Elmar Məmmədyarov xalqdan üzr istəyəcəkmi?

Hazırda bütün diqqət Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribata yönəlsə də, Elmar Məmmədyarovun Xarici İşlər naziri vəzifəsindən çıxarılması da gündəmin əsas müzakirə mövzularındadır. 

16 il idi Xarici İşlər naziri postunu tutan Elmar Məmmədyarov dünən tutduğu vəzifədən azad edilib.

Bu, Prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin iclasında onun ünvanına sərt tənqidlər səsləndirməsindən 1 gün sonra baş verib. Ölkə başçısının Elmar Məmmdəyarovu tənqid atəşinə tutmasının səbəbinə gəlincə, məlum olub ki, o, Ermənistan-Azərbaycan sərhəddində şiddətli döyüşlər getdiyi bir vaxtda iş başında olmayıb. Hər halda Prezident iclasda qəzəli tonda “mən onu tapa bilmədim” deməklə Elmar Məmmədyarovun məsuliyyətsizliyini diqqətə çatdırıb. Keçmiş nazirin iş başında olmamasına “evdən işləyirəm” deməklə haqq qazandırmaq cəhdi isə ölkə başçısını daha da qəzəbləndirib. 

Elə həmin gün Elmar Məmmədyarovun tutduğu vəzifədən azad ediləcəyi barədə sosial şəbəkələrdə məlumatlar yayılmağa başladı. Bir gün sonra bu məlumatlar özünü doğrultdu.

Elmar Məmmədyarov uzun illər diplomatiya sahəsində çalşsa da, Xarici İşlər naziri kimi özünü doğrulda bilməyib. Onun ana dilində doğru-dürüst danışa bilməməsi həmişə gündəmə gətirlib. Elmar Məmmədyarov 16 il ərzində ictimaiyyət tərəfdən xırda hesab edilməyən bu nöqsanı nə düəzltməyə çalışıb, nə də uğurlu diplomatik fəaliyyəti ilə bu məsələnin gündəmdən çıxmasına nail olub. 

Keçmiş nazirin uğursuz fəaliyyəti barədə dəfələrlə yazılsa da, heç zaman bu ilin aprelindəki kimi sərt tənqidlərlə üzləşməmişdi. Bu dəfə artıq hakimiyyət düşərgəsinə yaxın deputatlar, ictimai-siyasi firuqlar da Elmar Məmmədyarovu hədəf almışdı. Bu sadəcə iddia edildiyi kimi hakimiyyət daxilindəki ziddiyyətlər əlaqəli deyidi. 

Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanındır, nida” bəyanatından sonra rəsmi Bakı Qarabağ məsələsilə bağlı hücum diplomatiyasına start vermişdi. Artıq səbr kasası daşan Azərbaycan rəhbərliyi bu mövzuda sərt ritorikadan istifadə edirdi. Nikol Paşinyan kimi avantürist liderin cəfəng bəyanatlarına məhz bu cür cavab verilməli idi. Prezident bütün tədbirlərdə, görüşlərdə, müşavirələrdə Qarabağ mövzusundan danışarkən hücumda olurdu. Elmar Məmmədyarov isə ölkənin birinci şəxsindən fərqli olaraq dişsiz bəyanatlar verməklə kifayətlənirdi ki, bu da qəbuledilməz idi. 

Aprel ayında onunla erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşdə Dağlıq Qarabağ mövzusunu müzakirə etməkdənsə, Ermənistanın sülh danışıqlarını pozmaq cəhdlərinə adekvat cavablandırmaqdansa, koronavirus pandemiyasından danışması son hədd oldu. Məhz bu olaydan sonra iqtidar düşərgəsindən də Elmar Məmmədayrovun ünvanına sərt tənqidlər səsləndirilməyə başlandı. Hətta Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı onu qorxaq adlandırdı. 

Ardınca Elmar Məmmədyarovun oğluna ABŞ-ın Nyu York şəhərində 4 milyon dollara mənzil alması, daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat artıq keçmiş nazirin vəzifəsinin öhdəsindən gələ bilməməsi əminliyini yaratmışdı. Təəssüf ki, Elmar Məmmədyarov bu nöqsanları qaldırmaq, itirilmiş etimadı var qüvvəsilə bərpa etmək əvəzinə daha ciddi səhvlərə yol verməkdə davam edirdi. Onun Ermənistan-Azərbaycan sərhəddində baş verən şiddətli döyüşlərə laqeyd münasibəti isə son hədd oldu. 

Maraqlıdır ki, Məmmədyarov hələ də bu barədə heç bir açıqlama ilə çıxış etməyib. Ən azı o özündə cəsarət tapıb ictimaiyyətdən üzrxahlıq etməli idi. Generalın, polkovnikin şəhid olduğu və buna görə bütün Azərbaycanın ayağa qalxdığı bir gündə Elmar Məmmədyarovun evinə çəkilməsi yalnız vəzifə səhlənkarlığı deyil. Keçmiş nazir bu davranışına görə həm də mənəvi məsuliyyət daşıyır. Bu baxımdan, onun publik şəkildə ölkə rəhbrəliyindən və Azərbaycan xalqından üzr istəmək borcu var. Elmar Məmədyarov isə hələ ki, susur…

Mənbə
yenisabah.az
Hamısını Göstər

Related Articles

Back to top button