DOST Agentliyində Özbəkistan nümayəndə heyəti ilə görüş olub
Özbəkistan Respublikası Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin direktoru Mansurbek Olloyerovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Şəhidlər xiyabanı ziyarət olunaraq, qəhrəman Vətən övladlarının xatirəsi anılıb.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində nümayəndə heyəti ilə görüş olub.
Polise.az-a verilən məlumata görə, görüşdən əvvəl qonaqlar 1 saylı DOST Mərkəzi, burada əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Onlar üçün DOST konsepsiyasına, nazirliyin innovativ iş təcrübələrinə, elektron sistemlərinə dair təqdimatlar edilib.
Özbəkistan nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iki ölkə arasında qədim tarixə malik əlaqələrin olduğunu, dövlət başçılarının səyləri ilə bu əlaqələrin daim inkişaf edərək genişləndiyini, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Ötən dövrdə imzalanan əməkdaşlıq sənədlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyəti qeyd edilib. İki ölkə arasında əlaqələrin, qarşılıqlı faydalı əməkdaşlığın sosial sahəni də əhatə etdiyi bildirilib.
Nümayəndə heyətinə Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar barədə ətraflı məlumat verilib. Sosial sahədə innovativ həllərin geniş tətbiqi istiqamətində görülən işlər, DOST konsepsiyası, proaktiv xidmət mexanizmləri diqqətə çatdırılıb.
M.Olloyerov iki ölkənin ikitərəfli əlaqələrinin daim genişlənməkdə olduğunu və sosial əməkdaşlığın inkişaf etdirilməsinin, sosial islahatlar prosesində təcrübə mübadilələrinin əhəmiyyətini vurğulayıb.
Nümayəndə heyətinin üzvləri Agentliyin direktorunun birinci müavini xanım Şahnoza Mirziyoyeva və direktorun müavini Muxtorxon Taşxodjayev, həmçinin Özbəkistanın “Zamin” Fondunun icraiyyə komitəsinin rəhbəri Tamila Əliyeva da görüşdə iştirak edib.
Görüşdə sosial müdafiə, sosial xidmətlər, habelə bu sahələrdə innovativ həllərin, elektron texnologiyaların tətbiqi və s. üzrə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Qonaqlar səfər çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, burada sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişafı üçün yaradılan şəraitlə, aparılan işlərlə də tanış olublar.
Polise.az