Erməni terroru nəticəsində həlak olan polis Asim Camalzadə ilə vida mərasimi keçirilib
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Asim Camalzadə ilə vida mərasimi keçirilib.
Polise.az verir ki, Asim Camalzadə ilə vida mərasimi onun vaxtilə yaşadığı evin – Sumqayıt şəhər 20-ci mikrorayon, ev 54-ün qarşısında olub.
Mərasimdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Daxili İşlər Nazirliyinin əməkdaşları, Sumqayıt şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.