“Dağlıq Qarabağ respublikasında” hərbi kazarma tikintisi?
Rusiyanın satınalma sahəsi üzrə vahid dövlət portalı olan “Zakupki.gov.ru” Azərbaycana qarşı təxribata yol verib.
Belə ki, dövlət portalında yer alan məlumata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin hərbi şəhərciyində xidmət barədə tender elan olunub.
Elanda rus sülhməramlıların yerləşdiyi ərazi Azərbaycan ərazisi kimi deyil, “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib.
“Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-mənzil fondunda kompleks xidmətin təşkili və həyata keçirilməsi üzrə xidmətin göstərilməsi”, – deyə elanda göstərilir. Bu xidmətlər üçün sifarişçi tərəf 151 milyon 414 min rubl təklif edir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sülhməramlı kontingentinin fəaliyyətinə dair yayılan informasiya bülletenlərində də bəzən “Dağlıq Qarabağ”, yaxud “Dağlıq Qarabağ respublikası”, “erməni silahlı birləşmələri” kimi ifadələrə yer verilir. Bu baxımdan həm Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenlərini hazırlayanlara, həm rəsmi hökumət portalında elan yerləşdirənlərə sual vermək lazımdır-siz Azərbaycan ərazilərində bu adda “respublikanı” haradan kəşf etmisiz?