HEYDƏR ƏLİYEVİN MÜSTƏQİLLİK KONSEPSİYASI
Azərbaycan adlı dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, bütün Azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir.
Heydər Əliyev
Yaxın tarixi təcrübəmiz real şəkildə bəyan edir ki, müstəqillik həqiqi mənada xalqa xidmət edir, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verir və milli inkişafın ən müqəddəs şərti də bu dəyərlər hesab oluna bilər. Ümummilli lider Heydər Əliyevin zamanında söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”, – deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil.
Ulu öndərin idarəçiliklə bağlı həyat konsepsiyası – manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ halları vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən bac alan milli təfəkkürün yaradıcı təcəssümündə ehtiva edir. Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qürur duyulacaq rəhbərliyi ilə əldə edilən uğurlar fonunda xüsusi yer alır.
Ümummilli lider milli müstəqillik probleminə həsr edilmiş elmi əsərlər yazmamışdır. Lakin özünün bütün siyasi karyerası xalqımızın müstəqillik istəyini dərindən duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər müxtəlif sahələrlə bağlı çıxışlarında, xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktik əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə müdrik siyasətin obrazının dialektik vəhdətini aşkar görmək mümkündür.
Sxolastik düşüncə tərzini kəskin tənqid edən Heydər Əliyevin müstəqillik konsepsiyası mühüm nəzəri-praktik model kimi milli reallıqlarımızın və bu reallıqların xarici faktorlarla şərtlənməsinin analitik, yaradıcı dərkinin məhsuludur. Bu mənada Heydər Əliyevin müstəqillik konsepsiyasının formalaşmasının ilkin şərtləri olan xarici və daxili faktorlara toxunmaq istərdik.
Kontinental imperiya olmuş Sovetlər İttifaqının dağılmasından sonra “soyuq müharibə”, “qorxunun tarazlığı”, “nüvə qışı” kimi düşüncələri narahat edən metaforik ifadələrin qlobal siyasi şüurdan hələ tam psixoloji mənada sıxışdırılmadığı beynəlxalq şəraitdə Azərbaycan Respublikasının dünyanın inteqrasiya proseslərinə qoşulması hakimiyyətə qayıdışının ilk günlərindən ulu öndərin başlıca və ardıcıl dövlətçilik idealı – məqsədi olmuşdur.
Konsepsiyanın beynəlxalq əhəmiyyət kəsb edən dəyərindən tarixi bir paralellik ortaya çıxır. Heydər Əliyev milli varlığımızın təminatı olan müstəqillik konsepsiyasını işləyərkən sabiq Fransa prezidenti F.Mitteranın Avropa konfederasiyası, ABŞ prezidenti C.Buşun (ata) bütöv demokratik Avropa, Almaniyanın xarici işlər naziri Q.Qenşerin Avropada yeni dünya nizamı haqqında konseptual mülahizələri irəli sürülürdü. Deməli, Azərbaycanın o dövrdə öz müstəqilliyini təsdiq etməklə dünya birliyinə tədricən inteqrasiya olmaq zərurətini təsdiq etmək idi. Müstəqillik konsepsiyasını zamanın konkret sosial-siyasi vəziyyəti məcrasında nəzərdən keçirmək lazımdır. Konsepsiyanın işlənildiyi ziddiyyətli dövrdə, yəni Azərbaycanda 80-ci illərin sonu və 90-cı illərin əvvəlində fərdi, ictimai və milli şüur haçalanmışdı. Kütləvi şüurda qarşıdurmaya və başdan-başa dağıdıcılığa olan meyil sosial həyatın təşkilinin pozitiv prinsiplərini üstələyirdi. Sovet rejiminin struktur böhranının tələblərini analitik təhlil edən Heydər Əliyev görürdü ki, 1989-cu ildən başlayaraq yenidənqurmanın əsas problemlərinin həllinin uğursuzluğa düçar olması nəticəsində ölkə uçurum qarşısındadır. Yeniliklərlə ayaqlaşan idarəçilik konsepsiyasının olmaması rəhbərlikdə fikir ayrılıqlarının olması ritorik nəzəriyyəçilik halları və s. mərkəzin səriştəli qərarların qəbul edilməsinə mane olurdu.
Belə halda, kontinental imperiyanın iflası mütləq idi və artıq qlobal xarakter almışdı. Sonralar dünyada baş verən qlobal transformasiya prosesləri, yeni demokratik ölkələrin formalaşmasına təsiri Heydər Əliyevin müdrik uzaqgörənliyi təsdiq etdi.
Bunun nəzəri fikir tariximizdə yeri və önəmliliyini şərtləndirən amillər hansılardır?
Heydər Əliyev müstəqillik konsepsiyasını işləyərkən cəmiyyətin iqtisadi, siyasi, sosial və mənəvi-əxlaqi sahələrinin bütün kompleks problem və qayğıları ilə Azərbaycan gerçəkliyindən çıxış edirdi. Lakin o, həmişə “Qlobal düşünüb lokal hərəkət etmək lazımdır” prinsipinə riayət edərək Azərbaycan xalqının müstəqilliyinin qorunmasını dünya hadisələri məcrasında həll etməyə çalışmışdır. Dünya proseslərindən kənarda qalmağın xalqın tarixi şüuruna, onun milli identifikasiyasına vurduğu mənəvi ziyanı başa düşmək çətin deyildi. Bu mənada Heydər Əliyev konsepsiyasına görə, milli müstəqilliyi millətin mədəniyyətini, iqtisadiyyatını, elmini, incəsənətini inkişaf etdirməklə özünütəsdiq üçün şərait yaratmaq və başqa dövlətlərdən asılılığı minimuma endirməklə dünya dövlətləri ilə inteqrasiya şəraitində əməkdaşlıq etmək mümkün olur.
Milli müstəqillik millətin hər bir nümayəndəsinin şüurunda və psixologiyasında öz millətinin keçmişi, bu günü və gələcəyi barədə həqiqətləri dərk etmək və xalqın mənəviyyatını qorumaq deməkdir. Heydər Əliyev konsepsiyasının əsas məqsədi Azərbaycan xalqının sosial – siyasi fəlakətdən xilas etməkdən ibarət idi.
Ümummilli liderin müstəqillik konsepsiyasının strukturunda Vətən, Dövlətçilik, Suverenlik, Vətənpərvərlik və Vətənə Sədaqət anlayışları önəmli yer tutur. Ölkənin taleyi hər bir soydaşımızın taleyindən asılı olur. Müstəqilliyimizin taleyindən söhbət açarkən ingilis filosofu Arnold Toyubinin dediyi kimi: “Biz elə bir dövrdə yaşayırıq ki, tarix hamımıza meydan oxuyur”. Azərbaycanın müstəqilliyini dərk edərkən ən yeni tariximizdə dövlətçiliyimiz üçün təhlükəli keçid 1991—1993-cü illəri xatırlamalı oluruq. Klassik alman fəlsəfəsinin baniləri millətlərin tarixi inkişafını dövlətlərin quruluşu ilə bağlayırdılar. Bu mənada Azərbaycan dövlətçiliyinin təkmilləşdirilməsi və suverenliyinin möhkəmləndirilməsi, xalqın milli müstəqilliyinin müdafiəsindən və onun əsaslarının möhkəmləndirilməsindən keçirdi. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Azərbaycan Respublikası milli dövlətçilik quruculuğu yolunda müvəffəqiyyətlər qazanaraq şərəfli gələcək istiqamətində inamla addımlayır”.
Qeyd olunanlar belə bir tarixi həqiqəti üzə çıxardı ki, böhranlı anlarda xalq və dövlət, onun lideri vəhdət təşkil edir. Xalqın vahidliyi isə dövlətin təməlini- özülünü təşkil edir. Belə şəraitdə dövlət başçısının təmsil etdiyi xalqının vahidliyini təcəssüm etdirmək həmişə qürur və məmnunluqla anılır. Heydər Əliyevin müstəqillik konsepsiyasında “vətən” sözü mücərrəd anlayış olmayıb, övladlarının ana yurdu suveren Azərbaycanı doğma məkanı kimi təqdim edilir. Vətən hissi özündə millətin mənəvi-əxlaqi dəyərlərini ehtiva edir.
Ulu Öndər millətin mənəvi və əxlaqi dayağını vətən amalının formalaşmasında görürdü. Özünün ictimai görüşlərində Heydər Əliyev konsepsiyasına görə özünüdərk çərçivəsində millət Vətən tarixinin mühüm hadisələrinə uyğun vətəndaşlıq münasibətini müəyyənləşdirir, tarixi prosesin məntiqinə riayət edərək mənəvi dəyərlərə yeni düşüncə mövqeyindən baxa bilir. Buna görə də vətənin taleyi üçün məsuliyyət hissi mühüm struktur elementi kimi diqqət çəkir. Heydər Əliyev 1993-cü ilin avqust ayında ümumrespublika müşavirəsindəki çıxışı zamanı demişdi: “Biz böyük imtahan içindəyik və bu imtahandan ləyaqətlə çıxmağı bacarmalıyıq. Hər bir Azərbaycanlı, əgər onun qəlbində azərbaycanlı hissiyyatı varsa, nəbzi Azərbaycan xalqının ümumi nəbzi ilə həmahəng vurursa, bu yolla getməlidir”. Ölkəmizin ərazisində yaşayan hər bir millət və xalq vətən qarşısındakı konstitusion vəzifəsini aydın dərk etməli, öz fəaliyyətini onun çiçəklənməsinə istiqamətləndirməlidir. Azərbaycan Respublikası onların hər biri üçün vətəndir, doğma ocaqdır. Heydər Əliyev Azərbaycan gənclərinə xitab edərək deyirdi ki: “Siz də Azərbaycan xalqına xidmət edib vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman kimi, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız”!
Bu mənada Ulu öndərin “Mən – milli ordu – müstəqillik” triadası mühüm əxlaqi mahiyyət daşıyır. O, xalqını inandıra bilmişdi ki, güclü milli ordunun yaradılması milli ləyaqət və şərəf işidir.
Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinin ideoloji təməli və təminatı hər bir ölkə vətəndaşının dövlətə mənsub olması, onunla siyasi, iqdisadi və hüquqi bağlılığının olması, özünü əsl azərbaycanlı hiss etməsi, azərbaycanlılara məxsus şüuru ilə dərk edib hərəkət etməsidir. Heydər Əliyevin nəzəri irsində azərbaycançılıq milli həmrəyliyin ideologiyası kimi işlənir. Onun fikrincə, dövlət və dövlətçilik, vətən və vətəndaşlıq fenomenləri azərbaycançılıq ideologiyasından bəhrələnməlidir. Maarifçilik fəlsəfəmizin tarixi-mənəvi dəyərlərindən bəhrələnmiş ümummilli liderimiz vətən, millət və milli dövlət anlayışlarını azərbaycançılıq ideyası çərçivəsində vəhdətdə götürərək bu sintezi milli bütövlüyün təmin edilməsi, onun həmrəylik ruhunda inkişaf etdirilməsinin mühüm sosiomədəni mexanizmi kimi işləmişdir. Azərbaycançılıq ideyası müharibə gedən ölkəni fəlakətdən çıxarmaq üçün millət və cəmiyyət qarşısında həmrəy qüvvələri birləşdirmək simvoluna çevrilmişdi. Onun “Azərbaycanlının Azərbaycandan başqa vətəni yoxdur”, – müdrik kəlamı vətəndaşlarımız və xaricdə yaşayan soydaşlarımız üçün də epiqrafa çevrilmişdi. Ulu Öndərin bilavasitə təşəbbüsü ilə Bakıda keçirilmiş dünya azərbaycanlılarının qurultayında qeyd etmişdir ki, həmrəylik fenomeni bütün dünyadakı soydaşlarımızın milli inkişafı üçün misilsiz sərvətdir. Biz, tariximizə olduğu kimi yanaşaraq düşmən üzərində qələbəyə köklənən tarixi həqiqətə xidmət edə bilərik!
Acınacaqlı səslənsə də, Heydər Əliyevin tərəfindən Azərbaycan Respublikasının Prezidenti olarkən imzaladığı “1948-1953 – cü illərdə azərbaycanlıların Ermənistan SSR-in ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərmanda deyilir: “SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953 – cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin xüsusiilə amansız repressiyaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar… Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin …törədilən cinayətlərin təşkilində iştirakı da az olmamışdır”. Fərmanın başlıca qayəsi budur ki, tarix xalqın yaddaşı kimi , tarixi həqiqətləri özümüzü dərk etmək və unutmamaq üçün bir vasitədir.
Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunub saxlanması, inkişaf etdirilməsi haqqında 13 avqust 2001-ci il tarixli bəyanatı müstəsna əhəmiyyət kəsb edir. Həqiqətən də, öz mənəvi-əxlaqi dəyərlərini yalnız azad və müstəqil xalq saxlaya bilər. Bu bəyanat, hər şeydən əvvəl, azərbaycançılıq ideologiyasına sadiq qalan xalqı öz tarixi köklərinə, əcdadlarının yaratdığı milli-mənəvi dəyərlərə daha sıx bağlı olmağa çağırır. Deyilənlərlə bağlı Ulu Öndərin müstəqillik konsepsiyası barədə çoxlu önəmli fikirlər və mülahizələr söyləmək mümkündür. Mövzu tədqiqatçıları dərindən düşündürməyə vadar etməlidir. Heydər Əliyevin müstəqillik konsepsiyası onun siyasi və diplomatik fəaliyyətinin tərkib hissəsi kimi xarizma ilə zəngin liderlik bacarığı ilə üzvi surətdə bağlıdır. Praktika sübut etdi ki, dərin tarixi təcrübəyə və geniş erudisiyaya malik dövlət adamları çox zaman ekstemal və fövqaladə şəraitlərdə siyasi müvazinətini qoruyub saxlaya bilməklə , məsuliyyətli tarixi qərarlar qəbul edə bilirlər. Bəzən tarix, onu öyrənmək istəməyənlərə də ibrət dərsi verir. Zaman bəzən də xalq tarixinin ibrət dərsini Liderin uzaqgörən və müdrük siyasəti ilə dərk edir. Ulu Öndərin sarsılmaz qətiyyəti nəticəsində əldə edilmiş sabitlik mühüm sosial fenomen kimi tədqiq olunacaq.
Ulu öndərin gərgin və hamıya görk olacaq fəaliyyəti sivilizasiyalı dünyanı bir daha inandıra bildi ki, dünya nə vaxtsa kiçik Azərbaycanın geniş siyasət arenasında xalqın rəğbətini qazanmış görkəmli lider və strateq – Heydər Əliyevlə iş görməli olacaqlar. Bir vaxtlar Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonun Prezident Heydər Əliyevə söz verərkən : “İndi siz böyük təcrübəyə malik olan dünya siyasətçisinə qulaq asacaqsınız”, – deməsi bu həqiqətin canlı təzahürü idi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın daxili və xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümü, qoyub getdiyi milli ideyalarının təzahürüdür. Onun 2003-cü ildə prezidentlik fəaliyyətinə başlaması Azərbaycanda heç vaxt olmayan modern islahatlar və quruculuq yolu ilə irəliləməsində yeni mərhələ olmuşdur. O vaxtdan başlayaraq respublikada geniş demokratikləşmə prosesləri dünyanın transformasiya proseslərinə ölkəmizin inteqrasiyası intensiv xarakterə daşımış, milli iqtisadiyyatın inkişafı üçün mühüm sosial-siyasi baza yaranmışdır. Heydər Əliyev məktəbinin layiqli məzunu İlham Əliyevin böyük siyasətdəki, balanslaşdırılmış addımları Azərbaycanda sosial-iqtisadi, siyasi və ictimai təsisatlarda əsaslı yeniliklərin olmasına, səmərəli təsir etmişdir. Prezident İlham Əliyevin: “Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir, ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə müsbət təsir göstərir. Ona görə də siyasi və iqtisadi islahatların davam etdirilməsi zamanın tələbidir. Əgər biz doğrudan da, müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə dövlətin üzərinə böyük vəzifələr düşür. Biz buna birlikdə nail olmalıyıq”. – dərin məzmunlu müdrik fikirləri qeyd olunanların təsdiqidir.
Ulu öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf proqramının başlıca qayəsi də ölkədə demokratik islahatların uğurla davam etdirmək, vətəndaş cəmiyyəti strukturlarının və ictimai nəzarətin inkişafına geniş imkan yaratmaq formalaşmasına həyata keçirilən “sabitlikdən inkişafa doğru” ideyasını davam etdirməkdir.
İlham İsmayılov,siyasi elmlər namizədi.