“Ermənistan və Azərbaycan irimiqyaslı müharibəyə daha da yaxınlaşır” – Tofiq Zülfüqarov

“Elmar Məmmədyarovun getməsindən sonra danışıqların imitasiyası prosesi tam dağılıb”

İyulun 12-16-da Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi təxribatdan bir ay ötür. Amma bu müddətdə ATƏT-in Minsk Qrupunun hər hansı bir ciddi fəaliyyəti müşahidə edilməyib. Vasitəçilər həmişəki kimi, yalnız bəyanat səsləndirməklə məşğul olduğu halda, münaqişə tərəflərinin əsas döyüşə hazırlaşmasının əlamətləri müşahidə olunmaqdadır.

“AzPolitika.info” bu mövzuyla bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla söhbətləşib:

– Tofiq müəllim, Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi təxribatın başa çatmasından bir ay müddət keçir. Bu müddətdə baş verənləri və xüsusilə həmsədrlərin prosesə münasibətini necə qiymətləndirirsiniz?

– Tovuz hadisələrindən sonra yaranan yeni vəziyyət, daha doğrusu, siyasi tendensiya davam edir. Biz indiki mərhələdə bu hadisələrin ilkin yekunları barəsində danışa bilərik. Hərbi baxımdan biz görürük ki, burada toqquşmalar geniş miqyaslı olmayıb, ciddi mövqe dəyişiklikləri baş verməyib. Amma bunun hərbi-siyasi nəticələri çox ciddi olub. Birincisi, Ermənistan istənilən dəstəyi almayıb. Həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), həm də Rusiyadan. Hiss edilir ki, ermənilər vəziyyətin bu şəkil almasından narazıdır. Sözsüz ki, təbliğat naminə məlumatlar verilir ki, orada təyyarələr uçurdu və s. Amma təyyarələrin uçuşu və göndərilən silahlar ciddi qəbul edilməməlidir. Çünki təyyarə ilə gətirilən silahların miqdarı və təsiredici imkanları nisbidir. Bu baxımdan Ermənistan lazımi dəstək almadı. Ermənistandan fərqli olaraq, Azərbaycan ciddi hərbi-siyasi dəstək alıb. Biz görürük ki, Azərbaycanın mövqeyini dəstəkləyən bir sıra beynəlxalq təşkilatlar var. Ən əhəmiyyətlisi odur ki, Türkiyə tərəfindən verilən hərbi-siyasi dəstək güclü amil kimi özünü göstədi. Üstəlik, Azərbaycan və Türkiyə planlaşdırılan hərbi təlimlər keçirib. Naxçıvanda baş tutan təlimlərlə Türkiyə göstərmək istəyib ki, Moskva sazişi əsasında Azərbaycanın Naxçıvan hissəsinin təhlükəsizliyini təmin etməkdə israrlıdır. Eyni zamanda, təlimlərdə F-16 qırıcılarının istifadə olunması göstərir ki, Türkiyənin bu məsələ ilə bağlı qəti iradəsi mövcuddur.

Mən, xüsusilə F-16 qırıcılarının üzərində dayanmaq istərdim. Bu, heç də təzə təyyarə deyil, amma modernizasiyası səbəbindən “4+” kimi qiymətləndirilə bilər. Bu model təyyarələr zamanında İsrail tərəfindən Livanda istifadə olunub. Bu baxımdan F-16-lar təsirli silah hesab oluna bilər. Həm də bu cür silahın ABŞ-ın razılığı olmadan NATO sərhədlərindən kənarda istifadəsi mümkün deyil.

Digər tərəfdən, Türkiyənin bu cür çıxış etməsi istisna etmirəm ki, Rusiya ilə razılaşdırılan addımdır. Bilirik ki, Qarabağ mövzusunda Ankara-Moskva müzakirəsi təcrübəsi artıq bir neçə ildir mövcuddur. İndi cəsarətli addım atılaraq belə böyük hərbi təlimlərin keçirilməsi ola bilsin ki, hansısa razılaşmanın nəticəsində baş verir. İlkin nəticələr hər halda bu formada görünür.

Həmçinin, bu müddət ərzində biz gördük ki, vasitəçilərin bir institut kimi fəaliyyətinin iflası baş verib. Məsələn, Tovuz hadisələrinin üzərindən bir ay keçməsinə baxmayaraq, biz hər hansı bir təşəbbüs görmürük. Bir neçə ay əvvəl verdiyimiz “ermənilərlə üz-üzə dayanacağıq” kimi proqnoz artıq özünü doğrultdu. Ermənistan tərəfinin siyasətində hansısa dəyişikliklərin baş verəcəyinə inanmıram. İndiki erməni rəhbərliyinin siyasətdə əsas üslubu populizmdir. Bunun da nəticəsində görünən odur ki, Ermənistan və Azərbaycan irimiqyaslı müharibəyə daha da yaxınlaşır, bu proses dayanmadan gedir.

– Normalda həmsədrlər son bir ay ərzində təcili regiona səfər etməli, tərəflərlə görüşməli, hansısa təşəbbüslərlə çıxış etməli, gərginliyi müəyyən mənada yumşaltmağa çalışmalı idilər. Nədən bu baş vermədi?

– Hər hansı bir prosesin vasitəçiliyinin əsasında məntiq dayanmalıdır. Məntiq də ondan ibarətdir ki, deyiləsi söz yoxdur. Ermənistanın mövqeyini nəzərə alsaq görəcəyik ki, deyiləcək söz qalmayıb. Onların təkidləri atəşkəs rejimini gücləndirməkdir. Yaxşı, sən indiki vəziyyəti dondurursan, amma bu, problemlərin həlli deyil axı. Danışıqların başlanması üçün məntiqi əsas yoxdur. Rəsmi İrəvan deyir ki, işğal etdiyim torpaqlar Ermənistanın bir hissəsidir. Bu halda nə danışıqlar ola bilər? Artıq həmsədrlərin də deyəcək sözü yoxdur.

– Yəni vasitəçilərin səyi ilə tərəflər arasında siyasi təmasların bərpasını gözləməyə dəyməz?

– Siyasi təmaslar media vasitəsilə baş verir. Ermənistanın hökumət başçısı Paşinyan yeddi şərt irəli sürüb və bunları elan edib. Bizim Prezidentimiz də bir şərt irəli sürüb ki, torpaqları azad edin. Danışıqların bu modeli baş verib. Paşinyan yeddi şərt deyir, biz də bir şərt irəli sürürük. Bununla da söhbət qurtardı. Danışıqlarda “fokus” göstərilmir ki… Belə məntiqi çərçivənin içərisində hansı diplomatik bacarıq göstərə bilərsən? Torpaqlarımı azad et! İstəyirsən sənin 15 şərtin olsun. Faktiki danışıqlar bu şəkildə baş verib. Nəticədən belə çıxır ki, daha realı hərbi əməliyyatdır.

Məsələn, təlim zamanı hərbi təyyarələrin uçması döyüş teatrının öyrənilməsidir. Biz buna təlim deyirik, amma sadə məntiqlə hərbi təyyarələr öyrənir ki, döyüş zamanı hansı addımlar atılacaq. Buna hərbi əməliyyatların teatrı demək olar. Təbii ki, bu təyyarələr təmas xəttinə yaxın uçduqda ermənilər radiolokasiya sistemini işə salır, təyyarələrimiz də siqnalın haradan gəldiyini öyrənir, bunu necə məhv etməyin lazım olduğu haqda düşünülür. Demək olar ki, müharibə atəşsiz baş verir. Bizimkilər də, onlar da uçurlar. Ermənilərə ciddi şəkildə təzyiq və təsir göstərilir. Biz görürük ki, bunun qarşısında ruslar onlara yardım edəsi deyil. Düzdür, bizim təlimlərdən əvvəl onların təlimi olub. Amma orada təlimlərə cəmi bir neçə yüz adam cəlb edilib və onların da əksəriyyəti ermənilər olub. Ciddi təlimlər olmayıb. Sadəcə, bir alay səviyyəsində təlim keçiblər. Söhbət balaca birləşmədən gedir.

– Bəs, vasitəçilik missiyasında iştirak edən ABŞ və Fransanın mövqeyini necə qiymətləndirirsiniz?

– Onların da deyiləsi sözü yoxdur. Sən vasitəçisən və gəlmisən danışıqlara, üstəlik nəsə deməlisən. Paşinyanın yaratdığı çərçivədə danışıqlar baş verə bilməz. Vasitəçi bizə deyə bilməz ki, bu tələbləri qəbul edin. Onlar bunu demədən cavabın nə olacağını bilirlər. Ümid varmı ki, Ermənistan müharibəsiz öz mövqeyini dəyişsin? Biz görürük ki, belə ümid heç vasitəçilərdə də yoxdur. Siyasi proseslərin sadə məntiqi var. Hər iki tərəfdə maraqlar var. Vasitəçi, siyasətçi və ya diplomat olsun, bu maraqlar arasında təmas xətləri olmalıdır ki, nəticədə nəsə əldə edilsin. Amma biz vəziyyətə baxanda görürük ki, ortaq məxrəcə gəlmək üçün heç bir məsələ yoxdur. Həm də 1990-cı illərin əvvəli ilə müqayisədə vəziyyət əsaslı şəkildə dəyişib. Azərbaycan Ermənistandan hərbi-siyasi baxımdan qat-qat güclüdür. Üstəlik, Türkiyə Azərbaycanın yanındadır və qətiyyətlə elan edir ki, hərbi-siyasi dəstək verəcək. Rusiya təbii ki, Ermənistana dəstəkdən çəkinir. Ermənistan rəhbərliyi də sanki real vəziyyəti dərk etmək, Rusiyanı başa düşmək istəmir. Ermənilər diasporu işə cəlb ediblər və görüblər ki, heç bir nəticəsi olmayıb. ABŞ-da bir neçə ermənini tutublar və hazırda onların məhkəməsi gedir. Rusiyada onların qarşısını alıblar. Avropada da həmçinin. Hətta ermənilər gördü ki, Azərbaycan dövləti və diasporu onlara lazımı səviyyədə cavab verib. Onların əlində olan kartlar artıq bitib.

Bir sözlə, real danışıqlar çoxdandır ki, yoxdur. Elmar Məmmədyarovun getməsindən sonra artıq danışıqların imitasiyası prosesi tam dağılıb. Məmmədyarov imitasiya prosesində iştirak edirdi. Elə mənzərə yaradırdı ki, guya danışıqlar var və müharibə yolu ilə məsələləri həll etməyə ehtiyac yoxdur. İndi imitasiya aradan götürüldükdən sonra onu yenidən bərpa etmək mümkün deyil. Məntiq odur ki, Azərbaycan öz torpaqlarını azad etməkdə israrlıdır, bunun üçün iradəsi, imkanı, hərbi və beynəlxalq dəstəyi də var.

– Sizcə, müharibənin başlaması üçün hansı faktorlar çatmır?

– Müharibə aparmaq üçün çox şey lazımdır. Sözsüz ki, mən hərbi məsələlər haqqında danışa bilmərəm. Nəzərə alın ki, müharibə yalnız güllə atmaqdan ibarət deyil. Müharibənin təbliğati, gücün nümayiş etdirilməsi kimi tərəfləri var. Yuxarıda qeyd etdim ki, təyyarələr təmas xəttində uçur və s. Bu, həm də təzyiqdir.

Mən bir məqama da toxunmaq istərdim. Bir qədər təəccüb doğuran məsələ var. Guya Ermənistana silah köməkliyi edilir. Biz görmüşük ki, 2016-cı ilin aprel döyüşlərindən sonra da belə təcrübədən istifadə olunub. Guya ruslar Ermənistana “İsgəndər” kompleksi verib. Hiss edilir ki, real köməkdən daha çox təbliğati köməyə hesablanan addımlar atılır. İndi də deyirlər ki, təyyarə ilə silah gətiriblər və s. Fikrimcə, Rusiyadakı ermənipərəst qüvvələr belə addımlara əl atmaqla göstərmək istəyirlər ki, Rusiya Ermənistanın yanındadır. Hesab edirəm ki, bu istiqamətdə ciddi təhlillər aparılmalı, imkan verilməməlidir ki, ermənilər tərəfindən bizim ictimaiyyətimizdə Rusiya xofu yaradılsın. Tovuz hadisələri zamanı həmrəylik yürüşündən sonra Azərbaycan ictimaiyyətinin torpaqları işğaldan azad etmək iradəsi açıq və ciddi şəkildə nümayiş etdirilib. Bunun qarşısını almaq üçün müxtəlif üsullara əl atılır. İndiki mərhələdə bu üsullardan biri təbliğatdır və məqsəd Rusiya xofunu yaratmaqdır. Buna heç cür yol vermək olmaz.

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button
Close