Döyüşlər hər an başlaya bilər: bütün tərəflər hazırlıq görür, amma hələlik danışıqlar gedir
Suriyanın şimalında Türkiyənin PKK/YPG kürd terror qruplaşmalarına qarşı planlaşdırdığı yeni hərbi əməliyyatlar üçün bütün hazırlıqlar tamamlanıb. Türkiyə ordusu Suriyanın şimalına əlavə qüvvələr və çoxsaylı döyüş texnikası cəmləşdirib, eləcə də müxalif “Suriya Milli Ordusu”nun dəstələri döyüşə hazır vəziyyətdədir. Səhra komandirləri Ankaraya çağırılıb və hərbi əməliyyatların planı haqda təlimatlandırılıb, onlara hər an kürd yaraqlılarının mövqelərinə hücuma hazır olmaq əmri verilib. Amma bütün bunlar döyüşlərin tezliklə başlamasının qaçılmaz olduğu anlamına gəlmir, hələlik gərgin danışıqlar gedir və tərəflər sövdələşmə əldə etməyə çalışırlar.
virtualaz.org qeyd edir ki, Suriyanın şimalı ilə bağlı situasiyanı hazırda qısaca bu cür xarakterizə etmək olar. Son məlumatlara görə Suriya rejimi ölkənin kürd yaraqlılarının nəzarətində olan Rakka bölgəsinə əlavə hərbi qüvvələr yeridib. Bu, Türkiyənin mümkün hücumuna qarşı kürdlərə dəstək məqsədi güdür. Rusiya və ABŞ isə Ankara ilə gərgin danışıqlar aparırlar. Pentaqon öz qoşunlarının yerləşdiyi bölgə ətrafında patrulu gücləndirib, Rusiyanın Hava Kosmik Qüvvələri isə Suriyanın Hərbi Hava Qüvvələri ilə birgə təlimlər keçirir. (Xəbər verildiyi kimi, Rusiya Suriyanın şimalındakı Qamışlı aviabazasına yeni döyüş təyyarələri göndərib,-red.)
“Middle East Eye” nəşrinin mənbələri Türkiyə ilə Rusiya arasında danışıqların hələ davam etdiyini deyirlər. Belə ki, prezident Ərdoğan Rusiya ilə anlaşmasa hərbi əməliyyatlara başlamazdı. “Sonda bu, siyasi qərardır”, – mənbələrdən biri deyib.
Türkiyənin həmlə etməyi planlaşdırdığı və kürd yaraqlılarının yerləşdiyi ərazilər ya Rusiya ordusunun (Tel-Rifat, Kobani) , ya ABŞ hərbçilərinin (Fərat çayının şərq sahili) nəzarəti altındadır. İstənilən hücum Türkiyə ordusu ilə Rusiya və ABŞ hərbi bölmələri arasında birbaşa toqquşma riski yaradır. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərə bildirib ki, Türkiyə ordusunun hücumuna görə ABŞ əsgərləri zərər çəkə bilər və onların özlərini müdafiə etmək haqqı var. “Biz gözləyirik ki, onlar bu haqqı istifadə edəcəklər və öz borclarını lazımi qaydada yerinə yetirəcəklər”, – Kirbi deyib.
Lakin bəzi mənbələr deyirlər ki, Türkiyə ilə Rusiya Suriyaya dair hansısa anlaşma əldə ediblər. İddialara əsasən bu razılaşma Rusiya qüvvələrinin Kobanidəki iştirakını saxlayır, Ankara isə ətraf rayonları və strateji əhəmiyyətli M4 avtomagistralını nəzarət altına alacaq. Magistrala Rusiya-Türkiyə birgə patrulu nəzarət edəcək. Türkiyə Sarrindəki Rusiya bazasının təhlükəsizliyini təmin edəcək və müxalif yaraqlıları oradan geri çəkəcək, Rusiya isə YPG yaraqlılarının bir qədər cənuba çəkilməsini təmin edəcək. “Bloomberg” isə ötən həftə bildirmişdi ki, Türkiyə İdlibin bəzi kiçik ərazilərini Rusiyanın nəzarətinə verəcək və əvəzində kürdlərə qarşı yeni əməliyyata Rusiyanın dəstəyini qazanmağa çalışacaq.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın ötən gün jurnalistlərin Suriyanın şimalında yeni hərbi əməliyyatların nə zaman ola biləcəyinə dair suallarına cavab olaraq xatırladıb ki, bu əməliyyat qəfil başlaya bilər. “Prezidentimiz həmişə bununla bağlı deyir ki, bir gecə anidən gələ bilərik. Ehtiyaclar çərçivəsində bunun planlaşdırmasını Türkiyə Silahlı Qüvvələri və kəşfiyyatı hazırlayır. Biz onsuz da Suriyada varıq. Orada olmağımızın başlıca səbəbi isə sərhədlərimizin təhlükəsizliyini sərhədlərimizdən kənarda təmin etməyimizdir”,-Kalın bildirib.