Həm müharibədən, həm də sülhdən qorxan ermənilər – Paşinyanı yıxsalar, daha betər olacaq!

İki gün sonra Türkiyə Prezidenti, Azərbaycan xalqının qəlbində əbədi taxt qurmuş hörmətli Rəcəb Tayyib Ərdoğan ölkəmizə növbəti səfərini edəcək. Budəfəki ziyarətin siyasi özəlliyi isə bambaşqadır.

Füzuli ziyarəti yüzdə yüz dostlarımızı sevindirəcək, düşmən və rəqiblərin qanını isə əməlli-başlı qaraldacaq, sonunculara göz dağı bir səfər olacaq. Bu öz yerində. Məsələ həm də ondadır ki, Ərdoğan təyyarə ilə Bakıya yox, birbaşa inşası təzəcə bitmiş Füzuli Beynəlxalq Hava Limanına enəcək. Azərbaycanlı həmkarı İlham Əliyevlə hava limanının təntənəli açılışını edəcək.

Ermənilərin qara ürəklərindən qara qanlar da elə o andan axmağa başlayacaq. Bu, Füzulini hələ də öz aləmlərində “Varanda” adlandıran saxtakar və sırtıq qonşulara növbəti ağrılı qulaqburması, yağlı şillə olacaq. Təkcə onlaramı?

Əlbəttə yox. Onların ikiüzlü və arsız havadarları da layiqli paylarını alacaqlar. Zira, Füzuli də daxil, Qarabağın gerçək yiyəsinin kim olduğunu bir daha görəcəklər. Hamı görəcək. Görəcək və biləcəklər ki, dirəniş də, “status” söhbətləri də boş şeylərdir, quru vaxt itkisidir.

Görəcək və növbəti dəfə əmin olacaqlar ki, Ermənistanın nə iqtisadi, nə də hərbi sferada Azərbaycanla ayaqlaşmaq şansı və gücü yoxdur, gözlənilmir. Odur ki, Ermənistan üçün tək qurtuluş – Qafqazın açar ölkəsi Azərbaycan və Türkiyə ilə təcıli şəkildə anlaşıb dinc-yanaşı yaşamaq, onlarla mehriban qonşuluq əlaqələri qurub inkişafa üz tutmaqdır.

Bunu sağlam məntiq deyir. Əfsus ki, ermənilərin öz məntiqi var – xəstə məntiq. Onlar dünyanın bəlkə də yeganə millətidir ki, xeyri ilə şərini bilməzlər. 30 illik işğal dövrünü yada salın. Azərbaycan “torpaq əvəzinə sülh” formulu çərçivəsində keçmiş DQMV-yə dünyada ən yüksək siyasi status verməyə hazır idi. Amma onlar “şadlıqlarına şitlik” elədilər. “Nə muxtariyyət? Azdır” dedilər, “Biz qan töküb torpaq almışıq, siz də bacarırsınızsa, qanla geri alın!” dedilər. “Torpaq əvəzinə torpaq!” deyib durdular. Yəni ki, torpaqlarımızda qurulan ikinci saxta erməni “dövləti”ni, biz həm də hamıdan əvvəl, hətta Ermənistandan da qabaq tanımalı idik.

Bakıdan adekvat cavab almayanda ardınca bütün “qırmızı cizgiləri” keçdilər: milli heysiyyətimizlə oynadılar, “sarı simlərimiz”ə toxundular, “dqr”in qondarma parlamentini Şuşaya köçürüb, bu qədim şəhərimizi oyuncaq “dövlət”in “paytaxtı” elan eləməyə cəhd göstərdilər. Məscidlərimizi murdarladılar. Nəhayət, Cıdır düzündə donuz ətindən kabab çəkib üstündən erməni konyakı içərək, səbir kasamızı dolduran Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasını ifraz elədi…

Lakin Allaha şükürlər olsun ki, şeytanların yox, fələyin saydığı oldu. Yağlı nöqtəni də, nidanı da Azərbaycan Ordusu qoydu, pişikyanlar yox! Odur-budu, bir ildir yas içindədirlər, başlarına döyürlər. Çifayda? “Çox istəyən azdan da olar” deməyibmi müdrik atalarımız…

Amma işə bax ki, məğlub olsalar da, havadarlarının “dudkası”na uyub yenə yuxarıdan gedirlər. Ayaqlarını yorğana görə uzatmırlar. O havadarlar ki, erməniyə 30 il boş ümidlər verə-verə onu cəmi bir öncə 2-ci Qarabağ savaşındakı darmadağına, fəlakətə tuş elədilər. Fəqət deyəsən, dərs olmadı. Yenə də çox şey istəyirlər.

Beləcə, xeyri ilə şərini bilməyən əcaib bir məxluqatla qonşuyuq. Heç bu dəqiqənin özündə də dəqiq bilinmir ki, dərdləri-azarları nədir. Həm müharibədən çəkinirlər, həm də sülhdən. Guya Paşinyanı yıxsalar, yaxşı olacaq! Sülh müqaviləsinə, kommunikasiyaların açılmasına qarşı (!!) kütləvi etirazlara hazırlaşmağın başqa hansı anlamı ola bilər ki. Bir ildi həm Rusiyanı, Putini söyür, satqın adlandırırlar, həm də onu xilaskar sayırlar. Eyni vaxtda Rusiyanın və Qərbin vassalı, sadiq nökəri olmaq istəyirlər. Gəl, indi baş aç.

Sonra. Öz sərhədlərini özləri qorumaq həvəsində deyillər, sərhədlərin delimitasiya və demarkasiyasına gələndə isə bu işi də başqalarının – rusun, fransızın üstünə atırlar. Bununla belə, utanmazcasına Ermənistanın suverenliyindən, müstəqilliyindən dəm vururlar. Ancaq bunlar mənasız cəhdlərdir. Qatar çoxdan gedib. Ermənilərə indi özlərindən savayı heç kim kömək edə bilməyəcək. Onların ən ağıllı rəhbəri də indi elə Paşinyanın özüdür…

“Nə qədər mamaça olsa da, güc doğana düşər” deyiblər. Qərarı ermənilərin yerinə heç kim verməyəcək. Əgər səmimi şəkildə sülh istəyində olsalar, sülhü alacaqlar. Yox, onda “Ermənistan” adlı simvolik dövlətləri üçün də taxta tabut hazırlaya bilərlər…

Hamısını Göstər

Related Articles

Back to top button