Təlim təlim dalınca: bu dəfə Azərbaycan xüsusi təyinatlıları Türkiyədə çoxmillətli təlimlərə qatıldı

Azərbaycan və Türkiyə silahlı qüvvələri son günlər bir-birinin ardınca birgə təlimlər keçirməkdədir. Bu gün Bakıda Türkiyə və Azərbaycan qoşun bölmələrinin qatıldığı “Mustafa Kamal Atatürk-2021” təlimləri yekunlaşıb. Bir gün əvvəl isə Türkiyədə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 döyüş təyyarəsi ilə ilk dəfə iştirak etdiyi “Anadolu Qartalı-2021” təlimləri başa çatıb. Təlimlərdə Azərbaycan HHQ-nin Su-25 cəbhə bombardmançıları Türkiyə HHQ-nin F-16 döyüş təyyarələrinin lazerlə işarələyib koordinatlarını ötürdüyü hədəfləri dəqiq zərbələrlə vurub.

Bu gün isə Türkiyədə Azərbaycan da daxil olmaqla 7 ölkənin xüsusi təyinatlı qüvvələrinin iştirak etdiyi birgə çoxmillətli təlimlərin başladığı elan edilib. Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, “Anadolu-21” Birləşmiş Xüsusi Təyinatlılar Təlimləri Türkiyə, Albaniya, Azərbaycan, Qətər, Qazaxıstan, Pakistan və Özbəkistandan olan xüsusi təyinatlıların iştirakı ilə davam edir. Təlimlərə Kosovo və Monqolustan müşahidəçi qismində qatılıb.

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının ev sahibliyi ilə Ankara ətrafındakı poliqonda keçirilən təlimlərdə iştirakçı ölkələrin xüsusi təyinatlı qüvvələri arasında koordinasiyanı, əməkdaşlığı, qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək, birgə əməliyyatlar həyata keçirmək qabiliyyətlərini sınaqdan keçirmək nəzərdə tutulur.

Hamısını Göstər

Related Articles

Back to top button