Ermənistan total iflasın astanasında

İyunda Ermənistanda keçirilən parlament seçkilərindən sonra çoxlarında belə ümid var idi ki, siyasi vəziyyət sabitləşəcək, ölkə iqtisadiyyatında pandemiya və 44 günlük müharibənin yaratdığı böhran səngiyəcək. Amma iqtisadi göstəricilər əks prosesin getdiyini üzə çıxarır.

Məsələ ilə bağlı “Kaspi” qəzeti məqalə hazırlayıb.

Məqalədə qeyd edilir ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına istinadən bu qənaətə gəlmək olar. Məsələn, həmin rəqəmlərdə qeyd olunur ki, iyul ayında illik inflyasiya 8,2 faiz təşkil edib. Bütün ərzaq məhsullarının çoxu bahalaşıb. İyul ayında ərzaq qiymətləri ilk dəfə olaraq əvvəlki ayla müqayisədə 4,9 faiz artaraq 13,9 faizlik ikirəqəmli səviyyəyə çatıb. Demək olar ki, bütün istehlak mallarının qiyməti qalxıb. Düyü 13,4, çörək 8,6, donuz əti 32,2, quş əti isə təxminən 24,3 faiz bahalaşıb. Ən yüksək artım yumurtanın qiymətlərində qeydə alınıb – 51 faizdən çox. Kartof və kərə yağı kimi vacib ərzaq məhsullarının qiymətləri təxminən 38,4 və 15,9 faiz artıb. Bu məhsullar istehlak səbətinin böyük hissəsini təşkil etdiyindən, qiymətlərin artması əhalinin həyat səviyyəsinə və rifahına əhəmiyyətli təsir göstərir. İyul ayında qiymət artımı inflyasiya proseslərinin sürətlənməsinin nəticəsidir. 2020 -ci ilin sonunda inflyasiya cəmi 1.23 idisə, iki ay sonra 5.3 faizə çatıb.

Ermənistanda ərzaq məhsullarının bahalaşması birbaşa müharibənin iqtisadi nəticələri ilə əlaqədardır. Azərbaycanın öz torpaqlarını azad etməsi Ermənistanın işğal etdiyi kənd təsərrüfatı ehtiyatlarına girişini bağladı.  44 günlük müharibədən sonra Ermənistan əvvəllər işğal olunmuş ərazilərdə 90 min hektar və ya əkin sahələrinin 90 faizdən çoxunu itirdi. Hər il bu torpaqlarda, təxminən 150 min tona yaxın müxtəlif taxıl məhsulları istehsal olunurdu ki, bunun da 66 faizi Ermənistana ixrac edilirdi. Bu da yerli tələbatın, təxminən 25 faizini təmin edirdi. Buna görə də, müharibədən sonra Ermənistan ərzaq qıtlığı ilə üzləşib və taxıl və digər kənd təsərrüfatı məhsullarının idxalını artırmaq məcburiyyətində qalıb.

İdxalın artması ilə yanaşı, 2021-ci ilin fevralından etibarən elektrik tariflərinin artması inflyasiyaya da təsir edib. İqtisadi böhranın başqa bir əlaməti, əhalinin kütləvi şəkildə xaricə mühacirət etməsidir – bu da Ermənistan üçün ənənəvi problemdir. 1990-cı illərin əvvəllərində, Qarabağ müharibəsindən sonra iqtisadi və siyasi qeyri-sabitlik səbəbindən Ermənistan ciddi miqrasiya böhranı ilə üzləşdi.

Eyni proses 44 günlük müharibədən sonra da başlayıb. Siyasi xaos və iqtisadi problemlər əhalinin axını prosesini sürətləndirib və rəsmi məlumatlara görə, 2021-ci ilin yanvar-mart aylarında 63.700 vətəndaş Ermənistanı tərk edib. Beləliklə, ilin ilk 5 ayında sərnişin axınının mənfi saldosu 90 minə yaxınlaşıb.

Bundan əlavə, Ermənistan hökuməti büdcə xərclərini ödəmək üçün dövlət borcunu rekord templərlə artırır. “Joğovurd” nəşri yazıb ki, son 1 ildə Ermənistan 1 milyard 370 milyon dollar borc toplayıb. İqtisadiyyatın vəziyyəti pisdir, borc da artır və bu, ağır yük olacaq. İyun ayının sonuna olan vəziyyətə əsasən, Ermənistanın dövlət borcu, təxminən 9 milyard dollara çatıb. Bu məbləğdən 1 milyard 370 milyonu yalnız son 1 ildə formalaşıb. Ermənistan, demək olar, 29 il ərzində 7 milyard 403 milyon dollar borc toplayıb, təkcə son 1 ildə isə bu hakimiyyət Nikol Paşinyanın başçılığı altında borcu 1 milyard 370 milyon dollar artırıb. Üstəlik, həm daxili, həm də xarici borc artır.

Müharibənin nəticələri ölkənin iqtisadi və sosial vəziyyətinə təsir göstərməkdə davam edir. Ermənistanın iqtisadi inkişafının yeganə yolu qonşuları ilə siyasi və iqtisadi münasibətləri normallaşdırmaqdır. Əks təqdirdə, böhran idarəolunmaz hala gələcək.

Hamısını Göstər

Related Articles

Back to top button
Close