Daxili İşlər Naziri Vilayət Eyvazov 55 yaşında.

Elxan Şükürlü yazır: CƏSUR ADAM 55 YAŞINDA 

Bu gün Prezident İlham Əliyevin hakimiyyət komandasında həm işi, həm xarakteri, həm də fizionomiyası ilə hamıdan seçilən, fərqlənən ən uğurlu və parlaq simalarından birinin – Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun doğum günüdür. Nurlu çöhrəsinə xüsusi yaraşıq və müdriklik çaları qatan saçının son illər sürətlə ağarmasına baxmayın, hələ 55 yaşı tamam olur.
Ona xüsusi təbrik ünvanlamağımızsa səbəbsiz deyil: elə bir ağır və məsuliyyətli struktura, elə bir çətin və mürəkkəb dövlət qurumuna rəhbərlik edir ki, heç doğum günü belə, yadına düşmür – həm hamıdan çox işləyir, həm hamıdan çox gərgin, stresli həyat sürür, həm də hamıdan çox və haqsızca tənqidə məruz qalır.

Çoxları heç bilmir ki, bizim uzun illərdir dinc və təhlükəsiz həyatımızın altında, əslində, daha çox ölkənin əməliyyat şəraitinə cavabdeh olan bu şəxsin və rəhbərlik etdiyi qurum təmsilçilərinin yuxusuz gecələri, hədsiz gərgin iş rejimi yatır.

Atalarımızsa deyib: “İgidi öldür, ancaq haqqını yemə”.

Hədsiz üstün keyfiyyətlərinə rəğmən, olduqca təvazökar, təmkinli və dayanıqlı xarakterə sahib, tərifi və özünütəbliği qətiyyən sevməyən nazir Eyvazovun da haqqı olan, heç olmasa bu əlamətdar günündə ona minnətdarlıq dolu təbriklərimizi çatdırmaq fürsəti və sadə vətəndaşların onun barəsində nə düşündüyünün səmimiyyətlə dilə gətirilməsidir. Elə bilirəm, hər kəs, elə özü də bu təbrikimizi anlayışla qarşılayar.

Eyni regiondan olduğumuzdan, mən ilk növbdə elə öz camaatımızın – Naxçıvan əhalisinin əksəriyyətinin onun haqqında nə düşündüyünü dəqiqliyi ilə bilir, həmyerlimiz olan digər çoxsaylı, gəlmiş-getmiş yüksək vəzifəli məmurlarla müqayisəsinin aparıldığı zaman necə fərqləndirildiyini və sevildiyni də çox aydın görür, istəyirəm ki, bunu başqaları da görsün, bilsinlər.

İnanın, onun barəsində bizim Naxçıvan camaatının arasında vicdanı olan və sözünə hörmət qoyulan hər kəsin fəxrlə dilə gətirdiyi gerçəklik budur: Vilayət Eyvazov, kənardanca görünən və dərhal diqqət çəkən uca boyu qədər də işi, çalışqanlığı və mərhəmətiylə seçilən, təkcə tükənməz enerjisi və peşəkarlığıyla yox, həm də düşmənə qarşı qətiyyəti, dosta vəfası, sədaqətiylə nümunə olan, minlərlə insana təmənnasız kömək göstərən, el-obasının başını hər yerdə uca edən qeyrətli övladlarımızdan, həmişə qürur duyduğumuz həmyerlilərimizdəndir!

Görünməyən və əksəriyyətin görə bilmədiyi isə bu işin hansı zəhmətlər, hansı əziyyətlər və həm də hansı iradə hesabına başa gəlməsidir.

Rəhbərlik etdiyi qurum uzun illərdir ölkəmizin sabitliyinə və təhlükəsizliyinə cavabdeh olduğu, dövlətin qoruyucu polad zirehi funksiyası daşıdığı kimi, Eyvazovun özü də xüsusilə son 4 ildə – 2019-cu ilin 20 iyununda Daxili İşlər naziri təyin edildikdən sonra hakimiyyət komandasına qarşı yönəlmiş bütün tənqidləri birbaşa üzərinə, sinəsinə çəkən əsas qoruyucu fiqur olub.

İçdən-çöldən Prezident Əliyevin üzərinə gəlmək, onu zəiflətmək və yıxmaq istəyən, ölkəni qarışdırmağa çalışan hər kəs öncə Eyvazovun qurduğu polis səddiylə qarşılaşıb və bu səddi yara bilməyənlərin qəzəb, nifrət ünvanı da ilk olaraq məhz polis və onun rəhbəri olub. Sanıblar ki, polis olmasa, zəifləsə, Əliyevi daha asanca yıxa biləcəklər.

Ona görə də düz 4 ildir ki, sistemli şəkildə çöldən və içdən, sosial şəbəkələr üzərindən polisə və şəxsən Eyvazovun özünə qarşı nüfuzdansalma, etibarsızlaşdırma kampaniyaları təşkil edilib və bu gün də edilir.

Ənənəvi “saray oyunları” – uğurunu istəməyənlər, paxıllığını çəkənlər, yerinə göz dikənlər, bu məqsədlə polisin işini içəridən sabotaj edənlər, Prezidentin ona olan yüksək etimadını itirməsi və gözündən salınması üçün hər hoqqadan çıxanlar da az olmayıb.

Ancaq hər məkrli və hiyləgər cəhd Eyvazova olan etimadı və etibarı daha da möhkəmləndirib. Çünki o, münasibətlərdə həmişə dürüst və ləyaqətli davranıb, kökdəngəlmə mərdlik, qətiyyət və sədaqət onun xarakterinin əsas təyinedici xüsusiyyətləri olub. Həyat isə sübut edir ki, belə adamlar heç vaxt yersiz iddiaya düşmür, xəyanətə yol vermir, ona etibar etmiş şəxsi aldatmır və satmırlar!

Elə Prezident İlham Əliyevin öz komanda üzvlərinin hər birində görmək istədiyi ən önəmli keyfiyyətlər də məhz bunlardır. Baxın, son 20 ildə Prezident Əliyev o şəxsləri cəzalandırıb, komandasından birdəfəlik silib atıb, qaldırıb yerə çırpıb ki, onlar münasibətlərdə dürüst və səmimi davranmayıblar, verilən göstərişlərə laqeyd, biganə yanaşıblar, etibardan sui-istifadə ediblər, yersiz iddialara düşüblər, başlarından və boylarından böyük işlərə qol qoyublar…

Yükü nə qədər ağır, məsuliyyəti və əziyyəti nə qədər çox olsa da, üzərinə haqsız basqılar nə qədər çox yönəldilsə də, Eyvazov heç vaxt gileylənməyib, şikayətlənməyib, bəhanə arayışına çıxmayıb və ona tapşırılanı, üzərinə düşəni ən yaxşı şəkildə icra etməyə çalışıb, heç vaxt da işini və uğurlarını gözə soxmağa, özünütəbliğə can atmayıb. Həmişə çalışıb ki, onun çiyinlərinə general poqonlarını taxaraq, addım-addım bu zirvəyə qaldıran əlin sahibinin – Prezident Əliyevin etimadını doğrultsun, etibarına və inamına zərrə qədər də ləkə salmasın…

Əliyev də onda məhz bu keyfiyyətləri görüb və həmişə qiymətləndirib: özü gücləndikcə, Eyvazovun da önünü açıb, onu gücləndirməkdən qətiyyən çəkinməyib. Çünki bilib və əmin olub ki, bu güc elə onun öz gücüdür!

… 2019-cu ilin 20 iyununda Prezident İlham Əliyev onu Daxili İşlər naziri təyin edəndə, bu təyinatın məqsədləriylə bağlı təhlilimdə Qədim Çin müdriklərinin məşhur kəlamını xatırlatmışdım: “Döyüş vaxtı ən iti qılınc ən cəsur əsgərə verilər”.

Bəli, bu, o dönəm idi ki, Əliyev torpaqlarımızı işğal etmiş əsas düşmənlə həlledici bir savaşa hazırlaşırdı və döyüş vaxtı arxadan xəyanətlə üzləşməsin deyə, dövlətin içərisində xarici güclərlə ciddi bağlantıları olan “oliqarx ittifaqı” və onun müxalifət düşərgəsindəki ayağı mütləq zərərsizləşdirilməli, ciddi təmizləmələr həyata keçirilməliydi. Məhz belə bir döyüş öncəsi Əliyev heç kimin gözləmədiyi halda, iki ən iti qılıncını eyni vaxtda iki ən etibarlı, sədaqətləri illərin sınağından çıxmış cəsur adamının belinə bağlamışdı ki, onlardan biri də özünün general edib özüylə bərabər hakimiyyət zirvələrinə yüksəltdiyi Eyvazov idi…

…İndi – aradan keçən bu 4 il ərzində ölkəmizdə baş verənləri, xüsusən də böhran situasiyaları sayılan pandemiya və Vətən Savaşı dönəmində yaşananları və bütün bu müddət ərzində nazir və hərbi komendant kimi şəxsən general Vilayət Eyvazovun, eləcə də bütövlükdə Daxili İşlər Nazirliyinin fəaliyyətini yada salanda, bir daha əmin oluruq ki, Əliyevin bu seçimi nə qədər uğurlu və yerində olub…

Rahatlıq və dinclik nə olduğunu bilməyən, gözəl övladlarının üzlərini doyunca görməyə, başlarına sığal çəkməyə vaxt tapmayan, doğum günü heç yadına düşməyən cənab Nazir, doğum gününüz mübarək!

Boyunuzu əksəriyyətimizdən uca edib Sizi fərqləndirən, seçdirən Allah o qürurlu başınızı da həmişə beləcə dövlətimiz, xalqımız, Prezidentimiz qarşısında uca etsin!

Yeni yaşınız Sizə və canınızdan artıq sevdiyiniz, 30 ilə yaxındır əyninizdə polis mundiri xidmət etdiyiniz Vətənimiz Azərbaycanımıza sayısız uğurlar, firavanlıq gətisin!

Ona nail olasınız ki, bu gün Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda keşik çəkən Azərbaycan Polisi tezliklə Xankəndidə uca və üçrəngli bayrağımız altında keşik çəksin, hər gün oradan Sizə məruzə etsinlər!

Sizi gözəl yurdumzun mərd övladlarının bir qrupunun adından 55 yaşınızın tamam olması münasibətiylə səmimiyyətlə təbrik edir, Sizə sağlam can və uzun ömür diləyirik!

…Batabatdan İlanlıdağa, Əlincəqalaya, oradan da Ağrıdağadək uzanan o müqəddəs məkanın sadə insanlarının duaları Sizinlədir!

“Qoşa beş”iniz – 55 yaşınız mübarək!

Elxan ŞÜKÜRLÜ

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button