Geri qaytarılan 30 milyon manatlıq əmlak generalın deyil?
“Mən bu gün də Akif Çovdarovun vəkiliyəm və sonuncu prosesdə də vəkillik etmişəm”.
Bunu “Qaynarinfo”ya açıqlamasında vəkil Kamandar Nəsibov deyib.
Vəkil general-mayor Akif Çovdarovun müsadirə olunmuş əmlakların geri qaytarılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsi qərarını şərh edib.
Kamandar Nəsibov bildirib ki, məsələ ilə bağlı Apellyasiya Məhkəməsinin qərarı Ali Məhkəmədə ləğv olunub və yeni baxışa göndərilib:
“Əmlakların geri qaytarılması deyəndə, burada bir dəqiqləşdirməyə ehtiyac var. Apellyasiya Məhkəməsi işə yenidən baxıb, araşdırıb, hesab edib ki, əmlaklar Akif Çovdarova yox, başqa mülkiyyətçilərə aiddir. Bu səbəbə görə, hökmün həmin hissəsi ləğv olunub və müsadirə edilmiş əmlak mülkiyyətçilərə qaytarılıb”.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi ilə bağlı müsadirə olunmuş əmlaklar geri qaytarılıb. Bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər heyəti belə qənaətə gəlib ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə müsadirə olunmuş əmlaklar sahiblərinə geri qaytarılmalıdır. Bazar dəyəri 30 milyon manata yaxın qiymətləndirilmiş sözügedən əmlaklar Akif Çovdarovun ailə üzvlərinə məxsusdur.
Xatırladaq ki, Akif Çovdarov 2015-ci ildə həbs olunub. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan general-mayor Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.