Gedişat bizə yaxşı heç nə vəd etmir: “Sülhməramlılar 1990-cı illərdə olduğu kimi…” – Deputat

“Artıq sülhməramlılıq müəmmalı bir məsələyə çevrilib”.

Dünən sülhməramlı qüvvələrin brifinqi zamanı Rusiya bayrağı ilə yanaşı, Qarabağdakı separatçıların “bayrağı”nın da asılması hər kəsi narahat etməyə başlayıb. Qeyd edək ki, bu cür təxribatlar əvvəl də baş vermişdi.

Millət vəkili Elman Məmmədov Modern.az-a bu mövzu ilə bağlı danışıb. O bildirib ki, noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərərəfindən imzalanan sənəddə açıq aydın göstərilir ki, Rusiya sülhməramlılıq missiyasını yerinə yetirəcək:

“Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq sənədlərində sülhməramlılıq missiyası nədən ibarətdir, sülhməramlılar hansı səlahiyyətlərə, hüquqlara malikdir, hansı vəzifələri icra etməlidir, bunların hər biri açıq-aydın öz əksini tapıb. Biz də Rusiya sülhməramlılarından bunu gözləyirik. Ona görə də razılıq verdik ki, onlar bu missiyanı yerinə yetirsinlər. Çox təəssüf ki, Rusiya sülhməramlıları bu missiyadan daha çox tərəfkeşlik həyata keçirirlər, yəni birmənalı olaraq dünyanın heç bir rəsmi qurumu və dövləti tərəfindən tanınmamış, separatçı qurumun rəhbəri ilə əlaqədədirlər, onunla görüşməkdə davam edirlər. Yayılmış fotoşəkil hər şeyi sübut edir. Əgər Azərbaycanın Baş prokurorluğu Arayik Arutyunyanı və onun ətrafında olanları beynəlxalq axtarışa veribsə və Rusiya sülhməramlıları da onlarla görüşürsə, məsləhətləşirsə, biz onlara nə ad verə bilərik? Bu, ilk növbədə Azərbaycana qarşı hörmətsizlik, həmçinin öz səlahiyyətlərini aşmaqdır. Onlara heç kim ixtiyar verməyib ki, bu cür hərəkətlər etsinlər”.

Elman Məmmədov onu da bildirib ki, artıq sülhməramlılıq müəmmalı bir məsələyə çevrilib:

“Hesab edirəm ki, biz bu məsələlərdə çox diqqətli olmalı və Rusiya sülhməramlılarından ciddi şəkildə tələb etməliyik ki, özlərinə aid olan işlərlə məşğul olsunlar. Bütün bunlar isə bizi məcbur edir ki, baş verənlərə yenidən baxaq. Biz noyabrın 10-da imzalanmış sənədin tələblərinə əməl olunması üçün Rusiya dövləti qarşısında müəyyən məsələləri qaldırmalıyıq. Əgər bu cür təxribatlar davam edərsə, Rusiyanın indiki sülhməramlıları 1990-cı illərdə olduğu kimi 366-cı alayın Qarabağda törətdiyini təkrar edəcək. Çünki gedişat bizə yaxşı heç nə vəd etmir”.

Hamısını Göstər

Related Articles

Back to top button