Erməni diversantlar “sülh göyərçinləri” rolunda – Moskva iki xalqın barışığını istəyir?

Dekabrın 23-24-də Moskvada Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında görüş olub. Bu, 2-ci Qarabağ müharibəsindən sonra belə formatda ilk canlı təmasdır və ilk baxışda alqışlanmalıdır. Çünki Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə keçirilən görüşdə iki xalq arasında gərginliyi azaltmaq yönündə atılacaq addımlar müzakirə edilib.

Azərbaycanı görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı isə İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Hovhannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına teatrın direktoru Marianna Mxitaryan və teatrın rejissoru Harutyun Xaçatryan təmsil ediblər.

“BBC- Nyus”a görüş təəssüratlarından danışan Fərhad Bədəlbəyli danışıqların gərgin keçdiyini, lakin bu cür təmasların, iki xalq arasında barışığın zəruri olduğunu söyləyib. “Əvvəla, biz Ermənistanda olan abi-havanı hiss elədik, orda da bəzi qüvvələr, revanşistlər, daşnaklar var. Belə görüşlər gələcəkdə olacaq və əlbəttə, biz istəməzdik ki, müharibə yenə başlasın. Biz istərdik, bizim əsas problem budur ki, erməni cəmiyyəti Qarabağ məsələsinin artıq bitdiyini başa düşsün. İndi diqqət inteqrasiya məsələsinə verilməlidir. Əsas budur”, – Bədəlbəyli bildirib.

Ancaq erməni tərəfi əfsus ki, belə düşüncədə deyil. Heç ona yaxın mövqedə də deyil. Nə onun radikal-mötədil müxalifəti, nə də elə Moskva görüşünə qatılan ictimai xadimləri. Kapitulyant ölkədə Türkə nifrətin hələ də güclü olması bunun bariz təsdiqidir. Diqqətçəkicidir ki, Moskva görüşündə iştirak eləmiş erməni ziyalılarının heç biri yerli KİV-lərə açıqlamalarında azərbaycanlı həmkarlarından fərqli olaraq, iki xalq arasında barışığın vacibliyindən danışmayıb. Yəni heç onların özləri də “sülh göyərçinləri” sayılmaz…

Belədə sual yaranır: ictimai rəyi tanınmış ictimai xadimlər də sakitləşdirməyəcəksə, gerçəyi soyləməyəcəksə, kim söyləyəcək? O zaman erməni cəmiyyətində türkofobiya necə səngiyə bilər görəsən?

Düzdür, Moskva görüşündə Qarabağdan danışılmayıb. Ermənistandan olanlar daha çox onların leksikonu ilə desək, “hərbi əsirlər” məsələsini qaldırıblar. Hətta Armen Muradyan təklif edib ki, Bakıya erməni həkimlər qrupu və ya neytral ölkədən həkimlər göndərilsin ki, onlar “erməni əsirlərinin durumunun normal olduğuna əmin olsunlar”.

Bunlarin dərdinə bax. Sanki erməni diversantlar müharibə bitdikdən 2 həftə sonra (!) ərazimizə qətllər törətmək üçün deyil, istirahətə, kurorta, hətta “iki xalqı barışdırmaq üçün” keçibmişlər…

Təbii ki, heç bir həkimə-feldşerə ehtiyac yoxdur, Qırmızı Xaç nümayəndəsi kifayət edir. Hərçənd bu qurum daha çox hərbi əsirlərlə, yolunu azıb bu tərəfə keçən mülki şəxsləri nəzarətdə saxlayır, diversant-terrorçuları yox. Bu da aydındır ki, diversant “problemi” belə təmaslarla həll olunmur. Əsas Azərbaycan rəhbərliyinin verəcəyi qərardır.

Bəlli ki, erməni diversantlar konkret cinayət əməlinə görə həbs cəzaları alıblar və əsir yox, dustaq hesab edilirlər. Onları hüququ proseduralar baxımından sadəcə, açıb buraxmaq mümkünsüzdür. Bəlkə də hansısa qismi əfvə ümid eləsin. Ancaq onların əksəriyyəti bircə qərarla azad edilə də bilər, əgər iki ölkə arasında gerçəkdən, barışıq atmosferi bərqərar olsa. Yaxud Bakı əmin olsa ki, erməni tərəfi artıq daşları ətəyindən tökməyə başlayıb, cəfəng iddialardan imtina edib və Ermənistan ərazi bütövlüyümüzü qeyd-şərtsiz tanıyır.

Yoxsa ki, diversantların Bakı türmələrində cəza çəkən dəstəsini buraxsaq, davamı mütləq gələcək. Bu xüsusda düşünürük ki, erməni tərəfində sülh sazişi ilə bağlı pozitiv abı-hava yaranmayınca, İrəvan Azərbaycana qarşı ərazi iddiasına rəsmən son qoymayınca diversentların geri qaytarılmasının heç bir anlamı olmayacaq. Bakıdakı quldur-banditlərini geri alandan az sonra İrəvan Azərbaycana artıq başqa həyasız tələblər irəli sürəcək. Hansı tələblər? Onları təxminən hamı bilir.

Odur ki, əgər Moskva da səmimi şəkildə iki xalqın barışığında, aradakı ədavətin bitməsində maraqlıdırsa, o zaman belə görüşlər təşkil eləməkdənsə, Qarabağda erməni separatizminə dəstəyi dərhal dayandırsın, oradakı silahlı quldur dəstələrini tərksilah eləsin və Ermənistan rəhbərliyinə öz qonşularının ərazi bütövlüyünü tanımağın sülh və barışıq üçün yeganə xilas yolu olduğunu anlatsın.

Müxtəsəri, iki xalqı barışdırmaq istəyən Moskva bu barışığa elə özü mane olmasa, yetər. Siyasi iradəsi çatarmı?..

Hamısını Göstər

Related Articles

Back to top button