Hakim partiyada “təmizləmə”: YAP-çı deputatların taleyi necə olacaq?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq nəvəsinə etdiyi toy mərasimində bir sıra məmurlar da iştirak edib.
“Akademik toy”da iştirak edən məmurlar, YAP üzvləri və YAP-çı deputatlarla bağlı qərar necə olacaq? Son günlər müzakirə olunan məsələlərdən biri də hakim partiyanın yeniləşəcəyi, “köhnə qvardiya”nın nəzarətindən çıxarılacağıdır. Yaxın günlərdə YAP-ın növbədənkənar qurultay keçirəcəyi bildirilir.
Qeyd edək ki, YAP ümumilikdə 6 qurultay keçirib.
Onların 3-ü növbədənkənar olub.
Yəni YAP-ın təcrübəsində növbədənkənar qurultaylar var və bu dəfə də belə bir addımın atılacağı istisna olunmur.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının I qurultayı 1999, II qurultayı 2001, III qurultayı 2005, IV qurultayı 2008, V qurultayı 2013, VI qurultay isə 2018-ci ildə keçirib.
Partiyanın Siyasi Şurasının üzvü Xeyrəddin Qoca YAP-ın növbədənkənar qurultaya gedəcəyinə dair deyilənləri təkzib edib.
Lakin o, dəyişikliklərin olacağını da anons edib. “Partiya üzvlərindən icra başçıları olub, hazırda həbsdədirlər. Bundan əlavə, YAP-da cinayət məsuliyyətinə cəlb olunanların adı var. Orada Ramiz Mehdiyev kimi adamların da adı var. Bir sıra adamlar var ki, ləyaqətsizcəsinə partiyaya soxulublar. O zaman Heydər Əliyevin əleyhinə olan adamlar da partiya sıralarındadır. Adlar çoxdur, deməklə qurtaran deyil. Bir sözlə, partiyaya layiq olmayan insanlar var. İndi onların müzakirəsi gedir. Onlar bizimlə bir sırada olmamalıdırlar”,-deyə Xeyrəddin Qoca bildirib.
Digər bir iddia isə YAP-ın parlament təmsilçilərini yenidən nəzərdən keçirəcəyi ilə bağlıdır. Hesab edilir ki, hakim partiya ilə yanaşı Milli Məclisdə də “təmizləmə” aparacaq. Gözlənilən odur ki, hakim partiya Milli Məclisə keçirləcək növbəti seçkilərində hazırkı parlament heyətini əsaslı şəkildə dəyişəcək. Hələlik isə YAP-da bu məsələ ilə bağlı heç bir rəsmi münasibət açıqlanmayıb.