Həyatını və zəkasını milli məqsədlərə sərf edən lider

Bütün xalqların milli özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də zəngin maddi-mənəvi mədəniyyət nümunələri əsasında müəyyənləşir. Tarixən formalaşmış ənənələr, mental baxışlardan qaynaqlanan mənəvi-əxlaqi dəyərlər hər bir etnosun milliliyinin, kamillik səviyyəsinin təcəssümü olmaqdan savayı, həm də bəşər sivilizasiyasına gözəl töhfədir. Milli kimliyi ifadə edən bu dəyərlər, eyni zamanda, hər bir xalqın toxunulmaz xəzinəsidir.

Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz ümummilli lider Heydər Əliyevin üzərinə düşmüşdür. Ulu öndər müstəqil Azərbaycana rəhbərliyi dövründə çıxışlarında hər zaman xüsusi vurğulayırdı ki, müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini də çağdaş zamanın aktual problemlərindən birinə çevirmişdir. Problemi aktuallaşdıran başlıca amil budur ki, total əxlaqın və çoxtərəfli inteqrasiyanın diqtələri bir çox hallarda əsrlərin “mirasına” – milli-mənəvi ideallara qarşı yönəlir. Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu təhdidi düzgün qiymətləndirməsi, daim diqqət mərkəzində saxlaması və potensial təhlükə mənbəyinə çevrilməsinin qarşısını almasıdır. Heydər Əliyevin öz Vətəninə, xalqına, milli irs və ənənələrinə bağlılığı həmin təhdidlərin önündə də əzəmətli sipərə çevrildi, bütövlükdə xalqın genetik yaddaşını qorudu. Bu dahi şəxsiyyət hələ keçmiş sovetlər dövründə türkdilli xalqların min illərin sınağından çıxmış mədəniyyətinə, tarixinə, ənənəsinə həddən artıq bağlı olmaqla yanaşı, onların qorunması üçün əlindən gələni əsirgəmədi.

Tarixən yalnız milli iradənin, irs və ənənələrin, düşüncə sisteminin parlaq təzahürü kimi yaranmış dövlət modeli sərt sınaqlar qarşısında duruş gətirərək inkişafın əsasına çevrilir. Bu cür milli dövlət modeli isə, ilk növbədə, sağlam cəmiyyətdə intişar taparaq xalqın mənəvi dəyərlər sisteminə əsaslanır. Sağlam mənəviyyatlı, yüksək ixtisaslı insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit bir qüvvə kimi fəaliyyət göstərə bilir. Cəmiyyətin sağlamlığını çoxlu əlamətlərdə axtarmaq olar, lakin bu əlamətlərin hamısı əsas bir göstəricidə özünü büruzə verir: ölkənin iqtisadi və mənəvi tərəqqi sürətində. Biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik. Bu sürət dünyanı da heyran qoymuşdur. Lakin təkcə biz yox, bütün dünya gərgin bir templə, mürəkkəb proseslər fonunda tərəqqi edir. Ona görə iqtisadi və mənəvi inkişaf templərinin sabah necə olacağına heç bir təminat yoxdur. Sabahkı uğurlara yeganə təminat – sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mən “əzm” sözünü təsadüfi işlətmirəm. Bizim misilsiz mənəvi irsimiz olan Heydər Əliyev şəxsiyyəti bu anlayışla ayrılmaz surətdə bağlıdır. Əzmlə, ardıcıl olaraq xalq və milli dövlət dəyərlərinə xidmət onun şəxsiyyətinin əsas cizgiləri idi. Ulu öndər bütün həyatını, ömrünü, ağlını, zəkasını böyük milli məqsədlərə sərf edib. Buna görə bütün xalqımız ona minnətdardır.

Fəqət, minnətdarlıq azdır. Duyğular bizi Heydər Əliyev irsinin əsas məzmunundan yayındıra bilməz. Həmin məzmun unudulmaz rəhbərin xalqa xidmət idealları ilə bağlı idi. Onun tərəqqisinə xidmət edən işlər görmək dahi insanın ömrünün mənası idi. Rəhbərin dövlətçiliyi və millətçiliyi tarixi əhəmiyyət kəsb edən məqsədlərə tərəf ardıcıl və başlıcası isə, həmişə böyük nəticəli hərəkət idi. Bu da Heydər Əliyev şəxsiyyətinin çox qiymətli sosial və pedaqoji keyfiyyəti idi. Ulu öndərin nümunəsi bizi adi xidmətə yox, böyük tarixi və milli məqsədli xidmətə sövq edir. Xalqımızın sürətli tərəqqisinə nail olmaq planları böyük rəhbər üçün milli təhsil sisteminə gündəlik qayğı ilə ayrılmaz idi. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın təhsili əslində yenidən quruldu. Ümummilli lider hesab edirdi ki, qabaqcıl kadrları olmayan xalqın inkişaf etmiş dövləti ola bilməz. İqtisadiyyatda yaratdığı yeni sənaye sahələri üçün ulu öndər keçmiş sovetlər birliyinin bütün qabaqcıl ali məktəblərində kadrlar hazırladır, minlərlə gənci respublikadan kənara təhsilə göndərirdi. Bilik Günü məktəblərə gedir, təhsilimizin gələcəyi barədə öz vəsiyyətlərini şərh edirdi. Böyük rəhbər bu yanğısı, diqqəti və idrakı ilə həm də hamımızın müəllimi idi. Hər dövrdə, hər cəmiyyətdə tərbiyə о halda uğurlu olur ki, onun əyani şəxsi nümunəsi olsun. Tarix bu nümunəni bizə bəxş etməklə gənc nəslin tərbiyəsi işinə böyük töhfə vermişdir. Milli ruhda tərbiyə alan insanın ən yaxşı ideal nümunəsi ümummilli liderin mübarizələr və qələbələr dolu bioqrafiyasıdır. Etiraf etməliyik ki, biz bu bioqrafiyanın əsas mənasını, pedaqoji fəlsəfəsini kifayət qədər tədris və təbliğ edə bilmirik.

həyat yolunu əks etdirən materialların, əyani vasitələrin, kitab və filmlərin azlığı və natamamlığı hiss olunur. Mövcud kino materiallarında sovet dövrünün təbliğat ştampları çox qabarıqdır. Bu ştampların arxasında böyük şəxsiyyətin milli səciyyəsi, milli zəmin və dəyərlərlə bağlılığı öz əksini bəzən çox zəif tapmışdır. Heydər Əliyev şəxsiyyətindən söhbət gedəndə bura Azərbaycanı da əlavə etmək lazım gəlir. Çünki Heydər Əliyev şəxsiyyəti çoxdan Azərbaycanla bütövləşmiş, onun ruhu Azərbaycana, Azərbaycanın ruhu Heydər Əliyevə keçmişdir.

Ümummilli liderin Vətəninin milli-mənəvi dəyərlərinə ruhən bu qədər vurğunluğunu da, görünür, elə bu bağlılıqda axtarmaq lazımdır. Heydər Əliyevin milli-mənəvi dəyərlər məsələsində irəli sürdüyü prinsiplər, həmin problemin həlli ilə bağlı müəyyənləşdirdiyi aydın xətt, atdığı addımlar bəzən əsl mahiyyəti üzrə şərh olunmur və elmi yanaşmalarda müəyyən yanlışlıqlara yol verilir. Ümummilli liderin bu sahədə xidmətlərinin, sadəcə olaraq, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, elminə, təhsilinə, səhiyyəsinə yüksək qayğı kimi səciyyələndirilməsi bu işlərin gerçək miqyası üçün kifayət etmir. Çünki görülən işlər, sadəcə, qayğı olmaqla məhdudlaşa bilməz. Bütün bunlar ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi tək qorunaraq gələcək nəsillərə əmanət edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması üçün atılan düşünülmüş, məqsədyönlü addımlardır.

Tarixdə xalqına, onun maarifinə xidmət edən rəhbərlər az olmayıb. Amma onların milli dəyərlərdə təcəssüm tapmasına nədənsə nadir hallarda təsadüf olunur. Heydər Əliyev məhz belə rəhbər və dövlət xadimi idi. Milli sözünün ehtiyatla işlədildiyi sovet dövründə də, Naxçıvanda yaşayanda da, müstəqillik dövründə də dahi rəhbər ən Böyük Azərbaycanlı olduğunu parlaq təcəssüm etdirən sadə və eyni zamanda, zəngin bir sima idi. Ulu öndərin ana dilimizdə parlaq və sərrast nitqi bu dahi insanı əbədi olaraq millilik rəmzi kimi anmağımız üçün kifayətdir.

Ümummilli liderin xalqımız qarşısında xidmətləri çoxdur. Lakin onların arasında böyük rəhbərin natiqlik irsi xüsusilə müqəddəsdir. Heydər Əliyevin nitqinin xəlqiliyi azərbaycançılığın ən parlaq təcəssümü idi. Bu gün təsəvvür etmək çətindir ki, sərbəst işlənən doğma ana dilimiz bir vaxtlar öz varlığını yaşatmaq üçün mübarizələr aparırdı. Həmin mübarizələrin tarixində Heydər Əliyevin danılmaz rolu olmuşdur. Ümummilli lider ana dilimizin azadlığı uğrunda iki cəbhədə çalışırdı. Birinci cəbhə bu insanın özünün ana dilində danışması idi. ikinci cəbhə isə qanunverici və rəsmi yollarla dilimizin statusunun artırılması xətti idi. О zamanlar belə bir mübarizəyə qoşulmaq böyük cəsarətin, qətiyyətin və ən əsası isə Vətənə, millətə, onun milli sərvətinə sonsuz məhəbbətin nəticəsi idi. Ulu öndərin ana dilində ilk nitqləri tarixi məna kəsb edirdi. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə başlanan milliləşmə prosesi, mən deyərdim ki, bu nitqlərin təsiri ilə başladı. Həm də mühümü odur ki, onlar əyalətdə, xalq kütləsinin içində başladı. Sonralar ulu öndər Bakıdakı tədbirlərdə də ana dilində danışmaq üçün fürsətlər tapdı. Yaradıcılıq ittifaqlarının, xüsusilə Yazıçılar Birliyinin məclislərində Azərbaycan türkcəsində parlaq çıxışlar etməyə başladı. Rəhbərin rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratmışdı. Bunun özü də tarixi bir xidmət idi. Yad dildə danışan dövlət milli ola bilməz. Ona görə ulu öndərin nitqləri onun rəhbərlik etdiyi hakimiyyətdə də doğmalıq hissləri yaradırdı. Dövlət məmurları anlayırdılar ki, Heydər Əliyevin yorulmadan qurub yüksəltdiyi Azərbaycan iqtisadiyyatı xalqımızındır və onun dövləti üçündür. Bunu dərk edən, ulu öndərə sidqlə inanan minlərlə insan sonralar Azərbaycanın müstəqilliyini müdafiə etdi, bu müstəqilliyin memarının yaxın köməkçisi və silahdaşı oldu.

Yazıçı və sənət adamları ilə görüşəndə ulu öndər yeni bir elmi-ədəbi üslubda danışmağa başladı. Həm də parlaq şəkildə, ana dilinin söz imkanlarının bütün qatlarına, çalarlarına zərgərcəsinə bələdliklə danışmağa başladı. Ümummilli liderin gözəl nitqi yazıçıları, ədəbiyyatçı alimləri, illərlə mühazirələr oxuyan professorları da heyran qoyurdu. Böyük rəhbər ana dilini harada belə öyrənmişdi? Ulu öndərin yeniyetmə vaxtından işlədiyi təhlükəsizlik orqanlarında ana dilində danışmağa macal belə yox idi. Bəs bu parlaq nitq qabiliyyəti haradan idi? Əlbəttə ki, onun genetik yaddaşından gəlirdi. Heydər Əliyev bu dilin parlaq təcəssümü olan bir mühitdə, sadə azərbaycanlı ailəsində formalaşmışdı. Ümummilli liderin canlı ana dilini öz nitqi ilə zinətləndirməsi onun bu sahədəki xidmətlərinin bir tərəfi idi. Həmin irsin ikinci tərəfi ulu öndərin rəsmi yolla da ana dilimizin statusunu qaldırmaq üçün misilsiz xidmətləri idi. Mən onlardan ancaq birinin üzərində durmaq istəyirəm. Bu, 1978-ci ildə Konstitusiya qəbul olunanda Azərbaycan dilinin dövlət dili kimi göstərilməsi idi. Həmin dövrdə təhlükəli bir nəzəriyyə ortaya atılmışdı: iddia olunurdu ki, guya sovet dövlətində yaşayan bütün insanlar vahid bir millətə – sovet xalqına çevriliblər. Bu, milli dillərə, mədəniyyətlərə qarşı yönəlmiş nəzəriyyə idi. Belə vaxtda Heydər Əliyev Elmlər Akademiyasında böyük alimlərin iştirakı ilə Konstitusiya layihəsinin müzakirəsini təşkil etdi. Rəhbərin irəli sürdüyü qeyri-rəsmi istiqamət nəticəsində yığıncaqda Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi qəbul edilməsi barədə təklif verildi. Milli ziyalı təbəqəsinin bu təklifini Moskva qulaqardına vura bilmədi. Bu qeyddən sonra ana dilini inkişaf etdirmək, bu dildə elmi və bədii yaradıcılığı genişləndirmək, televiziya, mətbuat, kino, teatr quruculuğunda milli dilin tətbiqini gücləndirmək daha asan oldu. Kino kimi mühüm sahədə Moskva Bakıdan gələn ssenariləri belə rus dilində tələb edirdi. Ona görə kinostudiya əcnəbi millətlərdən olan qələm adamları ilə dolmuşdu. Bunu aradan qaldırmaq üçün ulu öndər kinostudiyaya ana dilinə, xalqa bağlı kadrlar cəlb etdi. Məhz Heydər Əliyevin vaxtında və onun bilavasitə himayəsi ilə xalqımızın tarixi qəhrəmanlıq keçmişini əks etdirən filmlər kinomuzun əsas mövzusu oldu. “Nəsimi”, “Babək”, “Dəli Kür” kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində və sonralar kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı. İnamla demək olar ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ədəbiyyat və incəsənətimizdə milli cərəyanın yüksəlişinə səbəb oldu. Ulu öndər Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov, Anar, Əkrəm Əylisli kimi milli zəminə bağlı və istedadlı sənətkarları daim himayə edirdi. Belə sənətkarlar isə ədəbiyyatın milli varlığımız, dəyərlərimizlə bağlı mövzularını uğurla işləyib inkişaf etdirirdilər. Heydər Əliyevin irsinin ayrılmaz bir qanadı onun tariximizə və tarix elmimizə qayğısı ilə bağlıdır. Milli keçmişimizi dərindən mənimsəmiş ulu öndər milli dövlət üçün tarixin və tarix elminin fundamental əhəmiyyətini gözəl bilirdi. Ona görə Nizami Gəncəvinin və Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunması məqsədilə partiya qərarları verildi. О zaman bu qərarlar inqilabi bir təzəlik idi. Bunlar cəsarət nümunəsi idi. Ona qədər Azərbaycanın Rusiya tərkibinə daxil olmasının 150 illiyi kimi bədnam yubileylər qeyd edilmişdi. Lakin Heydər Əliyev böyük ədəbi yubileyləri xalqın varlığını üzə çıxarmaq, onun milli tarixini araşdırıb təbliğ etmək formasına çevirdi. Böyük şəxsiyyətin nüfuzu qarşısında Moskva da belə hallara etiraz edə bilmirdi.

Heydər Əliyevin mənəvi irsinin və milli tarix konsepsiyasının mühüm bir istiqaməti Azərbaycan Sovet Sosialist Respublikasının tarixinin milli xəttini görməsi, ardıcıl surətdə üzə çıxarması və təbliğ etməsi idi. Hələ indiyə qədər bu konsepsiyanın əhəmiyyətini dərk etməmək hallarına təsadüf olunur. Ulu öndər çox haqlı olaraq hesab edirdi ki, bütün səhv və əyintilərlə yanaşı, 70 illik sovet hökuməti zamanında xalqımız misilsiz tərəqqi yolu keçib və başlıcası isə, müstəqillik üçün iqtisadi və dövləti əsaslar yaradıb. Həmin əsaslar olmadan indiki müstəqil dövlətimizin varlığı da mümkün deyildi.

Heydər Əliyev sovet Azərbaycanı tarixində Nəriman Nərimanovla başlanan, Səməd Vurğun, Mirzə İbrahimov, Mir Cəlal, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, İsa Hüseynov kimi şair, yazıçı və alimlərin fəaliyyətini qırılmaz milli xətt sayırdı. Təsadüfi deyil ki, hakimiyyətə gəldiyi vaxtdan ilk böyük yubiley 1970-ci ildə Nəriman Nərimanova və 1976-cı ildə Səməd Vurğuna həsr edildi. Onların fəaliyyəti və irsi ulu öndər üçün əziz və misilsiz dərəcədə qiymətli idi. Ümummilli lider hələ о zaman mübahisələr doğuran “26-lar” filminin çəkilişində N. Nərimanovun gözəl obrazının yaradılmasına nail oldu. Belə deyirlər ki, Səməd Vurğun yaradıcılığını ulu öndər əzbər bilirdi. Unudulmaz rəhbər sovet vaxtı yaranmış mədəniyyətimizə böyük məhəbbətlə yanaşır və bunu bizə aşılamağa çalışırdı. N. Nərimanov şəxsiyyəti ulu öndər üçün həm də erməni fitnəkarlığına qarşı mübarizə rəmzi idi. Müstəqillik ərəfəsində qanlı-qadalı problem yenidən qarşımıza çıxdı. Ölkəmizin ərazilərinin bir hissəsi işğal olundu. Bu gün Dağlıq Qarabağ

məsələsi şagirdlərə milli yaddaş tərbiyəsinin tərkib hissəsi kimi izah olunmalıdır. Heydər Əliyevin bioqrafiyasının əsas xətlərindən birini onun erməni fitnəkarlığına qarşı mübarizəsi təşkil edir. Respublikanın heç bir rəhbəri Azərbaycanda erməni fitnəsinə qarşı ulu öndər qədər ardıcıl və sərt mübarizə aparmayıb. Bu mübarizənin dərsləri bu gün çox aktualdır, ondan hər bir müəllim təcrübəsində faydalana bilər və faydalanmalıdır.

Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövr ərzində Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərini sevərək öz varlığında yaşadıb, əməllərində bu dəyərləri müqəddəs, toxunulmaz bir xəzinə kimi qoruyub, onun əbədiyaşarlığını təmin edib. Fırtınalardan, qasırğalardan keçən həyatında bu torpağa rifah gətirən Heydər Əliyev mütərəqqi insanların məhəbbətini, ehtiramını qazandı, cılız, paxıl, riyakar, xalq, vətən təəssübkeşliyindən uzaq olanların təqibi, şəri, böhtanı ilə üzləşdi. Fəqət, sarsılmadı. “Ən böyük şəxsiyyətlər özlərindən çox mənsub olduqları cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını həsr edən insanlardır” – dedi. Heydər Əliyevin baxışlar sistemində din yalnız mənəvi dünyanın pəncərəsindən boylanır. Ulu öndər dinin siyasi alətə çevrilməsinə, insanların müqəddəs inanclarının siyasi proseslərin təsiri ilə adiləşib dəyərini itirməsinə heç vaxt imkan verməmişdi. Ulu öndər bu inancları bütün siyasi proseslərin fövqündə saxlamış və qorumuşdu. Milli dövlətçiliyin konkret mənəvi dəyərlər sistemi əsasında vahid məqsədə yönəldilməsi, xalqın tarixi yaddaş və mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmişdi. Dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdı. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşa bu torpaq üçün milli yiyəlik hissi aşılamışdı. Dini tolerantlığın polietnik mövcudluğunun qarantı kimi Azərbaycançılıq ideologiyasını irəli sürərək onun praktik nəzəriyyəyə çevrilməsinə nail olmuşdu.

Bir sözlə, dilimizin, dinimizin, tariximizin, incəsənətimizin şərəfli səhifələrinin şəriksiz müəllifi olan ulu öndər bu mənəvi dəyərlərə ömrünün sonuna qədər sadiq qalmışdı.

Müstəqilliyin ilk illərində vətəndaş tərbiyəsi ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Bu vacib vəzifənin həyata keçirilməsi üçün Azərbaycan vətəndaşının ideya-siyasi düşüncəsini formalaşdırmaq lazım gəlirdi. Həmin istiqamətdə xeyli iş görmüş dövlət rəhbəri “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Bu gün mənəvi tərbiyə keçmiş illərdən daha çox lazımdır”, – deyirdi. Həm də öz şəxsi təcrübəsində gördüklərindən bu qənaətə gəlirdi. Ulu öndərin tükənməz enerjisinə, dərin zəkasına, müdrik ağlına, dünya şöhrətinə, sarsılmaz nüfuzuna qısqanclıqla yanaşanlara, haqsız hücumlara, böhtançılara, paxıllara öz möhtəşəm ağlı ilə cavab verirdi: “Paxıllıq, şər, böhtan xam at kimidir – sahibini heç bir zaman mənzil başına sağ-salamat çatdıra bilməz”, – deyirdi.

Ümummilli lider Heydər Əliyev xalqın milli-mənəvi dəyərlər sistemində ailənin rolunu daim müstəsna dəyərləndirirdi. Böyük strateq ailəni, eyni zamanda, ülvi və müqəddəs dəyərlərin tərənnümçüsü kimi qiymətləndirir, xalqın mənəvi kamillik səviyyəsinin təmin olunmasında, genefondunun saflığının qorunmasında əhəmiyyətini daim önə çəkirdi. Mübaliğəsiz deyə bilərik ki, bu gün Azərbaycanda minlərlə yeni qurulan ailənin müqəddəs örnək kimi istinad edəcəyi qürur və fəxarət ünvanı var. Ulu öndər Heydər Əliyevin möhkəm mənəvi təməl və niyyətlər, ülvi arzular üzərində yaratdığı ailə modeli hər bir azərbaycanlıda böyük rəğbət hissi doğurur. Bu ailənin ən böyük xoşbəxtliyi isə onun hər bir üzvünün cəmiyyət üçün gərəkli, faydalı şəxsiyyət olmasındadır. Bəli, Heydər Əliyevin möhkəm təməl üzərində əsasını qoyduğu ailə öz xoşbəxtliyini məhz xalqa layiqli xidmətdə görür!

Ümummilli lider Heydər Əliyev müdrik dövlət rəhbəri olmaqla yanaşı, həm də mütərəqqi azərbaycanlı dəyərlərini parlaq şəxsiyyətində yaşadan, cəmiyyət üçün örnək sayılan ailə başçısı idi. Böyük şəxsiyyət kimi yetişən, xoşbəxtliyi əqli kamillikdə, təmizlikdə və halal zəhmətdə axtaran, ailənin saf sevgi üzərində qurulması vacibliyini erkən yaşlarından dərk edən Heydər Əliyev cəmiyyətdə öz layiqli yerini tutmuş, saf təməl üzərində qurduğu ailənin bütün qayğılarını öz üzərinə çəkmişdi.

Bəzən özümüzdən də xəbərsiz yaradılışımızdan bizimlə birgə ali bir duyğu doğulub, köksümüzün altında göyərib boy atır. Zaman keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən, hiss və düşüncələrimizə hakim kəsilən о duyğu dar məqamlarda ən yaxın köməkçimizə çevrilir. Həyatdan əlimizi üzəndə о duyğu imdadımıza çatır, inamımızı, istinadgahımızı itirəndə о duyğu bizim üçün inama, istinadgaha çevrilir. Nə vaxtsa bu duyğunu sevgi adlandırırıq. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Heydər Əliyev öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanıma olan sonsuz sevgisi və bu sevginin etirafı ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək məhəbbət rəvayəti də yaratdı.

Saf sevgiyə qovuşmaq, qəlbinə yaxın bir insanla ailə həyatı qurmaq üçün sıralarında çalışdığı keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyi ilə uzun müddət mübarizə aparmalı olan, bu müqəddəs amal uğrunda hətta tutduğu vəzifəni və gələcək karyerasını itirməkdən belə çəkinməyən Heydər Əliyev yüksək mənəvi keyfiyyətləri ilə həm də milli ideallara bağlılığını sübuta yetirdi. Keçmiş rejimin ideoloji-siyasi bu-xovları, yazılmamış “qanunları” onun görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqının nicatına sərf etmiş professor Əziz Əliyevin qızı, yüksək intellekti, savadı, nəcib, humanist keyfiyyətləri, geniş dünyagörüşü ilə seçilən Zərifə xanım Əliyeva ilə müqəddəs ittifaqa – nikaha girməsinə heç vəchlə mane ola bilmədi.

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri о qədər zəngin və çoxcəhətlidir ki, fəaliyyətinə nəzər salarkən bu dahi insanın nəcib və xeyirxah şəxsiyyət olması faktı bir daha təsdiqini tapır. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir insan kimi yaşadığı mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir alim və həkim üçün mənəviyyat dərsi, kamillik zirvəsidir. Elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək sayılacaq şəxsi keyfiyyətləri, xeyirxah məqsədlərə köklənmiş nəcib xarakteri, ziyalılığı və sadəliyi ilə Zərifə xanım Əliyeva həm də ailəsinin sağlam təməl üzərində qurulmasına çalışmışdır. Bu nəcib şəxsiyyəti yaxından tanıyanlar hər zaman deyirlər ki, Zərifə xanım valideynləri üçün layiqli övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı qayğıkeş ana olub! Məhz bu diqqət və qayğının nəticəsi kimi, həm qızı Sevil xanım Əliyeva, həm də cənab İlham Əliyev gənc yaşlarında yüksək ali təhsil almış, bir neçə xarici dili mənimsəmiş, nəcib şəxsi keyfiyyətləri, təşəbbüskarlıqları ilə cəmiyyətdə layiqli yerlərini tapmışlar. Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu son beş ildə əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı statusu təkcə onun siyasi portretini zənginləşdirən əlavə ştrix deyil, həm də siyasi kontekstdə cənab İlham Əliyevin siyasi çəkisini artıran amil kimi nəzərə çarpır. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçi-si kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.

Bu gün ulu öndərin ali ideallarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənəsini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Görünür, Mehriban xanım Əliyevanın üzərinə götürdüyü bu xeyirxah missiya tarixi bir qanunauyğunluq, həyatın diktə etdiyi ilahi harmoniyadır. Mehriban xanım Əliyeva akademik Mir Cəlal Paşayevin və milli mətbuatımızın patriarxı, minlərlə Azərbaycan jurnalistinin ustadı olan qüdrətli qələm sahibi Nəsir İmanquliyevin ocağından nur alıb. Onun həyat müəllimləri isə özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan qadınının şərəf mücəssəməsi Zərifə xanım Əliyeva olub.

Ölkənin birinci xanımı Mehriban Əliyevanın milli-mənəvi irsimizin qorunması istiqamətində ardıcıl səyləri də Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək sayğının təzahürüdür. Xalqına və dövlətinə qəlbən bağlı olan Mehriban xanım Əliyeva həyatının mənasını nəcib və xeyirxah işlərdə axtaran parlaq şəxsiyyətlərdən olaraq xalqının zəngin milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması naminə əzmlə çalışır. Azərbaycanın birinci xanımının fəaliyyəti milli-mədəni incilərin qorunub saxlanılması, tarixi abidələrin bərpası, dünya miqyasında təbliği ilə yanaşı, saf və nəcib dəyərlərin ictimai şüurda möhkəmlənməsinə, özünə güclü dayaqlar tapmasına yönəlib. Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə diqqət və qayğı ilə yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasına və təbliğinə ciddi dəstək verir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt isə məhz milli genefondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda intişar tapmasıdır. Təsadüfi deyil ki, bu istiqamətdəki fəaliyyətinə görə Mehriban xanım Əliyeva YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu, ümumilikdə dünyanın Mehriban xanım Əliyevanın timsalında bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dili-mizə, incəsənətimizə göstərdiyi diqqət kimi qəbul olunmalıdır. Bu, həm də Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının öz fədakarlığını və bacarığını beynəlxalq miqyasda təsdiq etməsinə əyani bir sübutdur.

Düşünürəm ki, ömrünün gənclik illərini Heydər Əliyevin ocağında keçirən, onun ali mənəvi, milli-mental dəyərlərindən bəhrələnən, Mir Cəlal Paşayevin ocağının nəcib ənənələrini əxz edən, Heydər Əliyevin və Zərifə xanım Əliyevanın mənəvi xəttini örnək götürən nəcib insan – Azərbaycanın birinci xanımı məhz belə də olmalı idi. Heydər Əliyev mənəvi dəyərlərinə sədaqətli!

Nurlana ƏLİYEVA, filologiya elmləri doktoru, professor,

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button