Ermənistan rəhbərliyi Azərbaycanı dayandırmaq üçün dünyaya yalvarır!

Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatları nəticəsində düşmənin müqaviməti sındırılıb. Cəmi bir həftə ərzində Ermənistan ordusunun 27 ildir işğal olunmuş ərazilərimizdə möhkəmləndirdiyi müdafiə xətləri darmadağın edilib, çoxlu sayda canlı qüvvə, hərbi texnikası vurularaq sıradan çıxarılıb. Ordumuz Tərtər, Füzulu və Cəbrayılın işğalda olan 25 kəndini, habelə Cəbrayıl şəhərini işğaldan azad edib. Ölkə rəhbərliyinin, Müdafiə Nazirliyinin yaydığı açıqlamalardan məlum olur ki, qısa müddətdə işğaldan azad ediləcək ərazilərin həcmi kifayət qədər genişləndiriləcək.

Müharibənin ilk həftəsinin nəticələrini dəyərləndirərkən uğurun birmənalı şəkildə Azərbaycan tərəfində olduğu aydın görünür. Bu təkcə hərb meydanında deyil, siyasi, diplomatik müstəvidə də üstünlük qazanmışıq. Əlbəttə, bunun əsas səbəbi Azərbaycanın tam haqlı olması, beynəlxalq hüququn prinsiplərindən kənara çıxmaması ilə bağlıdır. 

Beləliklə, indiyə qədər əldə olunan nəticələri şərti olaraq belə sıralamaq olar:

Düşmənin müdafiə xətti yarılıb, çoxsayl canlı qüvvəsı, hərbi texnikası məhv edilərək geriyə atılıb. Ermənistan rəhbərliyi bunu etiraf edir və Azərbaycan Ordusunun uğurlarını çoxsaylı canlı qüvvəyə, zəngin hərbi arsenala, dəqiq silahlara malik olması ilə əsaslandırmağa çalışır. Habelə, baş nazir Paşinyan Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyini şişirdərək guya hərbi dəstək verildiyini iddia etməklə, məğlubiyyətinə don geyindirmək niyyətindədir.

İkinci mühüm məqam Ermənistanın daxilində yaranmaqda olan hakimiyyət böhranıdır. Cəbhədəki sarsıdıcı məğlubiyyət Paşinyana qarşı daxildən ittihamları artırır. Rəqibləri, xüsusi ilə erməni cəmiyyətinin fəal kəsimləri onu Qarabağda, Xankəndində, Şuşada yersiz hərəkətlər etməklə Azərbaycanı qıcıqlandırmaqda, Rusiya-Ermənistan münasibətlərini korlamaqla ölkəni həlledici dəstəkdən məhrum etməkdə qınayırlar. Onu da əlavə edək ki, yerli və xarici ekspertlər qısa müddətdə Ermənistanda hakimiyyət böhranı yaranacağını, Rusiyanın dəstəklədiyi keçmiş hərbçilərin hakimiyyəti ələ keçirəcəyini proqnozlaşdırırlar.

Üçüncü vacib məqam Ermənistanın beynəlxalq birlikdən, o cümlədən strateji müttəfiqi Rusiyadan ciddi dəstək ala bilməməsidir. Əlbəttə, burada Ermənistanın imkanları xeyli geniş olsa da, beynəlxalq hüquq prinspiləri ona manevr etməyə şərait yaratmır. Çünki Azərbaycan işğalda olan ərazilərində azadetmə əməliyyatı aparır və bu zaman beynəlxaq qayda-qanunu pozmur. Bu günə qədər münaqişəyə təsiredici beynəlxalq qurumlar – BMT, ATƏT, Avropa İttifaqı hərbi əməliyatların dayadırılması ilə bağlı çağırışlar etsələr də, Bakı çox rahatlıqla onlara qulaq asmır. Çünki dərhal beynəlxalq hüquq normalarına, Ermənistanın sülh danışıqları prosesindəki destruktiv mövqeyinə, Azərbaycana qarşı mütəmadi təxribatçı hərəkətlərinə istinad edir. Paşinyanın Türkiyənin Azərbaycana dəstəyini qabardaraq Ankaraya qarşı Qərbdə olan mənfi tendensiyalardan faydalanmaq cəhdləri də faydasız qalıb. Əvvəla, Türkiyə böyük oyunçudur, regionda güclü dövlətlərdən biridir, Ermənistan kimi haqsız, kiçik bir ölkənin ona qarşı sərt təzyiqlər əldə etmək cəhdləri gülünc görünür. Eyni zamanda Türkiyənin Azərbaycana hərbi dəstəyini sübut edəcək heç bir fakt mövcud deyil, bu da Paşinyanı arqumentsiz qoyub.

Yerevanın Azərbaycana qarşı sərt beynəlxaq təzyiqlər yaratmaq cəhdlərindən biri də qarşı tərəfdən Suriya, İraqdan, Əfqanıstandan muzdlu döyüşçülərin vuruşması barədə iddialardır. Bu bardə də heç bir sübut yoxdur. Bir ara Fransa prezidenti Emmanuel Makronun istifadə etməyə cəhd etdiyi “subutlar” ABŞ kəşfiyyatı tərəfindən darmadağın edildi. Pentaqon bəyan etdi ki, Yaxın Şərq ölkələrindən Azərbaycanın apardığı hərbi əməliyyatlara heç bir muzdlu dəstələr cəlb olunmayıb. Prezident İlham Əliyev də “Əl-Ərəbiyyə” kanalına müsahibəsində bu ittihamları gülünc adlandırmaqla yanaşı Azərbaycanın kifayət qədər güclü orduya sahib olduğunu vurğulayaraq, heç bir ölkədən muzdlu döyüşçüyə ehtiyacının olmadığını bəyan edib. Doğrudan da real mənzərə düşmənin apardığı cılız, arqumentsiz təbliğatın onun nə qədər rüsvayçı vəziyyətə düşdüyünü göstərir.

Məlumdur ki, 10 milyonluq Azərbaycan beynəlxaq kvotaya görə 100 min nəfərlik ordu saxlaya bilər. Bu gün hərbi komissarlıqlarda minlərlə gənc könüllü döyüşmək üçün növbəyə durub. Azərbaycan istəsə qısa müddətdə 1 milyon nəfərlik ordu toplaya bilirsə, xaricdən 5-10 muzdlu döyüşçüyə nə ehtiyacı ola bilər?

Hazırda Ermənistan cəbhədə məğlubiyyətini dayandırmaq üçün bir neçə istiqamətdə iş aparmağa cəhd edir. İlk növbədə Azərbaycan ərazilərini – Gəncə, Mingəçevir, Abşeron, Xızı, Bərdə, Tərtər və s. bölgələri uzaqvuran artilleriyadan, raketlərdən atəşə tutmaqla daxildə çaşqınlıq, sarsıntı, qorxu yaratmaq, orduya cəmiyyətdən verilən böyük dəstəyi yıpratmaq niyyəti güdür. Burada daha bir məkrli niyyət Azərbaycanı adekvat zərbələrə təhrik etməklə strateji müttəfiqi Rusiyanı, üzv olduğu KTMT-ni müharibəyə cəlb etməkdən ibarətdir. Düşmənin əsas hədəflərindən biri də Azərbaycanın Ermənistan əzarilərinə hücumlarını göstərməklə beynəlxalq birliyi Bakıya qarşı yönəltməkdir. Hər üç məqsəd birmənalı şəkildə cəbhədəki böyük uğursuzluqların qarşısını almağa yönəlib. Ermənistan rəhbərliyi yaxşı bilir ki, bundan sonra proses domino effekti ilə davam edəcək və onun kapitulyasiyasını şərtləndirəcək. Ona görə də, nəyin bahasına olursa-olsun, Azərbaycanı dayandırmaq lazımdır.

Təbii ki, Azərbaycan rəhbərliyi düşmənin məkrli planının məqsədlərini yaxşı bilir, apardığı sistemli mübarizədən kənara çıxmır. Ordu azadetmə əməliyyatlarını davam etdirir, diplomatlarlar, siyasətçilər Azərbaycan ərazilərinə olan hücumları sənədləşdirərək beynəlxalq ictimaiyyətə ötürür. Eyni zamanda ölkə ictimaiyyəti düşmən təxribatının məqsədləri barədə ətraflı məlumatlandırılır.

Xüsusi olaraq qeyd edək ki, düşmən təxribatçı məqsədlərinə heç bir halda nail ola bilmir. Azərbaycan cəmiyyətinin hücumlara reaksiyası şübhəsiz ki, Ermənistan rəhbərliyində böyük məyusluq yaradır. Yəqin ki, Azərbaycan Ermənistanın dinc əhaliyə qarşı raket hücumlarını sona qədər izləməyəcək. Artıq Müdafiə Nazirliyi düşmənə xəbərdarlıq edib, dayanmayacaqsa, raketlərin atıldığı nöqtələrə, hərbi obyektlərə adekvat zərbələr endiriləcək.

Bundan başqa Rusiya rəhbərliyinə, üzv olduqları KTMT-yə müraciət edərək müttəfiqlərinin beynəlxalq normalara, müharibə qaydalarına zidd olan hərəkətləri barədə məlumat verəcək. Eyni zamanda qardaş Türkiyə ilə də məsləhətləşmələr aparılacaq.

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button