Erməni pullarının izi ilə – Avropa Parlamentində korrupsiya qalmaqalı davam edir

Brüsseldə Avropa İttifaqına üzv olan 27 ölkənin maraqları üçün işləyən transmilli lobbi – QHT əməkdaşlığı sxemi mövcuddur. Belçikanın Federal Prokurorluğu bu sxemdə korrupsiyalaşma izlərini aşkar edib. Məsələ rəsmi qurumların narahatlığına səbəb olub, problemi həll etməyə çalışırlar. Avropa Parlamentində (AP) aşkarlanan korrupsiya maxinasiyaları ilə əlaqədar istefalar baş verib, həbslər aparılıb. Avropa Parlamentinin sədr müavini Eva Keyli və daha 4 nəfər Brüssel polisi tərəfindən saxlanılıb. “Euronews” qeyd edir ki, lobbi qruplar üzərində yaranan rüşvət qalmaqalı 4 nəfəri əhatə etmir: “Başladılmış istintaq prosesi əlavə 15 deputatın – AP üzvünün həbs ilə nəticələnə bilər”Həbsi gözlənilən 15 nəfər lobbiçilik işinin aktiv iştirakçılarıdır. 

Bütün nəzərlərin korrupsiya maxinasiyalarına yönəlməsindən narahatlıq keçirən lobbi qrupları informasiya gündəmini dəyişmək üçün təşəbbüs göstərirlər. Avropa Parlamentində digər mübahisəli mövzuların müzakirəsini təşkil etməklə, diqqəti “lobbi qruplarının korrupsiyalaşması” üzərindən yayındırmağa çalışırlar. Erməni lobbi qrupları da bu kontekstdə xüsusi fəallıq göstərirlər. Natali Luazonun koordinatorluğu ilə Avropa Parlamentinin 30-a yaxın deputatı “Dağlıq Qarabağdakı vəziyyət”lə bağlı müzakirələr keçirmək təşəbbüsünü irəli sürüb. Bu məqsədlə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Aİ diplomatiyasının rəhbəri Jozep Borrelə müraciət ünvanlayıblar

Müraciəti imzalayanlar AP-dəki Ermənistanla dostluq qrupunun üzvləridirlər. Oların bu təşəbbüsü təkcə AP-də informasiya gündəmini dəyişmək marağından yaranmır. Məsələ ondadır ki, Belçika prokurorluğunun həbs etdiyi sədr müavini Eva Keyli həm də Avropa Parlamentindəki Ermənistanla dostluq qrupunun üzvüdür. Bu qrup uzun müddət “çirkli pulların yuyulmasında” adı keçən erməni əsilli milyarderlər tərəfindən maliyyələşdirilib. Avropa Parlamentində erməni dostlarını yemləməyin xüsusi mexanizmi yaradılıb.

Qarabağın qızıl mədənlərini talayan Vartan Sirmakes Avropa Parlamenti üzvlərinin “dostları” sırasındadır 

Rəsmi Bakı erməni əsilli İsveçrə vətəndaşı Vartan Sirmakesin saxlanılması üçün Interpola müraciət edib. Sirmakes İsveçrədə saat şirkəti olan “Franck Muller Group”un baş direktorudur. Paralel olaraq, “Armswissbank”ın, həmçinin Qarabağdakı separatçı rejimi simvolizə edən “Artsakhbank”ın əsas səhmdarıdır. “Armswissbank”da 80%, “Artsakhbank”da 25,6% paya malikdir. “Artsakhbank” 2003-cü ildən etibarən “SWIFT International”ın iştirakçısı, 2005-ci ildən “Europay/Mastercard” beynəlxalq ödəniş sisteminin filial üzvüdür.

Bankın səhmdarları sırasında “Ermənistan Biznes Fondu” QSC 40,7%, Vartan Sirmakes isə 25,6% paya malikdir. Amma məsələ ondadır ki, Vartan Sirmakes həm də “Ermənistan Biznes Fondu”nun 100% səhmdarı və idarə heyətinin üzvüdür. Bu, o deməkdir ki, Sirmakes ümumilikdə “Artsakhbank”ın 66,3% səhminə sahibdir.

Sirmakes öz biznesinin bir qismini işğal edilmiş Azərbaycan torpaqlarında qurub. 30 illik işğal dövründə Qarabağın təbii resurslarının talan edilməsi üçün investisiya yatırıb. Onun maliyyə dəstəyi ilə Suqovuşanda balıqçılıq təsərrüfatı yaradılıb. Qarabağda qara kürü istehsalı üzrə ixtisaslaşmış “Golden Fish” şirkətinin investoru məhz Sirmakesdir.

Sirmakes əsas fəaliyyətini həm də qızıl emalı üzərinə yönəldib. Azərbaycanın dövlət orqanlarının razılığı olmadan Kəlbəcərdəki yataqların istismarı ilə məşğul olub. O, Kəlbəcərin qızıl yataqları ilə yanaşı, hazırda mübahisə yaratmış “Qızılbulaq” yataqlarına da maraq göstərib. “Qızılbulaq” yataqlarının əsas “sahibi” qismində qondarma Artsax rejiminin “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan və qardaşları tanınsalar da, Sirmakes də bu mədənlərin payçıları sırasında görünüb. O, “Qızılbulaq” mədəninin açılış mərasimində iştirak edib. Rusiyalı milyarder Ruben Vardanyanın əraziyə gəlişinə qədər bu mədənlər daha çox Balansanyan və Sirmakesin adına bağlı olub. 

Vartan Sirmakes həm Ermənistana, həm də işğal altında olan torpaqlarda qurulmuş separatçı rejimə ciddi maddi dəstək göstərib. O, İrəvan şəhərinin qədim məhəllələrini abadlaşdırmağı hədəfləyən “Köhnə İrəvan” layihəsinə 150 milyon dollar məbləğində sərmayə qoyub. Layihə çərçivəsində aparılan arxeoloji qazıntılar zamanı türk hamamları və məscidlər üzə çıxdığı üçün, layihənin icrasını müvəqqəti dayandırıblar. Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan Vartan Sirmakesi Marseldə Ermənistanın baş konsulu təyin edib.

Bununla yanaşı, Vartan Sirmakes Qarabağdakı separatçı rejimin əsas maddi təminatçılarından biridir. O, işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin beynəlxalq təbliğatına cavabdeh olan məsul şəxs vəzifəsini yerinə yetirib. 

“Çirkli pullar”ın Avropa siyasətçilərinə çatdırılma mexanizmləri 

Sirmakes işğal altında olan Azərbaycan torpaqlarının maddi resurslarının talanması ilə əldə etdiyi vəsaitin bir qismini erməni diaspor təşkilatlarının layihələrinin maliyyələşdirilməsinə sərf edib. Bu layihələr sırasında “Ermənistanın Avropalı Dostları” (EuFoA), həmçinin, Erməni Ümumi Xeyriyyə Birliyinin (AGBU) proqramları xüsusi yer tutur.

Vartan Sirmakesin maliyyə dəstəyi verdiyi “Ermənistanın Avropa Dostları” (EuFoA) təşkilatının əsas hədəfi Avropanın iqtisadi-siyasi yönümünü müəyyən edən mərkəzlərlə, bu sahədə qərar qəbul etmək gücündə olan şəxslərlə Ermənistan və “Artsax” arasında körpü qurmaqdan ibarətdir. EuFoA Ermənistan və “Artsax”ın Avropanın siyasi, iqtisadi, sosial strukturlarına inteqrasiyası üçün çalışır. Beynəlxalq medianın diqqətini öz hədəflərinə cəlb etmək istəyən EuFoA 2018-ci ilin sentyabr ayında Ermənistan və “Artsax”a mediatur təşkil edib

Problem ondadır ki, Vartan Sirmakesin çirkli pulları ilə maliyyələşdirilən EuFoA , həmçinin AGBU Avropa Parlamentinin üzvləri ilə də sıx “əməkdaşlıq” edirlər. Bu əməkdaşlıq maddi maraq üzərində qurulub. Avropa Parlamentində təmsil olunan 33 nəfərlik Ermənistanla dostluq qrupunun üzvləri EuFoA və AGBU ilə əməkdaşlıqlarına uyğun olaraq, Qarabağdakı separatçı rejimə dəstək verirlər. 

2018-ci il martın 1-də “Qarabağ hərəkatının 30-cu ildönümü” münasibətilə Avropa Parlamentində konfrans təşkil ediblər. Parlamentin üzvləri Avropa İttifaqının “Dağlıq Qarabağla əlaqəsini” müzakirə ediblər. Aİ-nin bu sahədə təsirini gücləndirmək üçün mümkün təkliflər səsləndiriblər. İşğal edilmiş Azərbaycan torpaqlarında qurulmuş separatçı rejimin 30 illiyinin “bayram edilməsi” ilə bağlı informasiyalar Avropa Parlamentinin saytında mövcuddur. Həmçinin, “Ermənistanın Avropalı Dostları” təşkilatının sosial şəbəkə hesablarında qorunub saxlanılır.

Vartan Sirmakesin EuFoA və AGBU vasitəsilə maddi dəstək verdiyi Avropa Parlamentinin üzvləri hər fürsətdə Azərbaycanı qaralayırlar. Türkiyəyə qarşı əsassız ittihamlar səsləndirirlər. 

AP-də Ermənistanla dostluq qrupunun üzvlərindən olan EL Van Hoof İkinci Qarabağ müharibəsinin nəticələrini şərh edərkən deyib ki, Qarabağ geosiyasi oyunların qurbanına çevrilib. Belə “oyunlara görə” Azərbaycan və Türkiyəni qınayıb: “Altı həftəlik müharibədən sonra Vladimir Putin Ermənistanla Azərbaycan arasında atəşkəs elan olunmasını razılaşdırıb. Bu, onminlərlə erməninin evlərini tərk etməsi ilə nəticələnib. Bu nəticəni əldə etmək üçün Azərbaycan müharibə dövründə qadağan edilmiş kaset bombalarından, Türkiyənin innovativ dronlarından və ehtimal ki, cihadçılardan istifadə edib. Belə davranış qeyri-qanuni silahlardan istifadəni qadağan edən beynəlxalq konvensiyaları pozur”. 

AP-dəki Ermənistanla dostluq qrupunun digər üzvü Kostas Mavrides isə Azərbaycanı “Ermənistana qarşı hərbi təcavüzü dayandırmağa çağıran” bəyanat yayıb. Yunan Kiprindən AP üzvü olan bu şəxs öz bəyanatında həmçinin, Aİ-yə namizəd ölkə olan Türkiyəni Azərbaycan ordusuna dəstək verdiyi üçün qınayıb. 

AP-dəki Ermənistanla dostluq qrupunun üzvlərindən olan Lukas Furlas isə Eva Keylini Azərbaycan və Türkiyə əleyhinə olan çıxışlarını dəstəkləməsi ilə yadda qalıb. Lukas Forlas belə çıxışlarına görə “Ədalət və Demokratiya Naminə ümum-Avropa Erməni Federasiyası” tərəfindən təşəkkür alıb. O, Avropa Parlamentində Ermənistanla dostluq qrupunun prezidenti kimi çıxışlar edib, Azərbaycanı Ermənistana hücum etməkdə günahlandırıb. Həmçinin, son çıxışlarında Laçın yolundakı aksiyaya toxunub. Azərbaycan tərəfini humanitar böhran yaratmaqda ittiham edib

Avropa Parlamentinin Cənubi Qafqazla Əlaqələr üzrə Nümayəndəliyinin rəhbəri, Ermənistanla dostluq qrupunun üzvü Marina Kaljurand Laçın yolunun bağlanmasından “ciddi narahatlıq keçirdiyini” açıqlayıb, buna görə Azərbaycanı ittiham edib.

Bəzi Avropa institutları və Avropa siyasətçiləri ilə erməni diasporu arasındakı dostluq çirkli pulların təsiri altında qurulub. Həmçinin, avropalı siyasətçilərə çirkli pulların ötürülməsində təkcə EuFoA və AGBU vasitəçilik etməyib.

Bir müddət əvvəl dərc olunan “Avropa Parlamentində korrupsiya əməliyyatının bilinməyən tərəfləri” başlıqlı yazıda bildirilmişdi ki, Avropa Parlamentində ortaya çıxıb Azərbaycan və Türkiyəni hədəfləyən bəyanatlar AP adından elan edilsələr də, onların əksəriyyəti “33 nəfərlik qrup” tərəfindən imzalanır. Həmin 33 nəfər isə Avropa Parlamentində təmsil olunan Ermənistanla dostluq qrupunun üzvləridirlər. Avropa Parlamentindəki Ermənistanla dostluq qrupunun hazırladığı bu bəyanatlar Avropa Erməni Milli Komitəsi, həmçinin,  “Ədalət və Demokratiya Naminə ümum-Avropa Erməni Federasiyası” ilə əməkdaşlıq nəticəsində ortaya çıxır. Buradan aydın olur ki, Avropa institutlarına nüfuz edən erməni diaspor təşkilatları sırasında Vartan Sirmakesin maliyyələşdirdiyi “Erməni Ümumi Xeyriyyə Birliyi” (AGBU) yeganə qurum deyil. Avropa Erməni Milli Komitəsi, həmçinin, “Ədalət və Demokratiya Naminə ümum-Avropa Erməni Federasiyası”da ( EAFJD) bu kontekstdə uğurlar qazanıblar. 

AAFJD-nin prezidenti Kaspar Karampetyandır. Karampetyan da Sirmakes kimi öz biznesini qanunsuz dövriyyələr üzərində qurub. O, milyarder, oliqarx, həm də mafiya qurucusu kimi ad çıxarıb. Dünyada təsirli trendlərdən sayılan “mafiya-lobbi” mexanizminin qurucularındandır. Maliyyəsi isə qanunsuz almaz qaçaqmalçılığından formalaşır.

2021-ci ilin 19 noyabrın tarixində Avropa Parlamentində qəbul edilən, Azərbaycanı hədəf seçən bəyanatın mətn müəllifi Lefteris Christofordur. 2014-cü ildən etibarən Avropa Parlamentinin üzvü olan Lefteris Christofor Kaspar Karampetyanın təsir dairəsindədir. Yunan Kiprinin vətəndaşı olan bu şəxs Avropa Xalq Partiyasının milli nümayəndə heyətinə də rəhbərlik edir. O, AP-də isveçli siyasətçi Şarli Andreas Veymerslə əməkdaşlıq edir. Hər ikisi Avropa Parlamentində təmsil olunan Ermənistanla dostluq qrupunun üzvləridirlər. Veymers 2020-ci ildə – İkinci Qarabağ savaşı başlayanda özünün sosial şəbəkə hesabında paylaşım edərək, Azərbaycanın haqq savaşına kölgə salmağa çalışıb. “Facebook” hesabında yazıb: “İosif Stalin ədalətsizlik edərək Dağlıq Qarabağı Ermənistandan ayırıb. İndi həmin yolu prezident Əliyev və Ərdoğan davam etdirirlər”. 

Avropa Parlamentinin üzvü Martin Sonneborn və həmkarları EAFJD-nin təşəbbüsü ilə Ermənistana səfər ediblər. Burada baş nazir Nikol Paşinyanla görüşüblər. Görüşdə EAFJD prezidenti Kaspar Karampetyan da iştirak edib.

Yuxarıda qeyd etdik ki, Karampetyan almaz qaçaqmalçısıdır. Bunu Avropada da yaxşı bilirlər. Analitik mərkəzlər tərəfindən hazırlanan, Avropa dövlətlərində aktiv mafiya qruplarının  fəaliyyətini əks etdirən materiallarda Kaspar Karampetyanın adı qırmızı xətlə keçir. “Erməni qruplarının miqyası və xarakterləri” adlı yazıda Karampetyana həsr edilmiş xüsusi paraqraf vardır. Analitik hesabatda qeyd edilir ki, Afrikanın münaqişəli bölgələrindən çoxrəngli brilyantları qaçaqmalçılıq yolu ilə Avropaya daşıyan Kaspar Karapetyan Belçikadakı erməni mafiyasının xaç atasıdır.

Karampetyan haqqında belə məlumat açıqlığı olmasına rəğmən, AP-nin bəzi üzvləri Kaspar Karampetyanın rəhbərlik etdiyi EAFJD ilə əməkdaşlıq qururlar. Avropa Parlamentinin Bolqarıstandan olan üzvü, EAFJD ilə əməkdaşlıq edən Angel Cambazki deyir ki, guya Azərbaycan Qarabağa hücum edib. Əlavə edir ki, “Ararat (Ağrıdağı) Ermənistana qaytarılmalıdır”. 

Rusiya-Ukrayna müharibəsi fonunda Aİ-nin Türkiyə prezidenti ilə yaxınlaşdığı görünür. Aİ-nin “buğda və enerji” əməliyyatlarına görə Ərdoğana minnətçi düşdüyü bir vaxtda AP üzvləri sırasında əks mövqe sərgiləyənlər tapılır. AP üzvləri Avropa İttifaqını Rəcəb Tayyib Ərdoğana qarşı münasibətləri sərtləşdirməyə çağırırlar. Belə çağırışlarla həm də Avropa İttifaqının maraqlarına qarşı getmiş olurlar. Araşdıranda bəlli olur ki, belə təzadlı çağırış edən deputatlar Avropa Parlamentindəki Ermənistanla dostluq qrupunun üzvləridirlər. “Ədalət və Demokratiya Naminə ümum-Avropa Erməni Federasiyası”nın ( EAFJD), yəni Kaspar Karampetyanın təsirinə düşüblər

Erməni milyarderlər Avropada “ictimai təşkilat” adı ilə pərdələnirlər  

Avropa Parlamentinin sədr müavini Eva Keylinin korrupsiyalaşmış lobbiçilik əməlində ittiham olunması vəziyyəti dəyişib. Erməni dostluq qrupunun üzvlərini ehtiyatlı davranmağa sövq edib. Belçika Federal Prokurorluğu Keylini həbs etdikdən sonra, bir sıra informasiyalar Avropa Parlamentinin saytından silinib. Silinən informasiyalar sırasında erməni diasporu ilə əməkdaşlığı əks etdirən məlumatlar da vardır. Qarşılıqlı olaraq, AP üzvləri ilə dostluq etmiş EAFJD, EuFoA və AGBU da öz hesablarından AP ilə əməkdaşlığı əks etdirən informasiyaların bir qismini siliblər. 

Amma bütün izləri silməyi bacarmayıblar. Erməni diasporu ilə AP üzvlərinin əməkdaşlığını əks etdirən informasiyaların bir qismi mətn başlıqlarında olmasa da, mətnlərin içində keçici məlumatlar kimi qalıb. Yəni əməkdaşlığı açıq ifadə edən informasiyalar silinib, daxildə yer tutan məlumatlar isə diqqətlərindən yayınıb. 

Həmin informasiyalardan belə nəticə çıxır ki, erməni milyarderlər öz əməllərini davam etdirirlər. Onlar Avropa siyasi mərkəzlərinə təsir etmək üçün şaxələnmiş fəaliyyət mexanizmini tətbiq edirlər. Yeni-yeni təşkilatlar qurur, yaxud, əvvəllər quruluş təşkilatları aktivləşdirirlər. Yəni, səhnəyə yeni adlarla çıxırlar. Məsələn, Almaniyada Ermənilərin Mərkəzi Şurasının  fəaliyyəti aktivləşdirilib (Zentralrat der Armenier in Deutschland – ZAD).  

Şuranın saytında yerləşdirilən son informasiyalarda Laçın yolunda Azərbaycan QHT-lərinin keçirdiyi aksiya hədəfə alınıb. Şura təmsilçiləri Avropada fəaliyyət göstərən hüquq müdafiəçiləri, insan haqları fəalları ilə görüşür, Laçın yolu aksiyası barədə yanlış məlumatlar verir, onlardan öz mənafelərinə uyğun rəy alaraq paylaşırlar.
 
Brüsseldə qurulmuş “Belçika – Erməni İşini Müdafiə Komitəsi” (CDCA Belgique – Comité de Défense de la Cause Arménienne – Hay Tad Belgium) də bu istiqamətdə fəaliyyətini aktivləşdirib. Avropa siyasi mərkəzlərinə nüfuz etmək, Azərbaycan və Türkiyə əleyhinə açıqlamalar almaq üçün ciddi iş aparır

Onların lobbi qrupları Belçikanın baş nazirinə müraciət edərək, Brüsseldə keçiriləcək Avropa Sammitində avropalı həmkarlarına Azərbaycan əleyhinə qərarlar verdirmək üçün güclü mesaj çatdırmağa çağırıb.

Bir sözlə, əvvəllər daha çox EAFJD, EuFoA və AGBU adı ilə icra edilən işlər indi CDCA, ZAD və digər bənzər təşkilatların adı altında həyata keçirilir. Maliyyə dəstəyi və hədəflər isə eyni ilə qalır. 

Avropa Parlamentində “Dağlıq Qarabağ Dostluq Qrupu” Azərbaycan ordusu tərəfindən atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyir və Laçın dəhlizinin blokadasının dərhal qaldırılmasını tələb edir.

Problem həm də ondadır ki, Avropadakı ictimai-siyasi mühit erməni milyarderlərə öz əməllərini realizə etmək üçün münbit şərait yaradır. Məlumat üçün qeyd edək ki, müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni milyarderlərin hədəfləri bir olsa da, təşkilatlanma mexanizmləri fərqlidir. Avropada, ABŞ-də, Rusiyada yerli şərtlərə uyğun olaraq fərqli mexanizmlərdən istifadə edirlər. 

ABŞ-də və Avropada diaspor strukturları ictimai təşkilatlar kimi fəaliyyət göstərirlər. Erməni diasporu da bu şərtlərdən sui-istifadə edir. Amerika Erməni Milli Komitəsi (ANCA), Amerika Erməni Assambleyası (AAA) da daxil olmaqla, iyirmidən çox təşkilat ABŞ erməniləri arasında koordinasiya işlərini həyata keçirir. Avropada da eyni durumdur. ABŞ və Avropada  erməni diaspor təşkilatları ictimai təşkilatlar kimi fəaliyyət göstərirlər. “Erməni milyarderlər” belə ictimai təşkilat adından faydalanar, siyasi mərkəzlərə daxil olur, onların qərarlarına təsir edə bilirlər. 

Mənbə
Qafqazinfo.az
Hamısını Göstər

Related Articles

Back to top button