“Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlanır” iddiası – kimin əli var?

“Caliber”in iddiasına görə cənub qonşu erməniyə altdan-altdan dəstəyi davam etdirir, məqsədi münaqişənin uzanmasıdır; Professor: “Suriya, Livan, Yəmənlə də bağlı dağınıq planlar olub, amma iflasa uğrayıb”

Ermənistanın 44 günlük müharibədə aldığı sarsıdıcı zərbə indiyə qədər canından çıxmayıb. Artıq müharibənin bir ilinin tamamı yaxınlaşır və erməni cəmiyyətində hökm sürən matəm ab-havası, psixoloji bədbinlik, gözləmədikləri nəticə və böyük məğlubiyyət ölkəni düşdüyü qaranlıqdan çıxara bilmir. Ermənilər anlamağa başlayırlar ki, bölgədə sülh içində yaşamaq lazımdır, yeni savaşın bədəli yeni ağır itkilər ola bilər. Onu da dərk etməkdədirlər ki, 90-cı illər deyil, nə Azərbaycan Ordusunun qüdrətinə müqavimət göstərmək gücünə malikdirlər, nə Rusiya öz müttəfiqini həmin dövrlərdə olduğu səviyyədə dəstəkləməz.

Odur ki, vaxtaşırı revanişst çağırışlara erməni cəmiyyətindən səs verilmir. Bununla belə, Ermənistanın Azərbaycanla konfliktinin uzanmasını arzulayan bəzi region ölkələri və beynəlxalq qüvvələrin olması da istisna deyil. “Yeni Müsavat” xəbər verir ki, bu mövzuda “Caliber” iddia ortaya qoyub. İddia ondan ibarətdir ki, İran Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlayır. Həmin mövzu ilə bağlı hazırlanmış videosüjet deməyə əsas verir ki, bir vaxtlar Rusiya Ermənistanı müharibəyə hazırlayırdı, indi isə İran bu pis ənənəni davam etdirir. Düzdür, Azərbaycanın İranla bir aydan çox davam edən gərginliyi səngiyib, rəsmi Tehran artıq Qarabağ ərazisinə qanunsuz yük daşımalarını qadağan edib, münasibətlər xeyli dərəcədə həlimləşib, lakin yenə də erməniyə baxışı dəyişməyib.

İran Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlayır” - Video Yeni Sabah

“Caliber”in süjetindən belə qənaət yaranır ki, Azərbaycan-Ermənistan münaqişəsinin davam etməsi İran tərəfinə sərfəlidir. Görünür, Tehranda bəzi siyasi dairələr düşünürlər ki, Ermənistanla davamız davam etsin, başımız bu konfliktdən açılmasın, əks halda, Qarabağdan sonra milli hədəfimiz Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsi ola bilər. Ancaq bu arqumentlərdə nə qədər həqiqət payı var? İran tərəfi Ermənistanı yeni müharibəyə hazırlayırmı? “Caliber”in hərbi-analitik layihəsinin yeni videosüjetində qeyd edilir ki, İran imperiyası çoxdan süqut etsə də, bu ölkə özünün xarici siyasətində keçmişdə istifadə etdiyi “qızıl diplomatiya”sını yürütməkdə davam edir.

“Caliber”in videosüjeti İran imperiyasının tarixdə həyata keçirdiyi hərbi və diplomatik ekspansiyasına və hazırkı klerikal hökumətin siyasətinə həsr edilib. Videotəhlildə qeyd olunur ki, İranın Cənubi Qafqaz və Azərbaycana münasibətdə mövqeyi İrəvanın maraqları ilə kəsişir. Xüsusən Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfərdən sonra regionda yaranan yeni geosiyasi situasiya Tehran və İrəvanı razı salmadığından bu tandem situasiyanı öz xeyrinə dəyişmək xətti yürüdür.

“Caliber”ə daxil olan informasiyaya əsasən, son günlər İran və Ermənistan arasında hərbi sahədə əməkdaşlıq daha da genişləndirilir, İrəvan öz hərbi sənaye kompleksini İranın vasitəsilə bərpa etməyə çalışır. Məhz bu səbəblərdən irəli gələrək İranın hərbi və siyasi dairələrinin İrəvana səfərlərində intensivlik müşahidə edilir. Bəs bu hərbi əməkdaşlığın inkişafı nə ilə nəticələnə bilər və hansı plana hesablanıb?

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" - MÜSAHİBƏ

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, bu məsələdə erməni xarakterini də nəzərə almaq lazımdır. Onun sözlərinə görə, həmçinin İrandakı rejimin mahiyyətini gözdən keçirmək vacibdir: “Bu rejim iki xalq arasında düşmənçiliyin qalmasını istəyir və əl altından gizli dəstək verir. Bu, İranın xarici siyasətində prioritetlərdən biri kimi qalmaqdadır. Ona görə Azərbaycanın xarici siyasətlə məşğul olan şəxsləri bunu bilməlidirlər”.

Q.Hüseynli bununla belə, hesab edir ki, Ermənistanı Azərbaycana qarşı qaldırmaq üçün kifayət qədər təbliğat resursları, böyük maliyyə sərf edilməlidir və bu proses uzun zaman tələb edir: “Azərbaycan da heç vaxt ehtiyatı əldən verməyəcək, İsraildən yeni silahlar alırıq. Ümumiyyətlə, İranın Suriya, Livan, Yəmənlə də bağlı dağınıq planları olub, amma iflasa uğrayıb. Dünyada inkişafın magistral yollarını görə bilməyən, geopolitik düşüncə tərzinə bələd olmayan İran siyasəti uğur qazanmayacaq”.

Ramiyə Məmmədova: “Əsas problemli məqam Rusiya ilə Türkiyənin yaxınlaşmasıdır”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, İran həmişə münaqişə ocaqlarını qalamaqla məşğuldur: “Onun Suriya, Livan və Yəmən fəaliyyətini gözardı etmək olmaz. Əlbəttə, deyilə bilər ki, həmin bölgələrdə başqa güclər də var və İran öz sərhədlərinə təhlükə yaxınlaşmasın deyə müharibəni ərəb ölkələrində saxlayır. Amma düşünmürəm ki, indi hədəf Ermənistanı Azərbaycana qarşı hazırlamaqdır. Tehran anladı ki, situasiya dəyişib, bölgədə nəqliyyat-kommunikasiyalar açılacaq, Zəngəzur dəhlizi Rusiya və Türkiyə üçün baş plandır, ona görə tərəflər yeni müharibə istəmir. Belə halda İran müharibəni necə körükləyə bilər?”

Təhlilçinin sözlərinə görə, İran Azərbaycan Ordusunun artıq gücünə də bələddir, Türkiyə, Pakistan kimi dəstəyinin olduğunu da görür, özü üçün başına bəla açmaq istəməz: “Sözsüz ki, Tehranla İrəvan arasında sıx əməkdaşlıq yenə davam edəcək, dəstəyi yarıaşkar, yarıgizli göstərəcəklər. Biz son hadisələrdən də gördük ki, İranın Türkiyə kimi davranacağını gözləmək əbəsdir. Ona görə necə deyərlər, qonşuluq siyasətini davam etdirməliyik, hansısa tərəfdaşlıqdan söhbət belə gedə bilməz”. Siyasi şərhçinin fikrincə, İran regionda yeni reallıqdan razı qalmayıb. Onun sözlərinə görə, Tehran yeni iqtisadi platformadan kənarda qalacağını güman edir: “Ona görə Ermənistanla hərbi əməkdaşlığı genişləndirir. Amma bu silahlandırma siyasəti heç də yeni savaşa rəvac verməyəcək. Bölgədə Rusiya əsas söz sahibidir və ermənilər də Paşinyanı seçkidə dəstəkləməklə qan istəmədiklərini göstərdilər. İran sadəcə, pay qoparmaq istəyir, Zəngəzur dəhlizi ilə bağlı narahatlığı var, Türkiyənin Cənubi Qafqaza gəlməsi onun ürəyincə deyil, ona görə indi Ermənistanla alternativ yol çəkilişini həyata keçirirlər. Yəni İranı qane edəcək iqtisadi platforma qurulsa, Tehran İrəvanla olan siyasətinə təzədən baxacaq. Əfsus ki, biz cənub qonşumuzun münasibətini dəyişə bilmirik”.

Hamısını Göstər

Related Articles

Back to top button