Ermənistan konstitusiyasında, qanunvericilik aktlarında dəyişikliklər etməsə sülh olmayacaq və blokada davam edəcək

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil. Dövlət başçısı vurğuladı ki, Ermənistan konstitusiyasını dəyişməli, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır. Əliyevin mesajını necə şərh etmək olar, Ermənistan dayanıqlı sülh üçün lazım olan bu addımı atacaqmı?

– Bu, Azərbaycanın mövqeyidir. Sülh müqaviləsinin tərkib hissəsi kimi Azərbaycanın tələblərindən biri budur. Azərbaycanın sülhlə bağlı Ermənistana təqdim etdiyi 5 baza prinsipi özündə məhz Ermənistanda konstitusiya dəyişikliyini də ehtiva edir. Bunlardan biri ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması və gələcəkdə ərazi iddiaları ilə çıxış etməməklə bağlıdır. Yəni Ermənistan öz konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən maddələri dəyişməlidir. Ermənistanın Müstəqillik Aktında Azərbaycana qarşı açıq ərazi iddiası yer alır. Həmin aktda Ermənistan SSR Ali Sovetinin 1989-cu il 1 dekabr tarixli “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında” qərarına istinad olunur. Həmin bədnam qərar SSRİ Ali Soveti tərəfindən ləğv edilmişdi və heç bir hüquqi əsas malik deyildi. Amma buna baxmayaraq, Ermənistan qəbul etdiyi Müstəqillik Aktında həmin ləğv edilmiş qərara istinad elədi. Üstəgəl, Ermənistan konstitusiyasında həmin akta istinad var.

Ermənistanın Müstəqillik Aktında Türkiyəyə qarşı da ərazi iddiası irəli sürülür. “Qərbi Ermənistan” adlandırdıqları Türkiyənin 6 vilayətinə iddia Ermənistan konstitusiyasında təsbit olunub. Ermənistanın Türkiyəyə qarşı “erməni soyqırımı” iddiası da var. Bunlar sülh prosesini pozur və 5 baza prinsipinin bəndələrindən birinə ziddir. Bu durumda heç kim zəmanət verə bilməz ki, Nikol Paşinyan hökuməti sülh müqaviləsini imzalasa belə, gələcəkdə Ermənistanda hakimiyyətə gələcək revanşist təfəkkürlü qüvvə konstitusiyaya istinad etməklə Azərbaycana qarşı ərazi iddiası irəli sürməyəcək.

Ermənistan konstitusiyasında bu ölkənin ərazisi Nikol Paşinyanın dediyi kimi 29.7 min kvadrat kilometr yox, “34 min kvadrat kilometr” olaraq əksini tapır. Buna görə də, Azərbaycan öz mövqeyində tamamilə haqlıdır və Ermənistan bunu etməlidir, başqa variantı yoxdur. Yəni prosesi bu qədər uzatmaq ona gətirib çıxardı ki, Azərbaycan Prezidenti bunu açıq mətnlə ifadə elədi.

– Bəs indi nə olacaq?

– Sıra Ermənistanındır. İrəvan və erməni cəmiyyəti bilməlidir ki, konstitusiya və digər qanunvericlik aktları dəyişmədən normal münasibətlər və sülh müqaviləsinin imzalanması mümkün deyil. Ermənistan digər qanunvericlik aktlarında da dəyişiklik etməlidir. 1992-ci ilin 12 iyulunda Ermənistan parlamentinin qəbul etdiyi bir qərar var. O qərarda deyilir ki, Ermənistanın heç bir vəzifəli şəxsi Qarabağı Azərbaycan ərazisi kimi tanıyan sənədə imza ata bilməz. Azərbaycana qarşı ərazi iddialarının yer aldığı bütün qanunvericlik aktları dəyişməyincə, bölgədə sülh ola bilməz.

Ermənistan cəmiyyəti də bilməlidir ki, revanşist təfəkkürdən əl çəkməyin vaxtı çoxdan çatıb, sülh istəyirlərsə, bu qərarı verməlidirlər. Ermənistan bunu etməsə, bu, Azərbaycana qarşı ərazi iddiaları və Ermənistanın təcriddə qalması demək olacaq. Zatən, Ermənistan özünün ağılsız siyasəti nəticəsində Azərbaycanın 30 ildir bölgədə həyata keçirdiyi beynəlxalq layihələrdən kənarda qalır. Lazımi qərarları verməsə, bundan sonra da qalmaqda davam edəcək.

Ermənistan son dövrlərdə bölgədə reallaşan enerji layihələrində iştirak etmək, bərpaolunan yaşıl enerjini Azərbaycan vasitəsilə Avropaya çatdırmaq istəyir. Söhbət iki il öncə Azərbaycan, Rumıniya, Macarıstan və Gürcüstanın imzaladığı, ölkəmizdə istehsal olunan yaşıl enerjinin Avropaya çatdırılmasını nəzərdə tutan layihədə iştirakdan gedir. İrəvan bilməlidir ki, konstitusiya və qeyd etdiyimiz qanunvericlik aktları dəyişməyincə, sülh və digər məsələlər mümkün olmayacaq, savaş durumu qalacaq, Ermənistanın blokadası davam edəcək və bundan sonra da həyata keçiriləcək iri layihələrdən kənarda qalacaq.

– Ermənistan Xarici İşlər Nazirliyi iddia edir ki, İrəvan sülh müqaviləsi üzrə işi bir ayın içində bitirməyə və imzalamağa hazırdır. Proses belə bir qısa müddətdə sürətlə finişə çata bilərmi?

– Başa çata bilər. Ümumiyyətlə, Ermənistanda bu tip açıqlamaları çox eşitmişik. Hətta Ermənistan baş naziri və digər rəsmi şəxslər bəyan etmişdilər ki, bəzi məsələlər həllini tapsa, hətta sülh müqaviləsi iki həftəyə imzalana bilər. İndi də eyni yanaşmanı görürəm. Qeyd edilən müddətdə sənəd hazır ola bilər, bu, Ermənistandan asılıdır. Ermənistan siyasi iradə göstərib daxili və xarici təsirlərə qarşı müqavimətini qoruya bilsə və prinsipial mövqe tutsa, o zaman mümkündür. Zatən, Azərbaycan sülhə çoxdan hazırdır. Azərbaycan sülh müqaviləsinə dair 5 baza prinsipini hələ 3 il əvvəl Ermənistana təqdim edib.

– İlham Əliyev söylədi ki, Avropa Birliyində ən azı üç ölkə Azərbaycana soyuq müharibə elan edib. Ölkə lideri həmin dövlətlərin anti-Azərbaycan qruplaşması yaratdıqlarını açıqladı. Söhbət hansı ölkələrdən gedir və onların məqsədləri nədir?

– Biri Fransadır, bu birmənalıdır. Əslində Avropa Birliyi daxilində Azərbaycana qarşı koalisiyanın formalaşdırılması təşəbbüsü Fransadan gəlmişdi. Ağla başqa ölkələr də gəlir, onların rəsmi şəxslərinin bəyanat və davranışları bizə bunları deməyə əsas verir. Məsələn, Fransanın ən yaxın müttəfiqləri kimi Hollandiya və Belçika bu məsələlərdə daha çox canfəşanlıq edirdi. Hətta ötən il Belçika xarici işlər naziri Bakı və İrəvanda olmuşdu, onun hollandiyalı həmkarı Ermənistana səfər eləmişdi. Hər iki ölənin xarici işlər nazirlərinin Azərbaycan əleyhinə nə dediklərini hələ də xatırlayırıq.

Azərbaycan Laçında Ermənistanda dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi yaradanda bəzi ölkələr bizə qarşı hədyanlar səsləndirmişdi. Hətta Lüksemburq hersoqunun guya təyyarə ilə Xocalı aeroportuna enəcəyi barədə məlumat yayılmışdı. Başqa sözlər, əsas ölkələr Fransa və adlarını çəkdiyim bu dövlətlər ola bilər. Mümkündür ki, başqaları da var. Məsələn, Lixtenşteyn. Lüksemburq və Lixtenşteyn cırtdan ölkələrdir. Həmçinin ötən il BMT Təhlükəsizlik Şurasının dinləmələrində Malta nümayəndəsi canfəşanlıq eləmişdi.

Keçən il İspaniya parlamentində aparılan müzakirələr də bizim üçün qəbuledilməz idi. Ərazisində bir neçə separatçı qurumun olduğu bir dövlətin separatizmi dəstəkləməsi anlaşılan deyildi. Azərbaycan Prezidenti bu səbəbdən “Avronyus”a müsahibəsində söyləmişdi ki, təxminən 7 milyon olan katalonlar öz müstəqil dövlətlərini qura bilmirlər, amma azsaylı Qarabağ ermənisinə buna görə dəstək verirlər. Bir sözlə, Fransa dəqiqdir, adlarını çəkdiklərim ölkələrin də mövqelərinə diqqət etdikdə, onları da bura aid etmək olar.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button