Hulusi Kılıç: Cənubi Qafqazda yeni dövrün başlamasını arzulayırıq
Dünən rəsmi Bakı ilə İrevan tərəfindən Türkiyəni də sevindirən çox əhəmiyyətli addım atıldı. Bu, iki ölkə arasında etimadın artırılması istiqamətində atılan mühüm addım olmaqla yanaşı, həm də anaların ürəyinə su sərpdi. Hər iki ölkə tərəfindən humanist dəyərlər rəhbər tutularaq Ermənistan 2 Azərbaycan hərbçisini, Azərbaycan isə erməniəsilli 32 şəxsi sərbəst buraxdı. Daha bir xoş niyyətin təzahürü olaraq, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəklədi. Sülhə işıq tutan bu addımlar Türkiyədə çox böyük məmnunluqla qarşılandı.
Bu fikirləri Azərtac-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.
Türkiyənin Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində keçirilən görüşlərin bundan sonra vasitəçi olmadan aparılmasının tərəfdarı olduğunu Hulusi Kılıç noyabrın 30-da Qazaxda iki ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə keçirilən görüşü xatırladaraq deyib: “Qazaxda keçirilən görüşdə vasitəçi yox idi və bu danışıqların çox məhsuldar olduğunu deyə bilərik. Son zamanlar atılan bu addımlar vasitəçi olmadan iki ölkənin öz aralarında məsələni həll etmək iqtidarında olduğunu göstərdi. Problemin həlli uzaqlarda deyil, bölgədə axtarılmalıdır. Kənar qüvvələrin, uzaqlarda vasitəçi axtarışının faydasız olduğunu artıq gördük, bu, sülh prosesini uzatmaqdan başqa bir işə yaramır. Ermənistan həm Azərbaycan, həm də Türkiyəyə qonşu ölkədir. Biz qonşu dövlətlər olaraq öz məsələmizi həll edə bilərik. Bölgə həqiqətlərini qəbul etmək lazımdır. Sadəcə, qonşu ölkələr buna birbaşa fikir bildirə bilər”.
Son zamanlar Türkiyə ilə Yunanıstan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində atlan addımları nümunə göstərən sabiq səfir qeyd edib: “Bölgədəki daha bir müsbət hadisə Türkiyə ilə Yunanıstan arasında yeni dövrün başlamasıdır. Artıq bildiyimiz kimi, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin dəvəti ilə Afinaya tarixi baxımdan olduqca əhəmiyyətli səfər etdi və mediaya birgə açıqlama verildi. Fikrimcə, Ermənistan hökuməti bu görüş və açıqlamalardan dərs çıxararaq, erməni xalqının gözləntilərini doğrultmalıdır. Biz, eyni zamanda, Cənubi Qafqazda da yeni dövrün başlamasını arzu edirik. Hazırda gözlədiyimiz Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi və sülh sazişinin imzalanmasıdır. Bu saziş, eyni zamanda, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması deməkdir. Bütün bunlar Cənubi Qafqazda sülh, sabitlik, inkişaf və təhlükəsizlik dövrünün başlaması olar. Artıq bölgə xalqları uzun illər davam edən bu gərginlikdən çox yorulub və bu insanların sülhə ehtiyacı var. Əslinə, bu, çətin deyil, danışıqlar yolu ilə hər çətinliyin öhdəsindən gəlmək mümkündür”.
Polise.az