Ermənistanın təxribatı – bölgəyə üçüncü qüvvə gətirmək cəhdi – Şərh

Ermənistan hökuməti, revanşistləri və havadarları yenə erməni ictimaiyyətini aldatmağa çalışırlar. Onlar 44 günlük müharibədə aldıqları zərbənin təsirini azaltmaq, erməni ictimaiyyətinin başını qatmaq üçün Azərbaycanla sərhəddə atəşkəsi pozurlar. Bəs görəsən Ermənistan hakimiyyəti və havadarları niyə sərhəddə pozuculuq fəaliyyəti göstərir?

Deməli, torpaqların 30 il işğalı altında qalması Ermənistanda elə təəssürat yaratmışdı ki, həmin əraziləri Azərbaycan azad etməyəcək, yaxud buna gücü çatmayacaq. Rəsmi İrəvan, erməni lobbisi və havadarları işğal edilən Azərbaycan torpaqlarına dünyanın müxtəlif bölgələrindən, ölkələrindən erməniləri köçürdürlər. Həmin yerlərdə onlara məxsus olmayan təbii sərvətləri talan etməyə başladılar. Bununla da Ermənistan havadarları və sponsorları ilə birlikdə Azərbaycan torpaqlarını özününküləşdirmək istiqamətində çalışırdı. Beynəlxalq vasitəçilər isə rəsmi İrəvanın bu əməllərini görməzliyə vururdular. Azərbaycan tərəfinin ədalətli və haqlı tələblərinə məhəl qoymurdular. Ermənilər və havadarları Ermənistan ordusu və hərbçiləri barədə təbliğat aparır, onun yenilməzliyindən bəhs edirdilər. Belə təsəvvür yaratmağa çalışırdılar ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edərsə, yeni torpaq itkisi ilə üzləşəcək. Vəziyyət o həddə çatmışdı ki, 2020-ci ilin yayında Ermənistanın Baş naziri Nikol Paşinyan və keçmiş müdafiə naziri Azərbaycanı yeni torpaq itkisi ilə hədələmişdi. Onlar 1990-cı illərdə Azərbaycan torpaqlarını öz güclərinə işğal etdiklərini də zənn edirdilər. Ancaq bu da sirr deyil ki, həmin dövrdə Azərbaycan torpaqları Rusiyanın 366-cı motoatıcı alayı, onun hərbi texnikası sayəsində işğal olundu və s.

Hər halda Azərbaycan tərəfi torpaqları işğal atlında olan dövrdə Ermənistanın o vaxtkı təmas xəttində atəşkəsi pozmasına cavab verməklə döyüş qabiliyyəti ilə bağlı ismarıclar verib. Mübariz İbrahimovun təkbaşına döyüşü, 2016-cı ilin aprel hadisələri bunu təsdiqləyirdi. 44 günlük müharibə Ermənistan ordusu və onun barəsində yayılan, yaradılan mifi darmadağın etdi. Rəsmi İrəvan kapitulyasiya aktını imzaladı. Ötən 8 ay ərzində Ermənistan yeni ordu qurmaqda çətinlik çəkir. Bu ölkənin ordusu hələ də formalaşmayıb. Ermənistan Müdafiə Nazirliyində hərc-mərclik hökm sürür. Ermənistan hökuməti də ordusu kimi 8 aydır dağınıq və qeyri-müəyyən vəziyyətdədir. Odur ki, rəsmi İrəvan dövlət sərhədində gərginlik yaratmaqla ordusunun itirilmiş “gücü”nü və “qüruru”nu bu kimi təxribatlar yolu ilə bərpa etməyə çalışır. Ermənistan ordusunun mövcudluğu görüntüsünü yaratmağa cəhd göstərir. Nəzərə almaq lazımdır ki, iyul ayı ərzində sistematik şəkildə Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan, Laçın, Kəlbəcər, Tovuz, Gədəbəy istiqamətlərində mövqelərini intensiv şəkildə atəşə tutmaqla təxribatlar həyata keçirib.

Əslində, Ermənistan hakimiyyəti bu addımı ilə bölgəyə üçüncü qüvvəni cəlb etməyə səy göstərir. Onsuz da ötən illər ərzində Ermənistan ərazisini Rusiya qoruyub. Görünür, Rusiyanın Ermənistana yardımı azlıq etdiyindən, yaxud Moskvanı ölkədən sıxışdırıb çıxarmaq məqsədilə rəsmi İrəvan ölkəyə başqa qüvvələri yeritməyə çalışır. Qeyd edək ki, Ermənistan hakimiyyəti və siyasiləri 44 günlük müharibə zamanı üçüncü qüvvəni, ilk növbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını döyüşlərə cəlb etməyə çalışmışdı. Rəsmi İrəvan 10 noyabr bəyanatının üzərinə götürdüyü öhdəliklərinə əməl etməmək üçün də müxtəlif təxribatlar yaradır. Ermənistan Azərbaycanla sərhəddə təxribat yaratmaqla erməni ictimaiyyətinin diqqətini ölkədəki sosial böhrandan yayındırmağa da səy göstərir.

Xatırladaq ki, 2021-ci ilin yanvar-may ayları ərzində ölkədən hava yolu ilə 78 min nəfər gedib. Məlumata görə, İrəvandakı “Zvartnos” hava limanından 293 754 nəfər uçub, 232 518 sərnişin Ermənistana qayıdıb. Şirakdakı hava limanından isə hesabat dövründə 30 975 nəfər uçub, 14 209 nəfər qayıdıb. Quru yolu ilə Rusiyaya köç edənlər də var. Ancaq onların rəsmi statistikası hələ açıqlanmayıb. Məlumata əsasən, Ermənistan müstəqil olandan bəri, 30 il ərzində ölkədən 1,6 – 1,7 milyon nəfər imiqrasiya edib.

Beləliklə, rəsmi İrəvan sərhəddə təxribat törətməklə beynəlxalq ictimaiyyəti yenə aldatmağa, “yazıq”, “günahsız”, “həmişə əzilən” erməni xalqı obrazını yaratmağa çalışır. Təkcə onu demək kifayətdir ki, Ermənistan minalanmış torpaqların xəritəsini Azərbaycan tərəfə verəcəyini vəd edib. Ancaq o biri öhdəliklər kimi, rəsmi İrəvan buna da əməl etməyib. Atəşkəsi pozmaqla diqqəti bu məsələdən də yayındırmağa səy göstərir. Odur ki, Ermənistan-Azərbaycan sərhədində erməni hərbçiləri təxribat törətməkdədir.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close