Geosiyasi mübarizə, yaxud labüd istefa?
Boris Consonun istefası Kiyevə dəstək verən Qərb blokunu ciddi surətdə zəiflədə bilər. Britaniyanın baş naziri bir çoxları tərəfindən, hətta ABŞ prezidenti Co Baydendən də ciddi fiqur hesab edilir. Təsadüfi deyil ki, bu istefadan məmnun qalan Rusiya, məyus olan isə Ukraynadır. Üstəlik, ekspertlər Türkiyə amilini də qabardırlar.
Böyük Britaniyada hökumət böhranı bütün dünyada ciddi rezonans doğurub. Nazirlərin ard-arda istefasından sonra baş nazir Boris Consunun da vəzifəsindən getmək barədə qərarı gündəmi silkələyib. Müşahidəçilərə görə, Conson, səhvlərinə baxmayaraq xarizmatik baş nazir kimi qəbul olunurdu. Onun hakimiyyətdə olan zaman ən ciddi uğuru isə ölkəni problemsiz halda Avropa İttifaqından uzaqlaşdırmaq olub. Ən maraqlısı odur ki, Consonun bəzi ən yaxın tərəfdarları da onun istefasını tələb edib. Özü də baş nazirə qarşı irəli sürülən iradlar birbaşa partiyanın fəaliyyəti və ya siyasi kursla əlaqəli deyil. Əsas şikayətlər onun fərdi və rəhbərlik xüsusiyyətləri ilə bağlıdır. Baş nazir parlament və polis araşdırmaları vaxtı öz ifadələrini bir neçə dəfə dəyişdirib. Onun tənqidçiləri də bunu qeyri-məqbul hesab edib.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:
Böhran necə yaranıb?
Ekspertlərin qənaətincə, Consonun süqutuna gətirən əsas səbəblərdən biri inflyasiyadır – 2022-ci ildə inflyasiya səviyyəsi 9,1 faiz olub. Ancaq bunun səbəbləri Consonun nəzarətindən kənardadır. Məsələn, Rusiyanın Ukraynada başladığı müharibədən sonra neft qiymətləri və qida xərcləri artıb. Hökumət yanacaq qiymətlərini 5 faiz azaltsa da, vergi və icbari sığorta ödənişlərinin qiymətini artırıb. Böhranın kökləri dərinə getsə də, istefa silsiləsinə Mühafizəkarlar Partiyasının parlamentdəki nümayəndəsinə qarşı cinsi sui-istifadə iddiaları ilə bağlı mübahisələr səbəb olub. “Yaşayış xərclərinin ən pis səviyyədə artdığı bir vaxtda, hökumət işləyən insanların vergi xərclərini artırır”, – deyə müxalif Leyboristlər partiyasının lideri Ser Keir Starmer aprel ayında belə demişdi. Boris Consona qarşı narazılıq, həmçinin koronavirus epidemiyası vaxtı hökumətin qərargahında keçirilən ziyafətlərlə də bağlıdır. Baş nazir öncə bu cür toplantılarda iştirak etmədiyini desə də, daha sonra araşdırma keçirən polis faktı təsdiqləyərək, Boris Consona cərimə yazıb. Paralel aparılan parlament araşdırmasının nəticələri açıqlandıqdan sonra isə hakim partiyanın üzvləri də daxil, bir çox siyasətçi, baş nazirin istefasını tələb etməyə başlayıb.
Bundan sonra nə olacaq?
Boris Conson istefa versə də, payıza qədər baş nazir vəzifəsini davam etdirəcək. Mühafizəkarların liderliyi uğrunda mübarizə bu yay keçiriləcək və oktyabrda yeni baş nazir Mühafizəkarlar Partiyasının konfransında iştirak edə biləcək. Müxalifət Consonun qərarını tənqid edib. “Qalmaqallar, əxlaqsız davranış, siyasi uğursuzluqlar ona gətirib çıxardı ki, indiki hökumət gözümüzün qarşısında dağılır” – Keir Starmer deyib. Amma məsələ ondadır ki, Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyası da 12 ildir hakimiyyətə qayıda bilmir. Mühafizəkarlar isə Consonun xarizması sayəsində indiki parlamentdə çoxluğa malikdirlər. Baş nazirin populyarlığını izləyən son sorğulardan birinə görə, onun reytinqi 50 faizdən aşağı düşüb. Bunu beynəlxalq “YouGov” agentliyinin araşdırmasının nəticələri göstərir. Agentliyin keçirdiyi daha bir sorğuya görə, hökumətin üzləşdiyi son qalmaqal baş nazirin istefasını tələb edən britaniyalıların sayını rekord həddə – 69 faizə çatdırıb.
Lavrovun sevinci
“Boris Conson karyerası naminə hakimiyyətdə qalıb, Rusiyanın təcrid olunmasına töhfə verib, nəticədə partiya onu təcrid edib”. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. “Getdi və getdi. Baxın, hamı deyirdi ki, Rusiya təcrid olunmalıdır. Öz partiyası Boris Consonu təcrid etdi”, – o bildirib. Qeyd edək ki, B.Conson Rusiyaya qarşı ən sərt mövqe tutan və Ukraynaya ən səmimi dəstək verən siyasətçidir. Rus oliqarxlara, Putinin yaxın ətrafına tətbiq edilən sanksiyalar qışda enerji təminatı məsələsində ölkədə problemlər yarada bilər. Əgər London sadalanan çətinliklərlə üzləşsə, Moskvaya münasibətdə müəyyən yumşalmaların olması mümkündür. Amma unutmaq olmaz ki, Conson hələ seçkilərə – oktyabr ayına kimi öz vəzifəsinin icrasını davam etdirəcək. Ona görə də, Rusiyaya münasibətdə yumşalmaları yaxın aylarda gözləməyə dəyməz. Ümumiyyətlə isə qarşıdakı dövrdə bəhs edilən istiqamətdə hər şey yeni formalaşacaq parlamentdən, xarici siyasətdən və ona təsir edən amillərdən asılı olacaq. Consonun istefası Kiyevə dəstək verən Qərb blokunu ciddi surətdə zəiflədə bilər. Çünki Britaniyanın baş naziri bir çoxları tərəfindən, hətta ABŞ prezidenti Co Baydendən də ciddi fiqur hesab edilir.
Ukrayna ümidini itirmir
“Əminəm ki, Boris Consonun istefasından sonra Böyük Britaniyanın Ukrayna ilə bağlı siyasəti dəyişməyəcək”. Bunu isə Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib. “Əlbəttə, Conson müharibə zamanı özünü cəsarətli və risk etməkdən çəkinməyən bir insan kimi göstərdi. Ən azı apreldə Kiyevə səfərini xatırlayaq. O, elə bir insandır ki, onu əvəz etmək çox çətindir. Amma əminəm ki, baş nazirin kim olmasından asılı olmayaraq, Britaniyanın Ukraynaya dəstəyi dəyişməz qalacaq. Biz onlarla əməkdaşlıq edəcəyik və onlar bizə kömək edəcəklər”, – Kuleba qeyd edib. Eyni fikri prezident Vladimir Zelenski də səsləndirib. Bildirib ki, baş nazir Boris Consonun istefasından sonra Böyük Britaniyanın Ukrayna siyasətinin dəyişməyəcəyinə əmindir. O, Boris Consonu Ukraynanın əsl dostu adlandırıb.
Elə Conson da, istefasına baxmayaraq, Ukraynaya dəstəyin davam edəcəyini deyir. Hərçənd, kabinet böhranı, yeni seçkilər diqqətin daxili proseslərə yönəlməsinə səbəb olacaq və bu, Ukrayna cəbhəsindəki vəziyyəti də dəyişdirə bilər. İstisna deyil ki, qarşıdakı dövrdə Qərb cəbhəsindən Ukraynanın Rusiya ilə masaya əyləşməsi istəyi daha sıx dilə gətiriləcək.
Yeri gəlmişkən, Böyük Britaniyanın türk dövlətləri, xüsusilə Türkiyə ilə bağlı siyasətinin Boris Conson timsalında bütün çılpaqlığı ilə təzahür etməsi də bəzi mətləblərə yol açmış ola bilər. Məlum olduğu kimi, Britaniya rəsmi Ankaranın xarici siyasətdə, o cümlədən NATO çərçivəsində ən önəmli partnyorudur. Böyük Britaniya Boris Conson timsalında Türkiyənin Qərbdəki rəqiblərinə qarşı böyük baryer idi və bir çoxları bu qənaətdədir ki, onun istefasında birbaşa olmasa da, dolaysı ilə bu detal da rol oynaya bilər.