DİQQƏT: ABŞ və İran seçim qarşısında – Sabahkı görüş nəyi dəyişəcək?

Dünyanın siyasi mənzərəsi, Yaxın Şərqdəki gərginlik və güc mübarizələri  ilə hər an dəyişir. ABŞ və İran arasında davam edən nüvə danışıqları isə yalnız iki ölkə arasındakı bir gərginlik deyil, eyni zamanda qlobal güc balansının təyin olunduğu, strateji hesablaşmaların meydana çıxdığı siyasi arenadır. Bu dəfə Roma, diplomatik həllərdən çox, güc strateqiyalarının yer aldığı mühüm bir müzakirə mərkəzinə çevrilib. 19 aprel 2025-ci il tarixində keçiriləcək danışıqların fonunda isə yalnız diplomatiya deyil, həm də dünyanın gələcəkdəki siyasi mənzərəsini dəyişdirəcək qüvvələr mübarizə aparır.
Moderator.az-a danışan türkiyəli  ekspert İsmayıl Cingöz  bildirib ki, ABŞ prezidenti Barak Obama dövründə, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və  İran arasında nüvə proqramına dair razılaşma əldə edilmişdi. Bu razılaşma çərçivəsində İranın uranı zənginləşdirmə proqramı müəyyən plan daxilində məhdudlaşdırılmış və bu mövzuda qarşılıqlı razılıq təmin olunmuşdur:
“Lakin 2016-cı ildə Donald Tramp ABŞ prezidenti seçildikdən sonra bu razılaşmanı “ABŞ tarixindəki ən pis müqavilə” adlandıraraq, ölkəni birtərəfli qaydada bu nüvə sazişindən çıxarmışdı. Donald Tramp 2025-ci ilin yanvarında yenidən prezident vəzifəsinə başladıqdan sonra, İranla münasibətləri yenidən gündəmə gətirmək üçün İranın ali lideri Ayətullah Əli Xameneiyə məktub göndərmişdi. Lakin Xamenei birbaşa cavab vermək əvəzinə, Oman vasitəsilə dolayı cavab yollayaraq bu məsələnin üçüncü bir ölkə üzərindən müzakirə edilə biləcəyini bildirmişdi. Bu təşəbbüslər nəticəsində ABŞ və İran nümayəndə heyətləri arasında Oman Sultanlığında görüş keçirilməsi barədə qərar verildi və 12 aprel 2025-ci il tarixində bu görüş baş tutdu. Maraqlı məqam ondan ibarət idi ki, hər iki tərəf eyni vaxtda Omanda olsa da, görüş birbaşa deyil, mesajlaşma formatında baş tutdu və bu mesajların ötürülməsi Oman Xarici İşlər Nazirliyi heyəti tərəfindən həyata keçirildi. Görüşün sonunda hər iki tərəf danışıqları müsbət dəyərləndirdi və açıqladılar ki, 19 aprel 2025-ci ildə ABŞ və İran nümayəndələri arasında yenidən görüş keçiriləcək. Bu görüşdə İranın nüvə proqramı əsas müzakirə mövzusu olacaq və tərəflər İranın hüquqlarının qorunduğu bir razılaşmaya nail olunması üçün danışıqları davam etdirəcəklər. Əslində, bu vəziyyət daha çox prosesin uzadılması və “vaxt qazanmaq” strategiyası kimi görünür. Çünki ABŞ hazırda olduqca həssas və çətin bir dövrdən keçir. Xüsusilə də dövlət borcu baxımından ABŞ tarixinin bəlkə də ən ağır xarici borc yükü ilə qarşı-qarşıyadır – hazırda bu rəqəm 37 trilyon dollara çatır. Donald Trampın hazırkı “prosesin uzadılması” siyasətini bu kontekstdə anlamaq mümkündür. Digər tərəfdən, ABŞ, İsrailin təhlükəsizliyini təmin etmək və İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bir növ əngəlləmə siyasəti yürütməkdədir. Çünki İran ictimaiyyəti İsrailin təhlükəsizliyi mövzusunda çox həssasdır və bu da regiondakı siyasi gərginliyin mühüm səbəblərindən biridir. Bu səbəbdən, məsələyə təkcə ABŞ–İran müzakirəsi kimi yox, həm də ABŞ–İsrail–İran üçbucağında baxmaq lazımdır. Çünki əsas narahatlıq – acı da olsa – İranın nüvə silahına sahib olacağı təqdirdə, İsrailin texnoloji və hərbi üstünlüyünün sarsıla biləcəyi qorxusudur. Bu səbəbdən də məsələ təkcə İranın silahlanması ilə deyil, İsrailin bölgədəki hərbi strategiyası ilə də birbaşa əlaqəlidir”.
Ekspert qeyd edib ki, İran, ABŞ və İsrailin siyasi arenada rəqib kimi görünməsinə baxmayaraq, müxtəlif dövrlərdə bu üç ölkənin ortaq maraqlar əsasında əlaqə saxladıqları da nəzərə alınmalıdır. Bu yanaşma məsələnin daha obyektiv analiz edilməsinə imkan verir:
“İsrail öz təhlükəsizliyini təmin etmək və regiondakı qonşu ölkələrə qarşı hücumlarını, həmçinin torpaq genişləndirmə planlarını əsaslandırmaq üçün İranla əlaqəli olan “proksi qüvvələri” – Hizbullah, HƏMAS və Yəməndəki husiləri – ön plana çıxarır. Bu qrupların İsrailə qarşı fəaliyyəti İsrailin hərbi əməliyyatlarını legitimləşdirmək üçün istifadə edilir. Bu mənada, İsrailin İranı “əsas düşmən” kimi göstərməyə ehtiyacı olduğu da açıq şəkildə görünməkdədir. Unutmaq olmaz ki, bütün bu proseslərdə tərəflər ani dəyişikliklərə açıqdır və vəziyyət istənilən anda yeni istiqamətə yönələ bilər. Suriya və Yaxın Şərqin digər bölgələrində hərbi qüvvə saxlamaq və mövcudluğunu davam etdirmək üçün ABŞ və İsrail, İranı “təhlükə” olaraq göstərmək siyasətindən istifadə edir. Beləliklə, bu bölgələrdə yeni hərbi bazalar qurmaq, strateji mövqelər əldə etmək üçün İranın “düşmən obrazı” bir bəhanə rolunu oynayır. Digər tərəfdən, ABŞ və İsrailin İran daxilindəki siyasi sabitliyi sarsıtmaq və mövcud molla rejiminin dayaqlarını zəiflətmək cəhdləri də bu strategiyanın bir hissəsi kimi dəyərləndirilə bilər. Xüsusilə də İranın ətrafında yerləşən və ona yaxın olan etnik və dini qrupların gücləndirilməsi, bölgədəki demoqrafik strukturun dəyişdirilməsi planları ilə paralel şəkildə aparılır. Bu yanaşma İranın əleyhinə olan bir geosiyasi platformanın formalaşdırılması məqsədini daşıyır və İran–İsrail–ABŞ üçbucağında həyata keçirilən düşmənçilik siyasəti bu mənzərədə nəzərdən keçirilməlidir. Bu çərçivədə 2025-ci il 19 aprel tarixində keçirilməsi planlaşdırılan ikinci raund danışıqların əvvəlcə Oman Sultanlığında baş tutacağı açıqlanmışdı. Lakin son yayımlanan məlumatlara görə, danışıqlar İtaliyanın paytaxtı Roma şəhərinə köçürülüb. Bununla belə, danışıqlarda vasitəçi rolunu yenə Oman tərəfi oynayacaq. Bu məlumat həm İranın “Fars” xəbər agentliyi, həm də bəzi ABŞ media orqanları tərəfindən təsdiq olunmuşdur. 19 aprel 2025-ci il tarixində Romada baş tutacaq. Bu görüşdə  ABŞ-ı Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff   təmsil edəcəkdir. Onun verdiyi açıqlamaya əsasən, Tramp administrasiyası, Obamanın dövründə qəbul edilən və İranın  uran zənginləşdirməsinə icazə verən razılaşmanı qəbul edir. Lakin daha yüksək səviyyəli zənginləşdirmənin dayandırılmasının vacib olduğunu vurğulayıblar. Vitkovun bu bəyanatına cavab olaraq, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Arakçi də açıqlama verib. O bildirib ki, İran danışıqlara getməyə hazırdır, lakin uran zənginləşdirmə hüququ müzakirə mövzusu ola bilməz və bu məsələ İslam Respublikasının “qırmızı xətti” olaraq qalır. Nüvə məsələsində İran ilə ABŞ arasında müəyyən razılaşma niyyəti görünsə də, İran tərəfi uranı zənginləşdirməyə davam edəcəklərini və bu hüququ danışıqlarda müzakirə etməyəcəklərini açıq şəkildə bildirir. Beləliklə, əslində ABŞ-la razılaşma görüntüsü yaransa da, İran bu mövzuda geri addım atmaq niyyətində deyil. Oman Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunur ki, Romada baş tutacaq danışıqlar “ədalətli, bağlayıcı və ekoloji balanslı” bir anlaşmaya nail olmaq istiqamətində irəliləməlidir. Oman, bu prosesdə vasitəçi və danışıqları asanlaşdıran tərəf kimi iştirak edəcəyini də açıqlayıb”
Danışıqların niyə məhz niyə  Romada keçiriləcəyi sualına isə ekspert Romanın  neytral diplomatik zəmin kimi qəbul edildiyinə diqqət çəkib:
“Bura həm ABŞ, həm də İran üçün münasib diplomatik məkandır. Bu da tərəflərin daha az təzyiq altında, açıq danışa bilməsinə şərait yaradır. Digər mühüm məsələ isə İranla Çin arasında imzalanmış genişmiqyaslı enerji sazişləridir. Bu anlaşmaların da danışıqlar masasına gətiriləcəyi və ABŞ tərəfindən bu mövzunun İranla aparılacaq strateji bazarlıqda mühüm vasitəyə çevriləcəyi ehtimal olunur. Çünki Çin İrana böyük həcmdə enerji idxal edən əsas ölkələrdən biridir və İranın enerji sektorunda Çinə bu dərəcədə bağlı olması, Vaşinqtonun diqqətindən yayınmır. Bununla yanaşı, Çinlə İran arasındakı enerji əməkdaşlığı, ABŞ-Çin münasibətlərində yaşanan gərginlik fonunda daha strateji əhəmiyyət qazanır. Donald Trampın əvvəlki dövründən bu yana məqsədi İranın regional və beynəlxalq əlaqələrini məhdudlaşdırmaq, onu “çevrələmə siyasəti” ilə təcrid etmək olub. Bu məqsədlə İranın enerji əlaqələrinin də müzakirə predmetinə çevriləcəyi gözlənilir. Xüsusilə Basra Körfəzi bölgəsi həm Çin üçün enerji tədarükünün əsas qovşağıdır, həm də ABŞ-İran münasibətləri üçün strateji önəm daşıyır. İran və Çin arasında böyük həcmli neft və qaz müqavilələrinin olması ABŞ-ın bu regionda daha ciddi mövqe sərgiləməsinə səbəb olur. Bununla yanaşı, İranın son dövrlərdə Ermənistanla yaxınlaşması da diqqətçəkicidir. Bu münasibətlər, Ermənistanın Aİ ilə münasibətləri fonunda onun regiondakı mövqeyini dəyişə bilərmi sualını gündəmə gətirir. Eyni zamanda İranın Rusiya ilə yaxın əlaqələri və bu əlaqələrin Ukrayna müharibəsi fonunda daha da dərinləşməsi, İranın beynəlxalq siyasətdə yeni mövqe tutduğunu göstərir. Nəticə etibarilə, İran və ABŞ arasında aparılan danışıqlar artıq sadəcə nüvə proqramı ilə məhdudlaşmır. Bu danışıqlar Yaxın Şərqdən tutmuş Avrasiya və Avropa siyasətinə qədər çoxşaxəli və qlobal xarakter daşımağa başlamışdır. Artıq bu prosesə sadəcə ikitərəfli diplomatik görüşlər kimi baxmaq deyil, onu qlobal güc balansı və yeni dünya düzəninin bir parçası kimi analiz etmək daha doğru olar”.
Həmsöhbətimizin sözlərinə görə, keçiriləcək görüşmələrin, ehtimal ki, real nəticələrdən çox, prosesi uzatmaq və tərəflərəvaxt qazandırmaq məqsədi daşıdığı müşahidə olunur:
“Xüsusilə ABŞ-ın daxilində ciddi iqtisadi və siyasi problemlərin yaşandığı bir dövrdə bu danışıqlar administrasiyaya “vaxt qazanmaq” fürsəti verir. Bu baxımdan, qarşıdakı həftələrdə və ya daha irəliləyən zamanlarda üçüncü bir görüşün də keçirilməsi ehtimalı yüksək qiymətləndirilir. Digər bir önəmli sual isə ABŞ və İsrailin birgə şəkildə İrana hərbi müdaxilə edib-etməyəcəyi məsələsidir. Bu məsələ ABŞ mediasında da zaman-zaman ciddi şəkildə gündəmə gəlir. Lakin mövcud iqtisadi reallıqlar fonunda ABŞ-ın yaxın gələcəkdə belə bir genişmiqyaslı hərbi qarşıdurmaya girməsi real görünmür. Hazırda ABŞ iqtisadi cəhətdən ağır bir dövrdən keçir və daxili siyasətdə parçalanma və seçki gərginliyi dərinləşməkdədir. Belə bir şəraitdə ABŞ administrasiyası İranla birbaşa hərbi münaqişəyə girməkdə tərəddüd edəcəkdir. Çünki belə bir müharibə yalnız regionda deyil, bütün dünyada ciddi iqtisadi və siyasi fəsadlara səbəb ola bilər. Bütün bu faktlar göstərir ki, ABŞ və İran arasında baş verən diplomatik proseslərin məqsədi daha çox gərginliyi azaltmaq, beynəlxalq aləmdə “sülh və müzakirə tərəfdarı” görüntüsü yaratmaq və daxili auditoriyaya da müsbət mesajlar ötürməkdir. İran tərəfi də bu strategiyanı eyni şəkildə istifadə edir – prosesi uzadaraq zaman qazanmaq, eyni zamanda beynəlxalq ictimaiyyətdə təzyiqləri azaltmaq niyyətindədir. Bu yanaşma göstərir ki, İran–ABŞ münasibətləri hazırda daha çox geosiyasi oyunlar və strateji hesablama səviyyəsində davam edir. Tərəflər hərbi qarşıdurmadan qaçmağa çalışır, lakin danışıqları təzyiq və güc balansı alətinə çevirərək öz mövqelərini möhkəmləndirməyə çalışırlar”.
Mehin Mehmanqızı
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button