Ermənistanın ilk prezidenti: “Ermənistanın heç zaman normal dövlətə çevrilmək imkanı olmayacaq”
“Müxalifətin siyasi proseslərə cəlb olunması ilə bağlı təzyiqlərinin qarşısında ordunun təmkinli olduğunu bir daha qiymətləndirərək, eyni zamanda, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin istefasının hüquqi yolla mübahisə edilməsi məsələsində qərarını alqışlayıram”.
Bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan deyib.
Ter-Petrosyan bildirib: “Bunu da vurğulamaq istərdim ki, mövcud partlayış vəziyyətinin əsas və yeganə səbəbi ölkəni idarə etmək missiyasını tamamilə yerinə yetirməyən və xalqımızı alçaldıcı məğlubiyyətə uğradan bir insanın yeni və daha ağrılı təhdidlərlə dolu olan kreslosuna ağrılı bağlılığıdır.
Eyni zamanda, artıq neçənci dəfədir təkrar etmək istəyirəm ki, hakimiyyətin dəyişdirilməsi məsələsi müstəsna olaraq konstitusiya yolu ilə həll olunmalı və bunun üçün ilkin şərt iqtidar və müxalifət arasında dərhal bir kompromisə nail olmaq olmalıdır. Bunun üçün fürsətin tükəndiyini düşünmürəm, çünki sərt ritorikasına baxmayaraq, müxalifət hələ də qırmızı xətləri keçməyib. Konstitusiya yolundan kənara çıxması halında Ermənistan bir daha heç vaxt normal və layiqli bir dövlət olmaq fürsəti tapmayacaq. Odur ki, yaranmış vəziyyətdən çıxış, yalnız bir məqam yox, həm də perspektivlər məsələsidir”.