“Ermənistanla yeni savaşın qalibi bu dəfə də Azərbaycan olacaq”

Beynəlxalq Böhran Qrupu Azərbaycan və Ermənistan arasındakı gərginliklə bağlı proqnozlarını yayımlayıb.

2023-cü ildə bu müstəvidə nə baş verəcək? Və ya yayımlanan proqnozlar nədən xəbər verir? Bu suallara “Atlas” Araşdırmalar Mərkəzi sosial media üzərindən paylaşımla cavab verib.

Mərkəzin hesabatla bağlı təhlili diqqət çəkdiyindən onu dəyərli oxucularımıza təqdim edirik.

“Atlas” Araşdırmalar Mərkəzi

Beləliklə, “Atlas” Araşdırmalar Mərkəzi bildirir ki:

Erməni saytlarının Beynəlxalq Böhran Qrupunun Azərbaycanla Ermənistan arasındakı gərginliyin bu il də davam edəcəyinə dair proqnoz hesabatını yayımlaması erməni bölücülüyü və onların dəstəkçilərinin çıxılmaz vəziyyətdə olduğunun əyani sübutudur.

Birincisi, hesabat müəllifləri yazıblar ki, Azərbaycanla Ermənistan arasında yeni müharibə 2020-ci il müharibəsindən az dramatik olmayacaq və qalib yenə Azərbaycan olacaq.

İkincisi, hesabat müəllifləri yazıblar ki, Azərbaycan son iki ildə hərbi qüdrətini daha da artırıb, Türkiyə ilə hərbi ittifaq güclənib, Ermənistan ordusunun isə, əksinə, hərbi təchizatı zəifləyib, İrəvan Rusiyadan istədiklərini ala bilməyib. Bunun da əsas səbəbi odur ki, hərbi texnika Ukraynada işğalçı müharibə aparan Rusiyanın özünə lazımdır.

Üçüncüsü, hesabat müəllifləri Azərbaycanın xeyrinə işləyən digər amilə də diqqət çəkiblər: Avropanın Azərbaycan qazına ehtiyacı var. Yəni hesabat müəllifləri bununla demək istəyiblər ki, yeni hədəflərinə çatmaqda Avropa Azərbaycana mane olmayacaq.

Hesabat müəllifləri Azərbaycan-Ermənistan qarşıdurmasından yazarkən tez-tez Ukraynadakı müharibəyə istinad ediblər. Bu o deməkdir ki, dünyanın diqqəti Ukraynadadır, Azərbaycan Ermənistanı sıxışdırmaqda davam edərsə, bu, beynəlxalq aləmin ciddi reaksiyasına səbəb olmayacaq.

Beynəlxalq Böhran Qrupunun hesabatı bu gün baş verənlərlə səsləşir. Azərbaycan ordusu 2022-ci ilin sentyabr ayında Ermənistanla təmas xəttində strateji yüksəklikləri nəzarətə götürdü. Ermənistan hakimiyyəti Rusiya və Qərb ölkələrindən dəstək istədi. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələyə qarışmadı, erməni siyasətçilər və erməni cəmiyyəti məyus oldu.

Azərbaycan fəalları Ermənistanla Qarabağı birləşdirən yolda etiraz aksiyasına başladılar. Ermənistan yenə Rusiya və Qərb ölkələrindən dəstək istədi. Nəticə yenə eynidir, İrəvan Fransanın əli ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirməyə çalışdı, alınmadı. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının daimi və qeyri daimi üzvləri arasındakı tərəfdaşları Fransaya Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına imkan vermədilər.

Belə vəziyyətdə Ermənistanın heç bir ümid yeri yoxdur, yeganə alternativi Qaraba da içində olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaq və bu şərtlər daxilində sülh sazişini imzalamaqdır. Ancaq bölücülüklə zəhərlənən beyinlər hələ buna imkan vermir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button