“Fevral ayında ”Omikron”a yoluxma yüksək həddə olacaq” – infeksionist

“Virus yüngül gedişatlıdır deyə arxayınlaşmaq olmaz”

Qadağaların aradan götürüləcəyi barədə xəbərdarlıqların verildiyi vaxtda yenidən yoluxma sayı və ölüm statistikası artır.

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb.

Musavat.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə koronavirus (COVİD-19) infeksiyasına 3 192 yeni yoluxma faktı qeydə alınıb, 1 259 nəfər müalicə olunaraq sağalıb.

Analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 640 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8 650 nəfər vəfat edib. 12 448 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 544, bu günə qədər isə ümumilikdə 6 094 493 test icra olunub.

Paralel olaraq həkimlər “Omikron” ştamının yüngül gedişatlı olduğunu vurğulayırlar. Bəs bu amil insanlarda arxayınlaşmaya səbəb olmayacaq ki? Bəzi ekspertlər isə sərt karantin rejiminin tətbiqini məqsədəuyğun hesab edir. Nə kimi qabaqlayıcı tədbirlər görülməlidir?

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkxove xəbərdarlıq edib ki, dünyada “Omikron”dan daha yoluxucu olacaq yeni bir koronavirus ştamı yarana bilər. Onun fikrincə, virusun yeni variantı nə qədər çox dövr edirsə, bir o qədər də dəyişikliklərə məruz qalır.

Kerkxove yeni ştamların daha yoluxucu olacağını söyləyib, çünki onlar hazırda yayılan variantlarla rəqabət aparmalıdır. Eyni zamanda mütəxəssis “Delta” variantı ilə müqayisədə xəstəliyin daha yüngül gedişatına görə “Omikron”u COVİD-19-un zəif ştamı hesab etməməyə çağırıb.

Ötən gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumatı da yayılıb. Bildirilir ki, son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, koronavirusun yeni ştamına yoluxanların sayında artım müşahidə olunur. “Omikron” ştamının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur: “Özünüzdə koronavirusun əlamətlərini hiss edirsinizsə, ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminizə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edin. Ailə həkiminiz sizin sağlamlıq vəziyyətinizi dəyərləndirdikdən sonra ehtiyac olarsa, COVİD-19 (PZR) testinin götürülməsi üçün yaşadığınız ünvana tibb işçisini yönləndirir. COVİD-19-a yoluxduğunuz təsdiqləndiyi halda, xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirirsinizsə, xəstəliyin ailənizə və ya ətrafdakılara yoluxmaması üçün evdə müalicə və təcrid olunma qaydalarına riayət etməyiniz tövsiyə olunur. Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin, maska taxın, tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin, təcrid olunduğunuz yeri tez-tez havalandırın, ortaq istifadə olunan sahələri mütəmadi dezinfeksiya edin, gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün, bol maye qəbul edin, yuxu rejiminə riayət edin (gün ərzində ən azı 7 saat dərin və rahat yuxu), hərarət yüksəldiyi zaman (38 dərəcə və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz, 5 gündən çox müddətdə idarə olunmayan yüksək hərarət (38.5 dərəcə, hərarətsalıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ailə həkiminə məlumat verin, həkim təyinatı olmadan heç bir müalicəni qəbul etməyin, tibb bacıları və kiçik tibb işçiləri tərəfindən tövsiyə olunan mayelərdən (sistem), dərmanlar və digər müalicə metodlarından çəkinin, ehtiyac yarandığı təqdirdə vitaminlər (vitamin C və D), ağrıkəsicilər, hərarətsalıcılar, öskürək əleyhinə və digər simptomatik müalicələr qəbul edə bilərsiniz.

Yada salaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 28 nömrəli Qərarına əsasən SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 14 gündən 7 günə azaldılıb.

Təyyar Eyvazov: Hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir

Təyyar Eyvazov 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVİD-19″ mövzusunda çıxışında  bildirib ki, yoluxmaların sayının artması “Omikron” ştamı ilə bağlıdır: “Bu ştamın yoluxduruculuğunun daha çox, inkubasion müddətinin az olması ona gətirir ki, yaxın təmasda olanların əksəriyyəti xəstəliyə yoluxur. İndi ailədə yoluxma olanda ailə üzvlərinin 90 faizi koronavirusa yoluxur. Xəstəlik yüngül keçdiyinə görə xəstəxanalara yatışların sayı eyni qalıb. Ambulator həlqədə xəstələrin sayı çoxalıb. Xəstəlik yüngül keçsə də, bu, səhiyyə yükünün müəyyən qədər artması deməkdir”.

Eyvazov əlavə edib ki, hələ ki ölkədə “Omikron”un uşaqlarda aşkarlanması ilə bağlı rəsmi statistika yoxdur: “Dünya təcrübəsinə görə, uşaqlar arasında ”Delta” ştamı ilə müqayisədə “Omikron”a yoluxma çoxdur. Onlar da bu xəstəliyi böyüklərdəki kimi keçirirlər. Soyuqdəymə simptomları müşahidə olunur. Böyüklərdəki kimi ağırlaşma halları olmur”.

O qeyd edib ki, son zamanlar uşaqlar arasında eyni simptomlarla müşahidə olunan hallar var idi: “Bu hallar əvvəlki illərdən çox deyildi. Digər respirator virus infeksiyasına xas hallar idi. Sadəcə, COVİD-lə bağlı bu saylar azalmışdı”.

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev

Həkim-infeksionist Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “Yoluxma sayı artmağa başlayır. Bu, əvvəldən də gözlənilən idi. Yeni sürpriz deyil, çünki ”Omikron” variantı aşkar olundu, bu ştam bütün dünyada yayılıb, ona görə də yoluxma sayında artmalar var. Digər tərəfdən, bu qadağaların aradan qaldırılması prosesi də davam edir. Bu qadağaların aradan götürülməsi, təbii ki ölkədə epidemioloji vəziyyətlə bağlı olan qərardır. Hələ ki bizdə yoluxanların sayı artmaqda davam etsə də, aktiv xəstə sayı çox deyil. Xəstəxana şəraiti tələb olunan xəstələrin sayı çox deyil, reanimasiyada yatan xəstələrin sayı da çox deyil. Ona görə də vəziyyət hələ ki idarəolunandır. O səbəbdən də əlavə tədbirlərə ehtiyac yoxdur. Amma düşünmürəm ki, buna ehtiyac olacaq. Çünki yenidən xəstəxanaların, reanimasiyaların doğulacağı inandırıcı deyil. Bunun da müəyyən səbəbləri var. Həm peyvənd olunanların sayı, həm də yoluxub sağalanların sayı kollektiv immuniteti formalaşdırıb. Kollektiv immunitet kifayət qədərdir. Digər tərəfdən də “Omikron” ştamı o qədər də virulent və patogen deyil ki, gətirib əvvəlki vəziyyətə çıxarsın, ona görə də hazırda sərt karantin rejiminə, əlavə məhdudiyyətlərə ehtiyac yoxdur”.

İnfeksionist qeyd edib ki, fevral ayında yüksək yoluxma sayı qeydə alınacaq: “Fevral ayından sonra mart ayının sonlarından başlayaraq artıq biz yoluxma sayında azalmalar görəcəyik. Bundan sonra artıq həmin dövr pandemiyanın son dövrü olacaq. Qış aylarından yalnız fevral ayı qalır ki, bu ay ehtiyatla keçirməliyik.  Karantin qaydalarına riayət etmək lazımdır, xüsusilə də kim ki xəstəliyi keçirməyib, onlar diqqətli olmalıdır. Risk qrupuna daxil olanlar fərdi profilaktik qaydalara əməl etməlidir. Toplum yerlərə getməyək, çox qonaq gedib-gəlməyək, vacib olan yerlərdə maskalardan istifadə etmək lazımdır. Bir sözlə, özümüzü qoruyaq”.

Qeyd edək ki, COVİD-19 xəstəliyini keçirmiş, bununla bağlı PZR testinin nəticəsi pozitiv çıxmış və rəsmi qeydiyyata düşmüş şəxslər 7 gündən sonra “İmmunitet sertifikatı” əldə edə bilərlər. Sertifikatın qüvvədə olma müddəti 6 aydır. Bu müddət bitəndən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda sertifikatın qüvvədə olması müddətsiz olaraq uzadılır.

Hamısını Göstər

Related Articles

Back to top button