“Dəmirli” yatağında qanunsuz fəaliyyət və məhv edilmiş tarix

Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına son qoyulmasını, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında monitorinq aparılmasının təmin olunmasını tələb edən Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların və könüllülərin etiraz aksiyası artıq beş gündür davam edir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun dekabrın 3-də və 7-də sülhməramlı kontingentin komandanlığı ilə apardığı müzakirələr, təəssüf ki, hələ də bir nəticə verməyib. Ekofəalların tələbinə baxmayaraq, monitorinqə hələ də imkan yaradılmayıb. Bu gün ilkin monitorinqin növbəti təxribat nəticəsində baş tutmadığı elan olundu. “Qızılbulaq” və “Dəmirli” yataqlarının qanunsuz istismarı dekabrın ilk günlərindən ölkə gündəminin əsas mövzularından birinə çevrilib.

AZƏRTAC bununla bağlı Strateji Kommunikasiya Mərkəzinin tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun baş mütəxəssisi Səbuhi Hüseynovun araşdırmasını təqdim edir.

“Dəmirli” (ermənilər Kaşen adlandırır – red.) mədən yatağının işlənməsinə “Vallex” şirkətlər qrupunun törəmə şirkəti olan “Base Metals” QSC tərəfindən 2012-ci ildə başlanmışdır. İlkin dövrdə əldə olunan mis-molibden filizi Qızılbulaq mədənində yerləşən zənginləşdirmə zavoduna aparılaraq orada emal edilmişdir. 2014-cü ilin aprelindən “Dəmirli” dağ-mədən kompleksinin tikinti işləri start götürmüşdür. Cəmi 1 il 9 aydan sonra ilkin emal gücü ildə təqribən 2 milyon ton filiz olan mədən kompleksi istifadəyə verilmişdir.

Qanunsuz fəaliyyət zamanı öz işlərinə hüquqi don geyindirməyə cəhd edən şirkət rəhbərləri və Ermənistanın siyasi dairələri ilk dövrdə ərazinin istismarı zamanı heç bir ekoloji fəsadların meydana gəlməyəcəyini bildirirdilər. Bundan başqa, bu hadisə dünya ictimaiyyətindən, ekoloji təşkilatlardan gizlədilirdi.

Məsələ burasındadır ki, mədənin inşa ediləcəyi ərazi istər təbii və istərsə də tarixi cəhətdən olduqca zəngin idi. Qarabağın bu hissəsi özünün füsunkar təbiətinə və böyük meşə örtüyünə malik idi. Ərazidə yerləşən bir neçə kənddə və onların ətrafında Azərbaycan xalqına məxsus yüzlərlə tarixi-memarlıq abidələri vardı. Bu abidələrin bir çoxu Qafqaz Albaniyasına məxsus olan qədim qəbiristanlıqlar, qalalar, kilsələr, saraylar və s. idi.

Lakin şirkət ərazidə qanunsuz tikinti və hasilat işləri apararkən təbii və tarixi mühitini pozmuş və istismarı tez başlamaq üçün bütün tarixi-memarlıq və arxeoloji abidələrimizi məhv etmişdir. Bundan başqa, “Dəmirli” dağ-mədən kompleksinin tikintisi zamanı onun yerləşdiyi 850 hektardan artıq ərazidəki Qarabağ meşələrinin ən gözəl nümunələrinin yer aldığı 82 hektara yaxın meşə örtüyü məhv edilmişdir. Baş vermiş bu ekoloji faciə və mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması Ermənistanın siyasi hakimiyyəti tərəfindən dünya ictimaiyyətindən ustalıqla gizlədilmişdir.

Hətta “Global Forest Watch” təşkilatına məxsus monitorinq sistemi bu ekoloji faciənin baş verməsini nədənsə, sadəcə, üç hektar meşə örtüyünün itirilməsi kimi göstərməkdədir. Görünən odur ki, “Base Metals” şirkəti və separatçı rejim nəinki Qarabağda yaşayan sadə erməniləri aldada bilmiş, həm də bunu beynəlxalq təşkilatlardan da gizli həyata keçirməyi bacarmışdır.

Bu araşdırmada “Dəmirli” yatağının inşası və işlənməsi zamanı baş vermiş barbarlığın sübutları təqdim olunur. Bunun üçün ərazinin tarixi–təbii mühitinin Coğrafi İnformasiya Sistemində yaradılması və mövcud vəziyyətlə müqayisəli təhlili aparılıb.

Araşdırmanın metodu – məsafədən zondlama

Müasir dövrdə arxeoloji abidələrin sənədləşdirilməsində məsafədən zondlama (Remote Sensing), xüsusilə süni peyklərdən (bundan sonra peyk adlandırılacaq) əldə edilmiş təsvirlərin təhlili effektli və uğurlu tədqiqatların aparılmasına kömək edir. Son zamanlar peyk görüntüləri ekoloji, tarixi əraziləri, tarixi və arxeoloji, monumental və digər abidələri sənədləşdirmək üçün etibarlı vasitəyə çevrilib. Bunun əsas üstünlüyü ondan ibarətdir ki, tədqiqatçı əraziyə getmədən abidənin yerləşdiyi məkanın təhlilini aparmaq imkanı əldə edir. Araşdırmada 1977-1980-ci illərin məxfilik qrifi götürülmüş Amerika peyk görüntülərindən, sovet topoqrafları tərəfindən yaradılmış müfəssəl xəritələrdən, Sovet İttifaqı Baş Qərargahının 1989-cu ildə nəşr edilmiş topoqrafik xəritələrindən istifadə olunub.

“Hexagon” proqramı ilə tanınan süni peyk seriyası Yerin orbitinə yaxın buraxılmış və 1972-ci ildən 1986-cı ilə qədər “Soyuq müharibə” zamanı ABŞ tərəfindən idarə olunan 20 kəşfiyyat peykindən ibarət idi. Proqram ABŞ-ı Yerin yüksək ayırdetmə təsvirləri ilə təmin etmək, xüsusən də raket əleyhinə müdafiə sistemlərinin məhdudlaşdırılmasına dair müqavilədən sonra SSRİ-də strateji silah texnologiyalarını nəzarətdə saxlamaq üçün kosmosa göndərilmişdi.

Proqrama daxil olan 20 kəşfiyyat peyki 1979-cu ildən 1986-cı ilə qədər Yer kürəsinin demək olar ki, bütün nöqtələrinin (buraya Qarabağ ərazisi də daxil idi) çəkilişlərini aparmışdır. Həmin peyk görüntüləri bizə Yer kürəsinin istənilən nöqtəsinin 30 il və ya 40 il əvvəl hansı vəziyyətdə olmasına dair məlumat verir. Bu peyk görüntüləri ABŞ Daxili İşlər Nazirliyinin Geoloji Xidmətinin xüsusi arxivində saxlanılır. Görüntülərdən təbii ehtiyatların vəziyyəti haqqında elmi məlumatlar toplanılır, monitorinqi və təhlilləri aparılır. Geoloji Xidmətin Yer resurslarının Müşahidə və Elm Mərkəzi (EROS) məxfilik kodu götürülən KH-9 görüntülərinin neqativlərini skanlaşdıraraq məlumat təminatçısı kimi 29 minlik arxivə malikdir. Bu araşdırmada “Hexagon” proqramına daxil olan KH-9 peykinin Yer kürəsi nöqtələrinin görüntülərindən istifadə olunub.

“Dəmirli” dağ-mədən kompleksinin inşası zamanı ərazinin təbii mühitinə vurulan zərər

Təhlilə keçməzdən “Dəmirli” mədənində qanunsuz fəaliyyətin başladığı illərdə erməni mətbuatında yer almış bəzi faktlar nəzərdən keçirilib. 2012-ci ildə “Heqt.am” nəşrində jurnalist Hayk Qazaryanın apardığı araşdırmanın nəticələrinə dair “Kaşen (Dəmirli) yatağının ərazisindəki abidələri hansı aqibət gözləyir?” sərlövhəli məqalə dərc olunmuşdu. Mədənin inşasına başlanarkən istər “Base Metals”, istərsə də separatçı rejimin rəhbərləri ərazidə meşələrin olmadığını bildirirdilər. Lakin erməni jurnalist məqaləsində deyilənlərin həqiqətə uyğun olmadığını yazırdı. Bundan başqa, məqalədə bildirilirdi ki, ərazidə 2500 abidə və qəbir daşları mövcuddur. Məsələ mətbuata çıxdıqdan sonra “Base Metals” şirkətinin rəhbərliyi abidələrin köçürüləcəyini vəd etdi.

Beləliklə, biz Coğrafi İnformasiya Sistemində hərbi-topoqrafik xəritələrin WGS-8 koordinat sisteminə inteqrasiya edərək “Dəmirli” dağ-mədən kompleksinin inşa edildiyi ərazidə 1989-cu ildə nəşr edilmiş xəritədə göstərilən meşə örtüyünün ərazisini hesablaya bildik. Bu, 280 hektarlıq ərazidir.

Bundan sonra xəritədə müəyyən olunan meşə ərazisi “Hexagon” KH-9 peyki ilə 1977-ci il avqustun 22-də çəkilmiş görüntüdə də təsbit edildi. Ərazidə yerləşən meşə örtüyünün hər iki sübuta istinadən Coğrafi İnformasiya Sistemində məkana bağlı təhlili aparıldı. Beləliklə, mədənin inşa edildiyi dövrlə müasir dövrdəki peyk görüntülərini müqayisə etsək, 2012-2015-ci illərdə “Base Metals” şirkəti tərəfindən 82 hektar meşə zolağının məhv edildiyini görərik.

“Dəmirli” dağ-mədən kompleksinin inşası zamanı maddi-mədəniyyət abidələrimizə qarşı törədilmiş vandallıq

Araşdırmanın nəticəsindən aydın olur ki, ərazidə istər ekoloji, istərsə də maddi-mədəni irs məhv edilib. Bu cinayət həm mətbuatdan, həm də beynəlxalq təşkilatlardan gizlədilib. Biz Azərbaycan xalqına məxsus maddi-mədəni irsin, həm də dünya mədəni irsinin qorunub saxlanılması və ya bu məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti olan beynəlxalq təşkilatlara və beynəlxalq məhkəməyə müraciət edirik. Göstərilən sübutlar regionda uzun əsrlər boyu yaşamış bir xalqın mədəni irsinin yox edilməsi, kultursid aktıdır. Bu faktların hər biri sənədləşdirilmiş süni peyk görüntüləri ilə sübuta yetirilir. Həmin cinayətlər Ermənistan Respublikası, Qarabağdakı separatçı rejim və “Base Metals” şirkətinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Azərbaycan xalqının maddi-mədəni irsi və təbii sərvətləri məqsədli şəkildə məhv edilərək talan olunub.

Göstərilən faktlar Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndələrindən, alim və ekspertlərdən ibarət monitorinq qrupunun ekoloqlarla birgə ərazidə təcili yoxlamalar aparmasının vacibliyini bir daha təsdiqləyir.

Söhbət artıq nəzərdən keçirdiyimiz 850 hektardan çox ərazidə 2500-dən çox maddi-mədəniyyət abidəsinin məhv edilməsindən gedir. Bunların içərisində Xaçın məliyi Məlik Allahverdinin qalası, Məlik İsrailin qalası, alban dövrünün yadigarı olan kilsələr və digər memarlıq abidələri, yüzlərlə xaç daşları vardı. Bu xaç daşları Qafqaz Albaniyasına və sonrakı dövrdə Xaçın məlikliyinə aid xristian abidələri idi.

Xaçın məliyi Məlik Allahverdinin qalası

Gülyataq kəndində alban qəbri

Canyataq kəndində alban qəbri

Yatağın yerləşdiyi ərazidəki Canyataq və Gülyataq kəndlərinin erməni əhalisinin bu yerlərə 1828-ci ildən sonra köçürülməsi haqqında elmi ədəbiyyatda və arxiv sənədlərində kifayət qədər məlumatlar var. Ermənilərin yerləşdirildiyi bu ərazilər Qafqaz Albaniyasına aid qədim abidələrlə zəngin idi. Onların bir qrupu arxeoloji abidələrdir. Dağ-mədən yatağının salındığı Gülyataq kəndində arxeoloji qazıntıların aparılmasına hələ 1896-cı ildə başlanmışdır. Həmin il Moskva Arxeoloji Cəmiyyəti A.A.İvanovskini Cənubi Qafqaza ezam etmişdi. O, Qarabağın bir neçə yerində, o cümlədən Gülyataq kəndində 81 saylı kurqanda arxeoloji qazıntılar aparmışdı. Kurqanın diametri 40 metrdən çox olub. Bu arxeoloji qazıntılarla bağlı hesabat regionda fəaliyyət göstərən arxeoloqların bir çoxuna məlumdur. Həmin dövrdə İvanovski Canyataq və Gülyataq kəndlərinin ərazilərində bir çox kurqanın mövcud olduğunu yazırdı. Onun aşkarladığı maddi-mədəniyyət nümunələri sonralar Cənubi Qafqazda tədqiqatların aparılmasına böyük töhfə oldu.

Gülyataq kəndində tədqiqatlar aparmış erməni alimlərinin özləri kənddə Məlik Allahverdinin qalasının yerləşdiyini yazırdı. Bu qalanın uzunluğu 34, eni 14 metr idi. Kənddən 4 kilometr cənub-qərbdə orta əsrlərə aid xarabalıqlar var idi. Bundan başqa, yaxınlıqda Qafqaz Albaniyasına məxsus qədim xaç daşları ilə zəngin qəbiristanlıq yerləşirdi.

Qarabağın antropomorfik heykəlləri ilə məşhur olan Canyataq kəndində 6 belə abidə olmuşdur. Bu, 1964-1987-ci illərdə aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir. Lakin bu daş abidələr sonradan yoxa çıxmışdır. Onların taleyi hələ də naməlum olaraq qalır. 1973-cü ildə Canyataq, Mollalar və Şəfibəyli kəndlərindəki abidələrin sayı 10-a çatırdı.

Gülyataq kəndinin ərazisində Qarabağ atlarının saxlanılması üçün çar Rusiyası dövründən qalmış yer mövcud olmuşdur. Bu tarixi abidənin də taleyi naməlumdur.

2012-ci ildə “Hetq.am” erməni nəşrinin jurnalisti öz məqaləsində yazırdı: “Bu vəziyyətə hələ də öz fikrini bildirməyən “Artsax” tarixçilərinin susması aydın deyil”. Mədənin inşası zamanı bu abidələrin köçürüləcəyini bildirən şirkət sonradan həmin abidələri sadəcə olaraq mədənin altında gizlincə yox etdi. Əslində, bu abidələrin köçürülməsi mümkün olan iş deyildi.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button