünlük əldə etmədi. 

Birincisi, NABUCCO-nun trafiki elə seçilmişdi ki, onun xərci daha çox idi. Sadə şəkildə desək, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Azərbaycan təbii qazının Ərzuruma çatdırılması, oradan da Avropa bazarlarına çıxışı təmin etmək bu layihənin qayəsində dayanırdı. 

İkincisi, bunun üçün əlavə Transxəzər layihəsi işə salınmalı idi, yəni Türkmənistandan Xəzər dənizinin dibi ilə Bakıya qədər boru kəməri çəkilməli idi. 

Trafikin uzunluğu isə izafi xərclərə getməkdən başqa bir şey vəd etmirdi, Azərbaycan isə bunun əvəzində daha yığcam marşrutla daha effektiv nəticələrə hesablanmış Cənub Qaz Dəhlizi layihəsini ortaya qoydu. 

Bu günün özündə bunun effektlərini görməmək ən azından iqtisadi- siyasi korluqdur, indi Qərbin kuluarlarında Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP və TAP boru kəmərləri hava-su kimi lazım olan amil kimi dəyərləndirilir. 

Üstəgəl, təbii qazın şaxələndirilməsi prioritet olduğundan Transxəzər layihəsi də yeni dəyər qazanır və Azərbaycanın İran vasitəsilə Türkmənistandan qaz alışı həmin layihənin praktiki icrasının cücərtisidir. 

Üçüncüsü, Türkiyənin NABUCCO-ya qoşulması onun strateji gələcəyini sual altına qoyurdu, çünki beynəlxalq birlik çalışırdı ki, İraqın şimalındakı regional kürd idarəçiliyini də bu layihəyə calaq etsin. Əgər Şimali İraq Kürd Muxtariyyəti bu layihəyə cəlb olunsaydı, bu, Türkiyəyə qərəz saçan Qərbin əlinə kart verəcəkdi, münasibətlərin gərginləşdiyi zamanlarda bu kart işə salınacaqdı. 

İndi sual edilir, A.Ərdoğdu niyə narahatdır, Türkiyənin düşməni olan PKK-nı qidalandıran mənbələrin enerji layihələrinə qoşulmamasından? Ərdoğdunun beyninin düşünən nöqtələrinə birdən-birə NABUCCO söhbəti haradan gəldi? 

Bakıda Qərbin enerji komissarlarının toplanıb Azərbaycan qazını Avropa bazarlarına şaxələndirilməsini müzakirə etdiyi zamanda Ərdoğdunun NABUCCO-nu ortaya atması təsadüf sayıla bilməz. 
 
Bir məqamı da deyək, NABUCCO Rusiyaya qarşı layihə idi, Azərbaycanla Türkiyə isə elə bir nöqtə tapdı ki, bu, Rusiya ilə münasibətlərin gərginləşməsinə gətirib çıxaran akta çevrilmədi, yəni TANAP və TAP Kremlin dərin narahatlığına çevrilən layihə olmadı. 

CHP haqqında çox danışılır, hətta CHP-nin xarici kəşfiyyat orqanları ilə təmaslarına dair söhbətlər də açılır. 

CHP-nin cari təyinatı sanki onun hansısa qüvvələrin əlində oyuncaq olduğuna dəlalət edən fikirlərin güclənməsi üçün əsasdır. 

Türkiyədə dollar bahalaşır sevinirlər, Türkiyəyə qarşı basqı artır əl çalırlar, dövlətə qarşı atılan hər bir addımı dəstəkləyirlər, Türkiyənin strateji əlaqələrini hədəfə alırlar.  

CHP sədri Kamal Kılıçdaroğlu isə mağmın sükuta qərq olur, belə hallarda xalqın gözündə özünü yüksəltməyə hesablanmış, pafoslu və malalayıcı ifadələr axtarmaq üçün zaman qazanır. 

Axı onun müavinlərindən biri Ünal Çeviköz Azərbaycanın Vətən müharibəsindəki hərbi əməliyyatlarını həzm edə bilməyən və Türkiyənin Azərbaycana dəstəyini qısqanan açıqlama ilə də çıxış etmişdi. Nə baş verir ki, belə ideyalar metastaz verir?! 

CHP-nin hazırkı vizyonunu belə xarakterizə edə bilərik: Türkiyəyə qarşı uzanan caynaqlara, Bakı-Ankara əlaqələrini hədəfə alan qüvvələrə töhfə verən şər yuvası. 

Aqşin Kərimov 

Hamısını Göstər

Related Articles

Back to top button