Ermənistanı 44 günə çökdürən səbəblər – tanınmış rusiyalı ekspertdən maraqlı şərh

“Ermənistan Qarabağ müharibəsində bir sıra amillərə görə məğlub olmağa məhkum idi və o faktorların hamısı hərbi əməliyyatların başladığı 2020-ci il sentyabrın 27-dən çox-çox əvvəl mövcud idi”.

Musavat.com-un “Vestnik Kavkaza”ya istinadən verdiyi məlumata görə, bu barədə Moskva Dövlət Universitetinin Dünya Siyasəti Fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti, tanınmış politoloq Aleksey Fenenko İrəvanın Azərbaycan ərazilərini əbədi işğalda saxlamaq planının iflas olmasının səbəblərini təhlil edərək deyib.

“Döyüş meydanında birbaşa gördüklərimizdən bu qənaət hasil olur ki, Ermənistanın məğlubiyyətini bilavasitə Azərbaycanın hərbi sahədəki uğurları şərtləndirdi. O sırada söhbət uğurlu silahlanmadan, pilotsuz təyyarələr və piyadalar arasında effektiv qarşılıqlı əlaqənin təmin olunmasından, əməliyyatların yüksək koordinasiyasından, aydın strateji idarəetmə planının mövcudluğundan gedir. Eyni zamanda, Azərbaycanın faktiki Türkiyə ilə müttəfiqlik münasibətləri və Rusiya ilə pozitiv münasibətləri fonunda ABŞ və Fransadan eşidilən müxtəlif səslərə rəğmən, Qərbin ümumi bitərəfliyinə nail olması öz işini gördü”, – deyə politoloq qeyd edib.

2-5.jpg (22 KB)

Onun sözlərinə görə, Azərbaycan həm ordu quruculuğu, həm də xarici siyasət sahəsində əlaqələri gücləndirməklə məşğul ikən, Ermənistan Rusiya ilə münasibətləri davamlı olaraq korlamaqda idi: “Rusiya ilə fikir ayrılığı 2002-ci ildə – Ermənistanın NATO ölkələri ilə münasibətlər qurmağa, onlarla hərbi xarakterli proqramlar hazırlamağa başladığı zaman özünü göstərdi. Rusiyadan uzaqlaşma Paşinyan hakimiyyət dövründə sürətləndi, lakin bu proses daha erkən başlamışdı. Onsuz da Serj Sərkisyanın rəhbərliyi altında İrəvan Moskvaya qarşı sərt, qıcıqlı siyasət yürüdürdü. Xüsusən də söhbət Avropa Birliyi ilə imzalanan assosiasiya müqaviləsindən gedir. Məhdud şərtlərlə də olsa da, bu, Avrasiya İqtisadi Birliyinə zidd idi. Nikol Paşinyan dövründə isə KTMT-yə qarşı bir oyun getdi. Təşkilatın baş katibi cinayət işi üzrə həbs olundu. Ağılsızlığı təsəvvür edirsinizmi? Elə bil, Norveç NATO-nun baş katibi Jens Stoltenberqi həbs edir. Lakin Ermənistan buna getdi”.

44 günlük müharibənin Ermənistanın ağır məğlubiyyətinə gətirən səbəbləri barədə danışan ekspert daha sonra bildirib: “İrəvan Qərbdən kömək ediləcəyinə ümidlənərək Rusiyanı onun ayağına verdi və düşündü ki, Azərbaycan Ordusunun irəliləməsini dayandırmaq üçün Türkiyəyə Qərbin bircə diplomatik çağırışı kifayət edəcək. ABŞ və Fransadan Ermənistana hansısa vədlər verildi, lakin qarşılıqlı yardımla bağlı heç bir sənəd imzalanmadı, hər şey sadəcə, söz olaraq qaldı. Həmçinin Qərbdəki erməni diasporlarının İrəvanı qoruyacağı barədə miflər də köməyə gəlmədi”.

Politoloqa görə, Ermənistanın iflasına gətirən digər mühüm amil onun öz hərbi potensialı haqda həddən artıq yüksək fikirdə olması olub: “Erməni cəmiyyətində Ermənistan ordusunun 1992-1994-cü illərdəki müharibədə “möcüzələr göstərdiyi”, gücünə görə yalnız İsrail ordusu ilə müqayisə oluna biləcəyi və qalibiyyətli müharibəni təkrarən, təkbaşına qazanacağı barədə mif daim üstünlük təşkil edirdi. Bu mif üzündən Ermənistanın Rusiya ilə arası dəydi və əvəzində Qərbdə hər hansı müttəfiq əldə etmədi, həmçinin qoşunlarını yenidən silahlandırmadı, XXI əsrin şərtlərinə uyğunlaşmadı. Paşinyan rəhbərliyi hətta İranla mübahisə etməyi də bacardı. Nəticə etibarı ilə bütün bunlar Ermənistanı diplomatik təcridə apardı. Azərbaycan isə həm hərbi sahədə, həm də böyük siyasət sahəsində güclənirdi”.

Sonda Aleksey Fenenko məğlub olmasına baxmayaraq, Ermənistanın Qarabağa dair sazişin həyata keçirilmə müddətini mümkün qədər uzatmağa çalışacağı barədə xəbərdarlıq edib.

“Ermənistanın Qarabağdakı hərbi mövcudluğunu daha 5-7 il uzatmaq məqsədi ilə danışıqlara pəl vurmağa səy edəcəyini gözləmək lazımdır. Biz İrəvandakı nümayişlərə nəzərən bu cəmiyyətdə intiqam əhval-ruhiyyəsinin nə qədər güclü olduğunu görürük. Ölkədə vəziyyətin necə olacağı, Paşinyanın hakimiyyəti əldə saxlayıb-saxlamayacağı məlum deyil. Hadisələrin ən pis ssenari üzrə inkişafı da istisna deyil. Yəni çevriliş nəticəsində tamamilə anti-rusiyalı bir siyasətçinin hakimiyyətə gəlib, Rusiyanın öz bazasını Gümrüdən çıxarmalı, sülhməramlılarını yığışdırmalı olmasını bəyan etməsi mümkündür. Belə çağırışlar onsuz da eşidilir”, – deyə ekspert əlavə edib.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button