Ermənilər bu səbəbdən təşvişə düşüblər
Ötən il ölkənin aqrar sektoru ciddi su qıtlığı ilə üzləşdi. Bunun da bir çox səbəbləri var.
Birincisi, respublikamızın su ehtiyatlarımızın 70 faizi ölkə sərhədlərindən kənardakı mənbələrdə formalaşır. Kür və Araz çaylarının mənbələri Türkiyədə yerləşir. Kür çayı hövzəsinin 52 faizindən çoxu Azərbaycan, qalan hissəsi qonşu dövlətlərin ərazisindən keçir. Son vaxtlar Kürdə suyun səviyyəsi isə 60 santimetr aşağı düşüb.
İkincisi, ötən ilə nisbətən havaların quraq keçməsi ölkəmizdəki su mənbələrinə mənfi təsir göstərmişdi. Böyük Qafqaz dağ silsiləsinə qarın az düşməsi və kiçik çaylar üzərində su tutarlarının olmaması daxili su mənbələrini ən azı 50 faiz azaltdı.
Üçüncüsü, çay hövzələrindən və sulu ərazilərdən düşməncəsinə istifadə. Yada salaq ki, son 15 ildə respublikamızda böyük tikinti bumu var. Tikintidə istifadə edilən materiallardan biri isə çınqıldır. Çınqıl yataqları isə əsasən çay hövzələrində olur. Son illər istər yol tikintisində, istərsə də ki, mənzil tikintisindəki dinamika çay hövzələrindəki çınqıl yataqlarının sürətli istismarına səbəb oldu. Aparılan qazıntı işləri isə heç bir ekoloji və mühəndis-geoloji tələblərə qətiyyən uyuşmur. İndi ölkə daxilindəki, istənilən çaya vizual baxış keçirilərsə, görərik ki, çayın məcrası ən azı iki dəfə genişlənib. Çayların məcrasının genişlənməsi isə əlavə su itkisi deməkdir. Bundan əlavə, ən xırda daşqın zamanı körpülər dağılıb gedir. Bu da çay məcralarının özbaşına şəkildə genişləndirilməsinin acı nəticəsidir.
Dördüncüsü, bədnam qonşumuz Ermənistanın Araz çayı, Gürcüstanın isə Kür çayı üzərində yaratdıqları su anbarları hər iki çayda suyun azalmasına səbəb oldu. Əslində bu qonşularımızın ölkəmizə qarşı apardığı ekoloji terrorun bir parçasıdır. Təhlükəli məqamlardan biri budur ki, nə Ermənistan, nə də Gürcüstan ətraf mühitin mühafizəsi üzrə heç bir beynəlxalq konvensiyaya qoşulmayıb. Halbuki Azərbaycan bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə Konvensiyanın iştirakçısıdır çətinləşdirir. Təsadüfi deyil ki, Dağlıq Qarabağı və ətraf ərazilərin işğaldan azad edilməsindən sonra ermənilərin bir çox narahatlıqları üzə çıxdı. Onlardan biri də Göycə gölünün su mənbələri barədədir. Nəzərə alaq ki, Avrasiyanın ən böyük şirin su göllərindən biri olan Göycə gölü əsasən Kəlbəcər, Laçın və digər Azərbaycan rayonlarından axıb gedən çaylar hesabına qidalanır. Ermənilər indidən artıq təşvişə düşüblər ki, azərbaycanlılar Göycəni qurudacaqlar. Çünki özləri bu mövqeyi 25 ildən artıqdır ki, bizə qarşı sərgiləyirlər.
Ölkəmizin ilk ən iri 5 su anbarından biri olan Sərsəng su anbarı hələ də ermənilərin nəzarəti altındadır. Suqovuşan su anbarının bizim nəzarətimizə keçməsi min hektarlarla susuz ərazilərə can verdi. Sərsəng su anbarının nəzarətimizə keçməsi isə ölkəmizin aqrar sektorunda suya olan tələbatı ən azı 10-15 faiz yaxşılaşdıra bilər.
Ümumilkdə, son illər ehtiyat su mənbələrinin yaradılması istiqamətində müəyyən addımlar atılıb. 2010-2019-cu illərdə Azərbaycanda məhsuldarlığı saniyədə 19 kubmetr olan 44 yeni su mənbəyi yaradılıb. Amma ötən ilki quraqlıq göstərdi ki, bu sahədə ciddi problemlər qalmaqdadır. 2020-ci ilin 23 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə də ətraflı danışıldı. Ölkə başçısı həmin müşavirədə dedi ki, “Bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. “Azərsu”, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır”.
Məlum müşavirədən sonra Prezident İlham Əliyev sərəncam imzaladı. Sərəncama əsasən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nı hazırlandı. Tədbirlər planına əsasən, dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarları yaradılacaq. Bunlar aşağıdakılardır:
- Əlicançay su anbarı
- Qudiyalçay su anbarı
- Vəlvələçay su anbarı
- Qaraçay su anbarı
- Qusarçay su anbarı
- Ağsuçay su anbarı
- Türyançay su anbarı
- Yengicə su anbarı
- Viləşçay su anbarı
- Zəyəmçay su anbarı.
Sevindirici haldır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası su problemlərinin həllinə böyük ümidlər yaradır. Çünki Kiçik Qafqazın bol sulu dağları artıq Azərbaycanın nəzarətindədir.
Azərbaycanın hündürlüyünə görə (125 metr) ən yüksək, ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı – Sərsəng su anbarı Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarını suvarma suyu ilə təmin edirdi. Ermənistan tərəfi bu su anbarını süni daşqınlar yaratmaqla Azərbaycan torpaqlarına ziyan vurmaq üçün yaz və payız aylarında açırdı. Azərbaycan mineral su ehtiyatlarının 40 faizinə qədəri Dağlıq Qarabağ və ətraf ərazilərdədir. Ermənistan işğal altındakı ərazilərdə 2020-ci ilədək 30 kiçik su elektrik stansiyasının (SES) tikintisi nəzərdə tutsa da, onlardan yalnız 16-sı istifadəyə verilib.
Göründüyü kimi, ərazilərimizin işğaldan azad olması suya olan tələbatımızı xeyli yaxşılaşdıracaq. Amma problemi həll etməyəcək. Çünki Cənubi Qafqazdakı təbii su mənbələrinin cəmi 10 faizi Azərbaycanın payına düşür. Ona görə də növbəti illərdə də bizi ciddi su qıtlığı gözləyir.