Çin–Qazaxıstan–Azərbaycan üçbucağı

Bu format Avrasiyada əməkdaşlığa yeni meydan açır

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müsahibəsində irəli sürdüyü tezis – Pekinin Bakı və Astananın ortaq strateji tərəfdaşı, Mərkəzi Asiya və Qafqazın Avropaya uzanan ən güclü qolu olması – Avrasiyanın nəqliyyat-logistika xəritəsinin real şəkildə yenidən çəkildiyi tarixi məqamın dəqiq analitik təsviridir. 3 paytaxtın maraqlarının kəsişdiyi nöqtədə yeni geosiyasi ox formalaşır və bu oxun daşıyıcı sütunu Orta Dəhlizdir.

Tokayevin müsahibəsində əsas diqqət Avrasiya məkanında formalaşan yeni regional arxitekturanın nəqliyyat-logistika hissəsinə yönəlib. Qazaxıstan Prezidenti iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın əhatəli xarakterini vurğulayaraq “Bir kəmər, bir yol” təşəbbüsünün inkişafını, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini, yeni dəmir yolu xətlərinin çəkilişini, logistika infrastrukturunun genişləndirilməsini və sərhəd-keçid məntəqələrinin modernləşdirilməsini ayrıca qeyd edib. Onun sözləri ilə desək, bu proseslər Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin yeni konfiqurasiyasını formalaşdırır.

Maraqlı bir nüans: Tokayev Orta Dəhlizi Çinlə Avropa arasında əlaqənin ən mühüm həlqəsi adlandırıb və Pekinlə Astananın ümumi vəzifəsi kimi bu marşrutun rəqabət qabiliyyətinin yüksəldilməsi olduğunu bəyan edib. Əslində, bu, konkret iqtisadi proqramdır: dəhlizin səmərəliliyi, tranzit müddəti və xərc parametrləri üzərində birgə işləmək öhdəliyidir. Siyasi turbulensiya dövründə belə bir platforma hər üç paytaxt üçün həm iqtisadi, həm də strateji dəyər daşıyır.

* * *

Tokayevin tezisi məhz Bakının mövqeyi ilə üst-üstə düşür. Prezident İlham Əliyevin vaxtilə bəyan etdiyi kimi, Mərkəzi Asiya və Azərbaycan nəhəng inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Cari ilin aprelində Azərbaycan Prezidenti eyni vaxtda Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib. Görüşdə ikitərəf münasibətlərin siyasi, iqtisadi, nəqliyyat-logistika, investisiya və enerji sahələrində uğurlu inkişafı qeyd olunub və Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətt layihələri üzrə qarşılıqlı anlaşmanın olduğu təsdiqlənib.

Burada diqqətəlayiq məqam ondan ibarətdir ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ayrıca layihə kimi deyil, digər regional təşəbbüslərlə kompleks şəkildə nəzərdən keçirilir. Eyni məntiq İlham Əliyevin Gürcüstana səfəri zamanı da özünü göstərib: Prezident Bakı–Tbilisi–Ceyhan neft kəmərindən Cənub Qaz Dəhlizinə qədər ardıcıl siyasi-iqtisadi xətt çəkib və qeyd edib ki, bu layihələrin bazasında nəqliyyat dəhlizləri qurulub, bu gün isə onların genişləndirilməsi üzrə işlər aparılır. Gürcüstandan keçən Orta Dəhliz bu sistemdə əsas nəqliyyat arteriyasına çevrilib və onun genişləndirilməsi üçün əlavə səylər göstərilir.

Bakı ilə Astana arasındakı xüsusi münasibət formatının dərinliyi isə coğrafiyadan qat-qat artıqdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki xalqı əsrlərə söykənən dostluq və qardaşlıq, ümumi köklər, mənəvi və mədəni ortaqlıq bağlayır və bu, dövlətlərarası münasibətlərin möhkəm təməlidir. Bu təməl üzərində qurulan aktiv əməkdaşlıq ciddi geosiyasi əhəmiyyət kəsb edir: yeni nəqliyyat yollarının açılması və Avrasiyanın bağlılığını gücləndirən layihələrin reallaşması ilə Cənubi Qafqaz və Mərkəzi Asiya getdikcə daha sıx bağlanır və çox vaxt vahid coğrafi məkan kimi çıxış edir.

* * *

Tokayevin tezisinin üçüncü qütbü Bakı–Pekin münasibətləridir və burada mənzərə sürətlə dəyişir. Prezident İlham Əliyevin 2025-ci ildə Çinə dövlət səfəri və Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasından sonra. Prezidentin özünün qeyd etdiyi kimi, siyasi, iqtisadi və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətdə ciddi “aktivləşmə” baş verib. Bu gün Azərbaycanda Çin şirkətlərinin sayı artır: bir qismi iri investisiyalar həyata keçirir, digərləri infrastruktur layihələrində iştirak edir. Eyni zamanda, əməkdaşlığın yeni fəsli olan müdafiə sahəsi açılıb və Bakı hərbi-texniki qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsində maraqlıdır.

İqtisadi tərəf də konkret rəqəmlərlə danışır. Orta Dəhliz üzrə Çindən Azərbaycandan keçən və Azərbaycana gələn yük axınının artımı qeydə alınır və Bakı bu perspektivə uyğun olaraq ticarət limanını, təxminən, iki dəfə genişləndirir. İlk növbədə Çin və Mərkəzi Asiya ölkələrindən gözlənilən yeni daşıma həcmləri hesabına. Bu mənada, qeyd olunan mühüm xüsusiyyət budur: siyasi qərarların qəbulundan konkret layihələrin reallaşmasına qədər keçən müddət nisbətən qısadır, başqa sözlə, bu məkanda qərarvermə sürəti regionun rəqabət üstünlüyünə çevrilir.

Bakı və Pekinin birgə bəyanatında tərəflər bir-birini prioritet, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi qəbul etməyə hazır olduqlarını, siyasi qarşılıqlı etimadı daim möhkəmləndirəcəklərini və iki xalqın xeyrinə hərtərəfli əməkdaşlıq inkişaf etdirəcəklərini təsbit ediblər. Sənəddə, həmçinin hökumətlərarası beynəlxalq multimodal daşımalar haqqında saziş yüksək qiymətləndirilib və Çin Azərbaycanla və marşrut boyu digər ölkələrlə təhlükəsiz və effektiv “Çin–Avropa–Çin” ekspres-marşrutlarının inkişafında əməkdaşlığa hazır olduğunu bildirib.

* * *

Bütün bu elementlər bir xəttə düzüldükdə ortaya çıxan mənzərə belədir: Çin–Qazaxıstan–Azərbaycan üçbucağı əhəmiyyətli geosiyasi çəki qazanır və Orta Dəhlizin hərəkətverici qüvvələrindən birinə, Asiya ilə Avropanı birləşdirən yeni logistika oxuna çevrilir. Hər üç ölkənin bir-birini tamamlayan funksiyaları var: Çin – yükün mənbəyi və texnologiya təchizatçısı, Qazaxıstan – Xəzərin şərqindəki tranzit məkanı, Azərbaycan – Xəzərin qərbindəki keçid və dağıtım mərkəzi. Bu zəncirin həlqələrindən hər hansı birinin zəifliyi bütün sistemin səmərəliliyinə təsir edir; buna görə də Tokayevin “rəqabət qabiliyyətinin yüksəldilməsi” çağırışı mahiyyətcə üçtərəfli əməliyyat proqramıdır.

Bu üçbucağın ən maraqlı elementlərindən biri onun rəqəmsal ölçüsüdür. Çinin nəhəng Lianyungang limanının “Lianyungang–Xorqos–Aktau–Bakı” sxemi üzrə yaxından idarəetmə modelini tətbiq etmək planları üç ölkənin limanlarını və dəmir yollarını vahid rəqəmsal şəbəkədə birləşdirməyi, yəni süni intellekt və böyük verilənlərdən istifadə etməklə gömrük və tranzit prosedurlarını optimallaşdırmağı nəzərdə tutur. Bu, gömrük prosedurlarının rəqəmsal inteqrasiyası dəhlizin tranzit rejimini köklü şəkildə dəyişə biləcək institusional addımdır. Sərhədlərdə gözləmə müddətinin azalması, sənəd dövriyyəsinin avtomatlaşması və yük izləmənin şəffaflığı Orta Dəhlizi şimal və cənub alternativləri ilə rəqabətdə yeni keyfiyyət səviyyəsinə çıxarır.

Nəticə etibarilə, “Pekin Bakı və Astananın ortaq strateji tərəfdaşıdır” tezisi bu gün empirik reallıqdır: bəyannamələr, sazişlər, liman genişləndirmələri və rəqəmsal inteqrasiya planları bunu faktlarla təsdiqləyir. Mərkəzi Asiya və Qafqazın Avropaya uzanan ən güclü qolu məhz bu üçbucağın üzərində qurulur və bu qolun ən möhkəm oynağı, şübhəsiz ki, Orta Dəhlizdir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button