Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Aprelin 14-ü Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə cinayətlərin və
qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və
açılmasının, prosessual araşdırmalar zamanı qanunçuluğa və uçot-qeydiyyat
intizamına riayət edilməsinin, ailə münaqişəsi zəminində törədilən
cinayətlərin profilaktikası sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş
Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov
bildirib ki, möhkəm təməllərə söykənən ictimai asayişin və təhlükəsizliyin
qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı
əlaqədə 2023-cü ilin I rübündə məqsədyönlü şəkildə davam etdirilib.
Ümumi cinayətlərin açılması 81,9 faiz təşkil edib və 80,3 faizi böyük
ictimai təhlükə törətməyən və az ağır növlər olub. Daxili İşlər Nazirliyi və
prokurorluq üzrə qeydə alınmış 9.448 cinayətin 83,5 faizi, o cümlədən keçmiş
illərdən bağlı qalmış 95 cinayət açılıb. Qəsdən adam öldürmələr, qəsdən
sağlamlığa ağır zərər vurmalar, mənzillərdən edilən oğurluqlar, mal-qara
oğurluqları, quldurluqlar, soyğunçuluqlar, xuliqanlıqlar, əvvəllər məhkum olunmuş
şəxslər tərəfindən törədilən və odlu silahın tətbiqi ilə baş verən hüquqazidd əməllər
2022-ci ilin 3 ayı ilə müqayisədə azalıb. Ağır və xüsusilə ağır cinayətlərin,
şəxsiyyət əleyhinə olanların, onlardan qəsdən adam öldürmə və ona cəhdlərin,
qəsdən sağlamlığa ağır zərər vurmaların, habelə quldurluqların açılması yaxşılaşıb.
İstintaq prosesində görülmüş tədbirlərlə cinayətlərdən zərər çəkmiş şəxslərə
vurulmuş maddi ziyanın 78,5 faizi ödətdirilib.
Həmçinin, yerli və dövlətlərarası axtarışda olan 1.572 təqsirləndirilən şəxs
tutulub, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərlə
170 cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və
daşıyan 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə
müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb. Müxtəlif kriminal əməllər
törətmiş 4 min nəfər məhkəmə məsuliyyətinə verilib.
2
Ölkədə keçirilmiş 183 respublika və beynəlxalq əhəmiyyətli kütləvi
tədbirdə, habelə işğaldan azad edilmiş ərazilərdə daxili işlər orqanlarının və Daxili
Qoşunların şəxsi heyəti hüquq qaydasının təmini vəzifələrini tam yerinə yetirib.
Kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə
1.258 vətəndaşın qəbulu həyata keçirilərək qaldırılan məsələlərin əksəriyyəti
yerində həll edilib, 23.042 vətəndaş müraciəti hərtərəfli və obyektiv araşdırılıb,
təşəbbüskarlar hüquqları izah edilməklə yazılı məlumatlandırılıb. Nazirliyin “102”
Xidmətinə və qaynar xətlərinə daxil olan, eləcə də sosial şəbəkələrdə yayımlanan
hər bir şikayətə çevik reaksiya verilib, insanların qanuni mənafelərinin, hüquq
və azadlıqlarının müdafiəsi ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi təmin
edilib.
Kollegiyada bayır xidmətinin fəaliyyətinin təşkili və vətəndaşların
narazılığını doğuran hüquqpozmaların qarşısının alınması üzrə verilmiş
tapşırıqların icrası barədə nazir müavini polis general-mayoru Oqtay
Kərimov, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilməsi
məsələsi ilə əlaqədar Polis Akademiyasının rəisi polis general-mayoru
Canpolad Daanov, gündəlikdəki məsələlərlə bağlı Baş Cinayət Axtarışı
İdarəsinin rəisi polis general-mayoru Arzu Daşdəmirov, Baş İstintaq və
Təhqiqat İdarəsinin rəisi polis general-mayoru Emil Usubov, Baş İctimai
Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Sərdar Səfərov
məruzə ediblər.
Müzakirə olunan məsələlər ətrafında bir sıra ərazi polis orqanlarının
rəisləri çıxış edərək görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və
çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə
çıxış ediblər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik V.Eyvazov
qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların cari
ilin birinci rübündə bütövlükdə layiqincə yerinə yetirildiyini, cinayətkarlığa
qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi
sahəsində əldə olunmuş müsbət nəticələrin inkişaf etdirildiyini, şəxsi heyətin
xidməti vəzifələrin icrasını böyük əzmlə həyata keçirdiyini, xüsusən
respublikada və onun paytaxtı Bakı şəhərində ağır və xüsusilə ağır
cinayətlərin açılmasında yüksək peşəkarlıq, qətiyyət və operativlik göstərmiş
Nazirliyin və ərazi polis qurumlarının 136 əməkdaşının mükafatlandırıldığını
diqqətə çatdırıb.
3
Eyni zamanda, hər bir şəxsin hüquq və azadlığının, qanuni mənafeyinin
etibarlı müdafiəsinin, bütövlükdə polisin səlahiyyətinə aid vəzifələrin peşəkarlıqla
yerinə yetirilməsinin və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyini
nəzərə çatdıraraq bu istiqamətlərdə fəaliyyətin səmərəliliyinin artırılması, ümumi
işə mənfi təsiri olan halların qarşısının alınması ilə bağlı vəzifələri müəyyən edib,
eləcə də tapşırıq və tövsiyələrini verib.
Nazir, general-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki,
daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da qanunvericiliklə
müəyyən edilmiş funksiyaları layiqincə həyata keçirəcək, ölkədə sabitliyin,
əmin-amanlığın davamlılığının təmin edilməsi üçün qüvvə və bacarığını
əsirgəməyəcəkdir.