DİN əməliyyat keçirib, 70 kiloqram narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatı zamanı 70 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN-dən Polise.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri son əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü – əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.
Onlardan ümumilikdə 70 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamfetamin, 3565 ədəd metadon, eləcə də preqabalin həbi, narkotiklərin onlayn satışında bilavasitə istifadə edilən bank kartları və tərəzilər aşkarlanıb.
Mütəşəkkil dəstənin üzvləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq qaçaqmalçılıq yolu ilə ölkəyə narkotiklərin gətirilməsini, qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını və əldə olunan gəlirlə əsasən gəncləri narkokuryerliyə cəlb etməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
polise.az