Erməni politoloqun uzaqgörənliyi – Müsəllim Həsənov yazır

Bilirdinizmi ki, erməni politoloqu Jirayr Liparityan sentyabrın əvvəlində – müharibə başlamazdan 25 gün qabaq Ermənistanın bu gün düşəcəyi dəhşətli vəziyyəti dəqiq proqnozlaşdırıb?

***

Jirayr Liparityanın adı Azərbaycan oxucusuna tanış olmalıdır. Vaxtilə Levon Ter-Petrosyanın müşaviri olub. Qarabağ problemi ilə bağlı danışıqlarda fəal iştirak edib. O vaxt rəhmətlik Vəfa Quluzadə ilə tez-tez görüşləri olardı. Çünki Qarabağ problemi ilə bağlı yüksək səviyyəli görüşləri adətən onlar ikisi hazırlayırdı.

Bioqrafiyaya əlavə:

1945-ci ildə Beyrutda anadan olub.

1991-1994-cü illərdə Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri vəzifəsində çalışıb.
1993-cü ildən həm də Ermənistan xarici işlər nazirinin müavini postunu tutub.

1994-1997-ci illərdə Ermənistan prezidentinin baş məsləhətçisi, eyni zamanda, prezident yanında Təhlükəsizlik Şurasının katibi olub.

1997-ci ildə istefa verib və Amerikaya köçüb.

O vaxtdan ABŞ-dakı Miçiqan universitetinin professorudur. 

Dağlıq Qarabağ probleminin mahiyyətini yaxşı bilir. Çünki uzun illər bu problemin həlli ilə məşğul olub, bu mövzuda keçirilən beynəlxalq görüşlərdə və danışıqlarda yaxından iştirak edib.

Jirayr Liparityan bu il sentyabrın əvvəlində “aravot-ru.am” erməni nəşrində “Geriyə doğru böyük addım” adlı maraqlı bir məqalə dərc etdirib.

Məqalədə söhbət Ermənistan-Azərbaycan münaqişəsindən, Dağlıq Qarabağ probleminin həlli yollarından gedir.

Ermənistan cəmiyyətində müzakirələr barədə

J.Liparityan yazır:

“Adamlar var idi, deyirdilər ki, qarşılıqlı güzəştlər əsasında, özü də gecikmədən Qarabağ məsələsinə üstünlük verilməlidir. Deyirdilər ki, bu məsələ həllini tapmayınca qalan problemləri həll etmək mümkün olmayacaq. Bu məsələnin həllinin uzadılması BİZİM MÜSTƏQİLLİYİMİZİ (seçdirmə mənimdir – M.H.) təhlükə qarşısında qoyacaq, daha doğrusu, məsələnin bizim marağımıza uyğun həlli imkanlarını təhlükə qarşısında qoyacaq.

Həmçinin, adamlar var idi, təsdiq edirdilər ki, Qarabağ məsələsinin təcili həll edilməsinə ehtiyac yoxdur. Biz bu məsələni kifayət qədər uzada bilərik. Guya bu müddəti güclü dövlət yaratmaq və bizim maksimal tələblərimizə nail olmaq üçün istifadə edirik. Hələ vaxtımız var, əvvəlcə digər məsələləri həll edək…
Hətta məsələnin artıq həll olunduğunu söyləyən adamlar da var idi.

Elə adamlar da var idi ki, deyirdilər müharibə qaçılmazdır, amma bizim ordunun əsgərlərinin igidliyi və vətənpərvərliyi qələbə qazanmaq üçün kifayət deyil. Ona görə də “permanent müharibə” variantını gələcək kimi qəbul etmək təhlükəlidir.

Elə adamlar da var idi ki, hətta bu variantı da yaxın qoymurudlar. Bu, o adamlar idi ki, “iyulda biz düşməni geri oturtduq” deyib sevinirdilər, düşünürdülər ki, həmişə belə olacaq.

Bu barədə kifayətdir”.

“İyulda biz düşməni geri oturtduq” deyərkən J.Liparityan bu ilin iyulunda Tovuz rayonu istiqamətində gedən döyüşləri nəzərdə tutur…

“…Bizim çiçəklənən iqtisadi inkişafı təmin etmək cəhdlərimiz iflasa məhkumdur”

Liparityan sonra yazır:

“Cəmi on gün əvvəl Ermənistanda məxməri inqilabın qiymətləndirilməsinə həsr edilmiş vebinarın sonunda mən dedim ki, Qarabağ problemini həll etmədən bizim demokratiyaya çatmaq, hüquqi dövlət qurmaq və çiçəklənən iqtisadi inkişafı təmin etmək cəhdlərimiz iflasa məhkumdur.

İndi 2020-ci ilin sentyabrının əvvəllərində biz hardayıq? Mənim fikrimcə, Qarabağ probleminin tənzimlənməsinə bizim töhfəmiz son hadisələrlə əlaqədar bir pillə, daha bir mühüm pillə aşağı düşüb. Nə baş verib? Nəyə əsasən bu bəyanatı veririk?

Bir neçə səbəbi var…”

Bundan sonra Liparityan həmin səbəbləri izah edir.

Amma biz burda bir balaca nəfəs dərməliyik.

Bu məqalə sentyabrın əvvəlində, daha doğrusu, sentyabrın 2-də dərc olunub.

Və cənab Liparityan sual edir:
 
“Sentyabrın əvvəllərində biz hardayıq?”

O, yəqin yaxın vaxtlarda daha bir məqalə yazacaq və sual edəcək: Oktyabrın axırlarında biz hardayıq?
Bu, sonra baş verəcək…

Hələlik isə J.Liparityanın Ermənistanın bir pillə aşağı düşməsinin səbəbləri barədə dediklərinə diqqət yetirək.

J.Liparityan məqaləsində Ermənistanın Qarabağ məsələsində niyə bir mühüm pillə aşağı düşdüyünü belə izah edir. Punktlarla…

“A. İyulda Azərbaycan döyüş meydanında uğur qazanmadı, amma bunu nəhəng diplomatik uğura çevirə bildi. Türkiyəninin özünü tamamilə bu problemə cəlb etmək üçün inandıra bildi ki, bu, həm də Türkiyənin məğlubiyyətidir”.

Xatırladım ki, məqalə indiki müharibə başlamazdan 25 gün əvvəl dərc edilib.

J.Liparityan davam edir:

“B. Ötən ay Ermənistan Sevr müqaviləsini  (1920-ci idə Antanta ölkələri ilə Osmanlı imperiyası arasında imzlanmış müqavilə nəzərdə tutulur – M.H.) özünün xarici siyasətinin mühüm hissəsinə çevirdi. Türkiyənin qənaətinə görə, hətta bu siyasətin ən mühüm hissəsinə. Mən bilmirəm, bizim rəhbərlər bunu bilə-bilə etdilər, yoxsa yox. Bu mənada bizim prezidentin və baş nazirin bəyanatları ən azı Türkiyəyə qarşı diplomatik müharibə elan etməyə bərabər idi. O Türkiyəyə qarşı ki, bu gün Ərdoğan kimi təhlükəli lideri var”. 

Sevr müqaviləsi nədir və ermənilər bu müqaviləni niyə sevirlər?

Burda haşiyə çıxıb Sevr müqaviləsi barədə bir neçə kəlmə deməyə ehtiyac var:

1920-ci ilin avqustunda Antanta ölkələri ilə Osmanlı imperiyası arasında imzalanmış Sevr müqaviləsi 1923-cü ildə Lozanna sülh müqaviləsinin imzalanmasından sonra öz hüquqi qüvvəsini itirib.

Amma bu ilin avqustunda bu müqavilənin imzalanmasının 100 illiyi ilə əlaqədar Ermənistanda qeyri-adi ajiotaj başlanıb. Ermənistanın prezidenti və baş naziri, digər yüksək rütbəli məmurları Sevr müqaviləsinin “dirçəldilməsi”ni gündəliyə gətirib, bununla da tarixin təkərini geri döndərməyə cəhd göstəriblər.

Çünki Sevr müqaviləsinə görə, Türkiyə 50 mindən çox ordu saxlaya bilməzdi. Eyni zamanda, həmin müqavilədə Ermənistanın Türkiyəyə qarşı torpaq iddiaları əks olunmuşdu və s. və i.a.

Təkrar edirik ki, 1923-cü ildə Lozanna müqaviləsinin imzalanması ilə Sevr müqaviləsi hüquqi qüvvəsini itirmiş və tarixin arxivinə verilmişdi. Aradan 100 il keçəndən sonra Ermənistan rəhbərliyinin bu müqaviləyə “sevgi”si beynəlxalq aləmdə izsiz qala bilməzdi.

Ona görə də ermənilərin bu müqaviləni indi aktuallaşdırmasından narahat olan Liparityan yazır:

“Ermənistan Sevr müqaviləsini dövlət siyasəti elan etməklə torpaqlar haqqında tələbləri gündəlik məsələyə çevirdi. Çox güman ki, bu, bizim düşmənlərimizin və beynəlxalq birliyin gözündə Qarabağ məsələsinin ərazi ekspansiyası kimi təqdim olunmasına imkan verən axırıncı addım idi. Bununla da Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququna dair bizim əsas kimi götürdüyümüz yanaşma kənara atıldı.    
Bir çox erməninin “erməni məsələsinin həlli” saydığı məsələ, elə həmin dünya birliyi üçün, ən azı, absurd sayılır. Bəlkə bizim qarşımızda duran real problemlərin  həllinə mane olmamaq üçün daxili auditoriyaya hesablanmış sözlərə və hərəkətlərə son qoyaq?”

Türkiyə-Rusiya münasibətləri və günün reallıqları

Bir daha yada salaq ki, Liparityan məqaləni indiki müharibədən əvvəl yazıb və bugünkü uçurumu hiss etdiyindən öz ölkəsinin rəhbərliyini dayandırmağa çalışıb. Amma ona qulaq asan olmayıb…

Nəticə göz qabağındadır…

J.Liparityan məqaləsində erməni siyasətinin uğursuzluğuna dair növbəti səbəbi göstərir. Qeyd edir ki, Sevr müqaviləsi söhbətindən sonra Türkiyə müdafiə naziri bəyanat verdi ki, Türkiyə Ermənistan – Azərbaycan münaqişəsində tərəfdir. Bununla da problemdə artıq rəsmi qaydada Ermənistan və Artsaxa (təbii ki, Dağlıq Qarabağ – M.H.) qarşı tərəf Azərbaycan və Türkiyə oldu.

O, fikrini əsaslandırmaq üçün Türkiyənin Azərbaycana göstərəcəyi dəstəyi xatırladır. Və bu bəyanatın xarici işlər naziri tərəfindən yox, müdafiə naziri tərəfindən verildiyinə xüsusi diqqət çəkir.

Və əlavə edir:
 
“Bu, hələ başlanğıcdır”.

J.Liparityan “hələ başlanğıc” saydığı vaxt müharibə başlamamışdı…

O, sonra sual verir: “Belə vəziyyətdə Ermənistan neyləməlidir? İnsanlar, dövlət başçıları hay-küy qaldıra bilərlər ki, Türkiyə pisdir, türklər pisdir…

Amma bütün bunlar vəziyyəti dəyişməyəcək.

Politoloq vurğulayır ki, biz indən sonra neyləsək də, Azərbaycanla yanaşı, Türkiyə ilə də qarşıdurma ehtimalı qaçılmazdır”.

Erməni olanda nə olar?

Müharibə başlamazdan əvvəl dəqiq proqnoz verib də!

J.Liparityan hələ sentyabrın 2-də Türkiyənin fəallaşması fonunda Rusiyanın müdaxiləsini gözləyənlərə də cavab verib:

“Bu adamlar unudurlar ki, həmin müqavilə (KTMT – M.H.) və bu tipli müqavilələr anoloji hallarda əvvəlcə məsləhətləşmələri nəzərdə tutur. Türkiyə Ermənistana hücum eləsə, Rusiya avtomatik Türkiyəyə qarşı müharibəyə girişməyəcək”.

Politoloqun fikrincə, belə olduğu halda Moskva Ermənistan tərəfdən çoxdan Yerevandan gözlədiyi güzəşti yenidən tələb edəcək.

“Ermənistan Moskvanın bu tələblərinə qarşı çıxa biləcəkmi?” – Bu da Liparityanın sualıdır.
Politoloq Türkiyə-Rusiya münasibətlərinə toxunaraq ötən əsrin 20-ci illərini xatırladır:

“Deyəsən, biz birinci respublikanı necə itirdiyimizi unutmuşuq. O vaxt Rusiya-Türkiyə əməkdaşlığı var idi. Həm də Sevr müqaviləsi məsələsi onda da aktual idi…”

“O vaxt biz mümkün olanı götürmək əvəzinə, xəyallara qapıldıq və imkanların bir hissəsini itirdik” – bunu da Liparityan deyir.

Sonda politoloq bir daha Sevr müqaviləsinin gündəmə gətirilməsindən sonra qonşularla problem yaradıldığını xatırladır.

Fikrini belə davam etdirir: görünür, bizim ölkəmizdə geniş yayılmış tələbetmə praktikası ona gətirib çıxarır ki, səhvlər seriyasını davam etdiririk. Həqiqətən də bizim xalq üçün nəyi demək və eləmək olar, nəyi isə demək və eləmək olmaz barədə fikirləşmirik, dövlətçiliyimizi qorumaq naminə!

Politoloq qeydlərini belə yekunlkaşdırır ki, təki mən səhv düşünüm:

“Lakin vaxt keçdikcə mən daha çox əmin oluram ki, son onilliklərdə bir neçə dəfə təkrar etdiyim ssenari getdikcə daha dəqiq görünür”.

Liparityanın bu məqaləsi dərc ediləndə sentyabrın 27-nə cəmi 25 gün qalırdı…

Onun güman etdiyi ssenari bu gün ortadadır…

Mənbə
525.az
Hamısını Göstər

Related Articles

Back to top button