DYP sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərinin başa çatması ilə bağlı paytaxtdan bölgələrə və əks istiqamətdə hərəkət yola çıxan sürücülərə müraciət edib.
Qurumdan APA-ya daxil olan müraciətdə deyilir:
“Yeni ilin ilk həftəsində bayram günlərinin həftə sonu qeyri-iş günləri ilə ardıcıllıq təşkil etməsi qarşıdakı günlərdə paytaxtdan bölgələrə və əks istiqamətdə hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağından xəbər verir. Təhlükəsizlik baxımından, eləcə də proqnozlaşdırılan sıxlığının yol hərəkəti iştirakçılarının bayram əhval-ruhiyyəsinə təsirsiz ötüşməsi üçün səfərə hazırlaşan sürücü və sərnişinlərin bəzi tövsiyələrə əməl etməsi vacibdir.
Səfərə hazırlaşan sürücülər ilk növbədə nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlamasını təmin etməlidirlər. Unutmaq olmaz ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi əməl etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək təhlükəsizlik üçün vacib şərtdir. Dəyərli sürücülər, yuxusuz, yorğun halda sükün arxasına əyləşməkdən çəkinin. Uzaq məsafə qət edərkən hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətli olsa da istirahət edin və nəqliyyat vasitənizin texniki vəziyyətinə diqqət yetirin. Bunun üçün respublika əhəmiyyətli avtomobil yollarında yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.
Sərnişinlərə isə mənzil başına təhlükəsiz çatmaları üçün qanunla üzərilərinə düşən vəzifələri yerinə yetirməyi, sürücünün diqqətini yayındıran hərəkətlərdən çəkinməyi, nəqliyyatı idarəetmə zamanı onların əhval-ruhiyyəsinin dəyişməsinə, yol verdikləri qayda pozuntularına biganə qalmamağı və qanunsuz sərnişindaşıma prosesinin iştirakçısı olmamağı tövsiyə edirik.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni ildə hər bir hərəkət iştirakçısına səadət və təhlükəsiz yol arzulayır”.