Ermənistan atəşkəsi niyə pozub? – Politoloq şok səbəbləri açıqladı

Əziz Əlibəyli: “Bu təxribat Paşinyanla ordu arasında ciddi qarşıdurmanın olmasından xəbər verir”

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən növbəti təxribata cəhd edib. Belə ki, düşmənin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri, həmin istiqamətdə Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan atəş açıblar.

Məsələ ilə bağlı konkret.az-a fikirlərini bölüşən politoloq Əziz Əlibəyli bildirir ki, bunun bir neçə səbəbi var.

Politoloqun fikrincə, bu təxribata əl atmaqla Ermənistan 3 məsələnin həllinə çalışır:

“İlk növbədə düşmən tərəfi Rusiya sülhməramlılarını təxribata çəkmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) yenidən fakt qarşısında qoymaq istəyir. Bu əmr isə Ermənistana ATƏT tərəfindən gəlib. İkinci bir məqam isə ondan ibarətdir ki, Ermənistanda hakimiyyəti dəyişməyə çalışan qüvvələr bunu bacarmadıqlarından, Nikol Paşinyanı bizim əlimizlə devirməyə cəhd edirlər. Bu əmr isə Rusiyadan gəlib. Üçüncü məsələ ondan ibarətdir ki, Demarkasiya prosesini leqallaşdırmaq istəyirlər, çünki ərazinin məhz Əskipara olması xüsusi maraq yaradır. Bu əmr isə İrəvandan verilib”.

Politoloqun sözlərinə görə, bu təxribat Paşinyanla ordu arasında ciddi qarşıdurmanın olmasından xəbər verir və onu ciddi fakt qarşısında qoymaq məqsədi daşıyır:

“Çünki imzalanan üçtərəfli bəyanata əsasən Ermənistan üzərinə öhdəlik götürüb. Çox böyük ehtimalla ərazilərin Azərbaycana qaytarılması və demarkasiya prosesinin həyata keçirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu prosesin qarantı isə həm də Rusiyadır. Görünür ki, bu, Ermənistanda ciddi ajortaj yaradır. Ona görə də, ərazilərin gec-tez Azərbaycana qaytarılmasını bildiklərindən belə təxribatlara əl atırlar”.

Əziz Əlibəyli deyir ki, söhbət Paşinyan hakimiyyətindən gedirsə, onların Avropa bağlılığı göz qabağındadır:

“Oradakı şəbəkələrdən, xüsusən SOROS fondundan maliyyələşdiyinə görə, sifarişin ATƏT tərəfindən verilməsi mümkündür. Odur ki, bu təxribat bölgəni müharibə ocağına çevirmək, KTMT-ni cəlb etmək və nəticə etibarilə aktiv münaqişə fazasında ATƏT-in MİNSK Qrupu missiyasını nöbəti dəfə yeniləmək məqsədi daşıya bilər”.

Hamısını Göstər

Related Articles

Back to top button