Gənc hüquqşünaslar Ulu Öndər Heydər Əliyevin siyasi irsi barədə məlumatlandırılıb

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı, həmçinin gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyətinə olan marağı nəzərə alınaraq prokurorluq orqanlarında növbəti “Açıq qapı” günü keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Yasamal Rayon Prokurorluğunda keçirilən tədbirdə məqsəd Ulu Öndər Heydər Əliyevin siyasi irsi barədə gənc hüquqşünasları məlumatlandırmaq, eyni zamanda, onları prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı tanış etmək olub.

Tədbirdə Bakı Dövlət və “ADA” universitetlərinin, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya, Dövlət Gömrük Komitəsi akademiyalarının hüquq fakültələrində təhsil alan tələbələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev, vətən uğrunda canından keçən şəhidlər və qardaş Türkiyədə baş vermiş zəlzələ qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Yasamal rayon prokuroru Elman Süleymanov, rayon prokurorunun müavini Rəşadət Orucov, Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov və rayon prokurorluğunun əməkdaşları “Heydər Əliyev məfkurəsi və müasir dövlət quruculuğu”, “Prokurorluq orqanlarında həyata keçirilən islahatlar”, “İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına prokuror nəzarəti”, “Prokurorluq orqanlarında istintaq” və digər mövzularda çıxış ediblər.

Sonra prokurorluq orqanları tərəfindən 2022-ci il ərzində görülən işlərlə bağlı videoçarx və “Valideynimin peşəsi” adlı qısametrajlı film nümayiş olunub. Gənc hüquqşünaslarla fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Tələbələr Rayon Prokurorluğunun inzibati binası, istifadədə olan kriminalistik texnika, habelə yaradılmış iş şəraiti ilə əyani tanış olublar.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button