Çin səfirinin Zəngəzur açıqlaması İrəvanı qarışdırdı

Çinin Azərbaycandakı səfiri Quo Minin “Zəngəzur dəhlizi “Bir kəmər, bir yol” layihəsinə töhfə verəcək” sözləri Ermənistanda ajiotaj yaradıb. Erməni mediası dərhal Çinin bu ölkədəki səfiri Fan Yuna mikrofon tuşladı ki, Azərbaycandakı səfir bu sözü deyibmi? Yun da bildirib ki, Min “Zəngəzur dəhlizi”ndən danışmayıb.

Fan Yunun belə deməsi təəccüblü deyil, çünki onun işi səfir işlədiyi Ermənistanda erməniləri qıcıqlandırmamaqdır. Erməniləri narahat edən məsələ isə dəhlizin olması yox, bunun məhz “Zəngəzur dəhlizi” adlandırılmasıdır. Hərçənd, ermənilərlə yanaşı, rusların da narahatlığı var. Əks təqdirdə “Sputnik Armenia” saytı Fan Yunun sözlərinə istinadən bu məsələyə geniş məqalə həsr etməzdi. Bu media resursu Ermənistanın maraqlarının ruporu olsa da, heç də Paşinyan hakimiyyətinə yaxın deyil və görünür, “Zəngəzur dəhlizi” ilə bağlı Bakı və Ankaraya qarşı hücum xarakterli məqalənin sifarişi də Moskvadan gəlib.

Bakı və Ankara nəqliyyat kommunikasiyasının Zəngəzur dəhlizi olaraq qəbul edilməsinə nail olur. Naxçıvanı Azərbaycanla birləşdirən kommunikasiyanın Zəngəzur dəhlizi olaraq qeyd olunduğu ilk rəsmi sənəd Şuşa Bəyannaməsidir. Prezident İlham Əliyev də bildirmişdi ki, “artıq beynəlxalq müstəvidə bu dəhlizin adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi”. Quo Minin “Zəngəzur dəhlizi” deməsi də bunun təsdiqidir.

Kommunikasiyanın “Zəngəzur dəhlizi” adlandırılması Zəngəzurun Azərbaycanın tarixi torpağı olduğu faktının beynəlxalq siyasətin leksikonuna daxil edilməsidir və ermənilərin də narahatlığı təsdiq edir ki, artıq “ox yaydan çıxıb”.

Hamısını Göstər

Related Articles

Back to top button