Hakan Fidan kimdir?
Türkiyənin yeni Nazirlər Kabinetində yer alan bəzi isimlər ictimaiyyətə tanış olsa da, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın xarici işlər naziri təyin olunacağı bilinəndə “daha əvvəl səsi belə eşidilməyən şəxs” kimi diqqət mərkəzinə düşüb.
Teleqraf.com xəbər verir ki, bundan sonra internetdə adı ən çox axtarılanlar siyahısında birinci olmasının səbəblərindən biri də onun gizli xüsusi xidmət orqanının rəhbəri olmasıdır.
Hakan Fidanın Osmanlı Sultanı II Əbdülhəmid dönəmində nüfuzlu kürd tayfasının soyundan olduğuna dair “Yeni Akit” qəzetində dərc olunan bir məqalə də diqqət çəkib.
“Hakan Fidanın tayfasının II Əbdülhəmidlə əlaqəsi və Osmanlı paşası qohumları” adlı məqalədə deyilir:
“Ankarada doğulan və əslən Vandan olan Hakan Fidanın Hasenan tayfasının Seyitki qolundan olduğu məlumdur. Tayfanın tarixinə nəzər saldıqda Fidanın mübarizəsi üçün “qanında var” demək nöqtə atışıdır.
1600-cü illərdən etibarən mərkəzi Muş-Malazgird olan Mardin, Van, Şanlıurfa, Diyarbəkir və ətraf şəhərlərə yayılan Hasenan Səfəvilərdən Səlcuqlara, Osmanlıdan Türkiyə cümhuriyyətinə qədərki dövrdə Anadolu, Qafqaz və Mesopotamiya bölgələrində varlığını davam etdirmiş, hərbi, siyasi və mədəni olaraq mühüm rol oynamış köklü bir tayfadır.
Tayfanın Torun, Malbat, Seyitki, Şeğki, Karace, Tiroken, Güloyi kimi bir çox qolları var. Hasenan tayfası kürd mənşəlidir. Tayfanın həmçinin peyğəmbər (seyid) nəslindən olan ərəb mənşəli bir neçə qolu var. Hakan Fidanın mənsub olduğu Seyitki qolunun seyid yox, kürd mənşəli olduğu düşünülür. (Amma keçmişdə tayfalararası nikahlara görə peyğəmbərin nəsli ilə qan qohumluğu ola bilər).
Hasenan tayfasının tarixi və Hakan Fidan
Tayfanın ən azı 1200 ildir bölgədə olduğu və Hasenanın Sultan Alparslanın Anadolu cihadı üçün qapısında dayandığı Malazgirddə bir çox kürd tayfaları kimi Bizans ünsürlərinə qarşı hücumlarda iştirakı məlumdur.
Hasenan tayfasının yaxın tarixdə iz qoyduğu illər 1800-cü illərin sonlarıdır. Ruslardan, daha sonra Avropadan aldıqları dəstəklə “Böyük Ermənistan” xəyallarını reallaşdırmaq istəyən ermənilər Osmanlıya qarşı qiyam qaldırırlar. Erməni quldur dəstələri Şərqdə və Cənub-Şərqdə çoxsaylı qanlı qırğınlar törədirlər. Kürd kəndlərinə basqın edərək daşı-daş üstündə qoymayan və boşaldıb yerləşmək üçün müsəlman kürd, ərəb və türkmənləri köçə məcbur edən ermənilər bölgədə böyük xaosa səbəb olurlar. İmperiyanın başında olan Sultan Əbdülhəmid səbri tükənən bölgənin öndə gələn Milan, Hasenan, Hayderan, Mutki və sair kimi tayfalarının başçılarını, fikir adamlarını Yıldız Sarayına toplayır.
Erməni quldur dəstələrinə qarşı mübarizə aparmaq üçün tayfa başçılarına, o cümlədən Hakan Fidanın qohumlarının olduğu Hasenan tayfasının başçılarına hərbi səlahiyyətlər və rütbələr verilir. Bu hərbi birlik Həmidiyyə Alayı adlandırılır.
Adıçəkilən tayfalardan ibarət olan Həmidiyyə Alayı mülki ermənilərə qarşı son dərəcə mərhəmətli olsalar da, erməni quldur dəstələrinin kökünü kəsirlər. Hakan Fidanın əmiləri, qohumları deyə biləcəyimiz Hasenalı Məhmət Sofi Paşa, Hasenalı Kaymakam Fətullah bəy, Rza Bəy və digərləri nizami hərbi birləşmələri ilə böyük qələbələr qazanırlar. Avropa və Rusiyanın bölgədəki planları pozulur.
Sultan II Əbdülhəmidin taxtdan endirilməsi ilə Həmidiyyə Alayı İttihat və Tərəqqi Komitəsi tərəfindən ləğv edilir”.
Polise.az