Erməni məmurlar başını götürüb qaçır – düşmən ölkədə xaos

Ermənistanın ədliyyə naziri də döyüşə getməkdən imtina edib; ekspertlər deyir ki, vəzifəlilər Paşinyanın qaçılmaz olan məğlubiyyətinin fərqindədir

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) məmurları son günlərdə bir-birinin ardınca vəzifələrini qoyub qaçırlar.

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları erməniləri başını götürüb qaçmağa məcbur edib. İşğal etdikləri ərazilərin geri qaytarılacağı ilə barışıb kreslosunu tərk edənlərin yerini düşmənlər əvəzləyə bilmirlər. Bir sözlə, heç kim Azərbaycan hərbiçisinin sərrast atəşinə tuş gəlib ölmək istəmir…

Ermənistanın ədliyyə naziri Rustan Badasyan isə açıq şəkildə Qarabağdakı döyüşlərdə iştirakdan imtina edib. Bildirib ki, cəbhəyə getməyi planlaşdırmır.

“Mənim belə bir planım yoxdur”, – deyə nazir jurnalistlərin ön cəbhəyə gedib-getməyəcəyi barədə sualına cavabında deyib.

Razi Nurullayev AXCP adından imtina etdi

Razi Nurullayev 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bu mövzuda danışarkən dedi ki, Dağlıq Qarabağdakı ermənilər, sadəcə, oradakı vəziyyəti, uduzduqlarını görür və canlarını götürüb qaçırlar: “Onlar üçün bu gün canlarını xilas etmək daha vacibdir, nəinki gedib döyüş meydanında ölmək. Artıq çox gözəl anlayırlar ki, Azərbaycan qələbə çalır, ordumuz hər bir canini cəzalandıracaq. Amma Ermənistanda olanların siyasi ambisiyaları var. Paşinyan məmur dəyişiklikləri etməklə, insanları ruhlandırıb onları Dağlıq Qarabağa ölməyə göndərməklə öz hakimiyyətini uzatmaq istəyir. Özünə məqbul olmayan, gələcəkdə ona problem yarada biləcək, şəxsinə asan olmayan suallar ünvanlayacaq adamları hakimiyyətdən uzaqlaşdırır. Onunla rahat dolana biləcək şəxsləri isə vəzifələrə təyin edir. Bu gün Paşinyan Dağlıq Qarabağda uduzduğunu çox gözəl bilir. İndi onun bütün çabaları özünün hakimiyyətini və kreslosunu saxlamaq üçün atdığı addımlardır. İstənilən halda düşünürəm ki, o, özünü xilas edə bilməyəcək. Amma bizim üçün Paşinyanın harada olub-olmaması önəmli deyil. Bizim üçün vacib olan Qarabağın azadlığıdır. Onu da mütləq şəkildə Azərbaycan Ordusu sonadək icra edəcək. Bununla bərabər, erməni cinayətkarların cəzalandırılması üçün Azərbaycan dövləti və hakimiyyəti əlindən gələni edəcək”.

Şəbnəm Həsənova - Publika.Az

Politoloq Şəbnəm Həsənova Paşinyanın məğlubiyyətinin fərqində olduğunu söylədi: “Hazırda Ermənistanda nəinki orduda, eyni zamanda daxildə, siyasi arenada çaxnaşmaların şahidiyik. Nəzərə alaq ki, orduda 543-cü alayın hərbi dəstələri kütləvi surətdə hərbi postu qoyub qaçırlar, ön cəbhədə əsgərlərin qaçmaması üçün arxada hərbi poqonlular əllərində silah dayanırlar, hərbiçiləri texnikalara zəncirləyirlər, bunlar çox sualların cavabıdır. Baş verənlər siyasi müstəvidə də özünü göstərməkdədir. Paşinyan nəinki orduya, öz iqtidar düşərgəsinə belə başçılıq etmək iqtidarında deyil. Son zamanlar erməni siyasi dairələrindən gələn açıqlamalar da bir-biri ilə uzlaşmır, yəni paralel şəkildə açıqlama vermirlər. Bunlar məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Paşinyanın nəinki orduda uduzması, eyni zamanda diplomatik masada, informasiya cəbhəsində eyni aqibəti yaşaması artıq onu dəstəkləyən insanları öz sıralarından uzaqlaşdırmağa vadar edir. Bir sözlə, Paşinyanın qaçılmaz olan məğlubiyyətinin fərqindədirlər. Bu səbəbdəndir ki, öz vəzifələrindən istefa vermiş, yaxud göndərilmiş insanların yerinə təyin etməyə adam tapılmır. Bu ondan xəbər verir ki, Paşinyan bütün dəstəyini itirib. Hətta öz siyasi dəstəkçiləri belə onu müdafiə etməyə çəkinirlər. Məğlubiyyət qaçılmazdır. Ermənistan daxilində vəziyyət çox acınacaqlıdır. Bütün bunlar Paşinyanı hakimiyyətdən uzaqlaşdırana qədər davam edəcək. Hesab edirəm ki, bu uzaqda deyil. Paşinyan qeyd edir ki, guya Dağlıq Qarabağda daha çox oradan olan insanlar döyüşür. Amma son günlərin faktları onu göstərir ki, Ermənistan ciddi şəkildə Dağlıq Qarabağdakı separatçıları silahlandırır, istər hərbi texnika, istərsə də kadr potensialı baxımından gücləndirir”.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button