Hüquqşünas: “Millət vəkillərinin “toxunulmazlıq hüququ”artıq əhəmiyyətini itirib”

Şəmsəddin Əliyev: “Bəzi milət vəkilləri bundan kommersiya və sahibkarlıq maraqlarını qorumaq üçün istifadə edirlər.”

Bir neçə il bundan öncə Ukraynanın sabiq  prezidenti Petro Proşenko deputat toxunulmazlığının ləğv edilməsi təklifi ilə çıxış etmişdi. Proşenkonun sözlərinə görə, deputat toxunulmazlığının ləğvi korrupsiyaya bulaşan deputatların ifşa edilməsi və onların hüquqi müstəvidə məsuliyyətə cəlb olunması baxımından zəruridir. İfadəyə diqqət edin: ”Korrupsiyaya bulaşan deputatların ifşa edilməsi …”

Maraqlıdır, Azərbaycanda da millət vəkillərinin toxunulmazlığının ləğvi məsələsi gündəmə gələ bilərmi? Oxşar addımın ölkəmizdə də atılması nə dərəcədə məqsədəuyğun olardı?

Polise.az-a açıqlama verən ictimai xadim, hüquqşünas Şəmsəddin Əliyev millət vəkillərinin toxunulmazlığının-deputat immunitetinin ləğvini düzgün hesab etdiyini vurğuladı:

Şəmsəddin Əliyev

“Zamanı çatıb. Ölkəmizdə son dövrdə korrupsiyaya qarşı mübarizənin sərtliyi fonunda formalaşan dövlət siyasəti  deputat toxunulmazlığının ləğvini gündəmə gətirir. Toxunulmazlığın özünün bir fəlsəfi mənası var. Bu institut deputatlarla seçicilərin sıx ünsiyyətini və qarşılıqlı etimadını təmin etmək üçün yaradılıb.Deputat öz seçiciləri qarşısında tam məsuliyyətini hiss etməlidir. Seçiciləri ilə müntəzəm əlaqə saxlamaq, onların maraqlarını və iradəsini ifadə edən qanunları qəbul etmək deputat missiyasının ana xəttini təşkil edir. Vətəndaş müraciətlərinin obyektiv və ədalətlə baxılmasını nəzarətdə saxlamaq,bu barədə onlara məlumat vermək, müxtəlif məsələlərə aid seçicilərin rəyini öyrənib onların ehtiyac və tələbatı haqqında müvafiq dövlət orqanlarına sorğular göndərmək istiqamətində çox iş görməlidirlər. İctimai rəy ilə hesablaşsaq bizdə belə drputatları barmaqla saymaq olar, azdırlar. Qazdan və elektrik enerjisindən istifadəyə tətbiq edilən arzuolunmaz limitlərlə bağlı məsələdə seçicilərin narahatlıqları hələ də bitməyib. Seçici ilə deputatın əmək haqqı arasındakı fərqlərə baxsaq problemi sezməmək mümkün deyil.

Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsi deputatlara toxunulmazlıq hüququnu verir. Amma Əsas Qanun deputata şəxsi və yaxınlarının  maraqlarına xidmət etməyi, kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Bizim bəzi deputatlarımızın ictimai rəydə geniş çeşidli mağazaları, ölkədə və ölkə hüdudlarından kənarda sanatoriyaları, geniş taxıl biznesi, dəyirmanları və s. biznes şəbəkələri vardır.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü bəndi  isə kommersiya fəaliyyəti ilə məşğul olma Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsini özündə ehtiva edir… . Bu yüksək huquqi qüvvəyə malik akt Azərbaycan xalqının iradəsini ifadə etdiyindən ona tərəddüd etmədən əməl etmək lazımdır. Zənnimcə Dövlət başçısına, səfirlərə toxunulmazlıq hüququnun verilməsi qaçılmazdır. Səfirliklər vətəndaşı olduğu dövlətlərin maraqlarını səfir olduqları ölkələrdə təmsil və müdafiə edirlər. Onlara dövlətin adından danışmaq səlahiyyəti verilir. Dövlət başçısına, baş nazirə, Birinci vitse-prezidentə, Baş prokurora toxunulmazlıq hüququnun verilməsi anlaşılandır. Lakin baxın, Ombudsmana da toxunulmazlıq hüququ verilib. Ombudsmana belə bir hüququn verilməsinə lüzum yoxdur. Əgər Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı fəaliyyətini qurursa, belə bir şəxsə toxunulmazlıq hüququ verməyə ehtiyac varmı? Ombudsman ədalətli, hər kəsin hüquqlarını bərabər şəkildə müdafiə edəcək bir fəaliyyətlə məşğul olur, onun bu missiyasının həyata keçirilməsi üçun rahat meydan var.

Səbinə Əliyeva

Konstitusiyaya görə deputatların toxunulmazlıq hüququna yalnız deputat cinayət başında yaxalanarsa Baş prokurorun təqdimatı və Milli məclisin qərarı ilə xitam verilə bilər. Amma zamanla ayaqlaşmaq lazımdır. Bu konstitusion müddəa artıq əhəmiyyətini itirib. Uzun illərdir deputatın cinayət başında yaxalanması halı baş verməyib.(İnşəallah olmaz da.) Toxunulmazlıq götürülərsə deputatın söykəndiyi yer də olmaz və sui-istfadələrə  də yol verməz.

40 minə yaxın seçicinin seçdiyi bəzi deputatlar toxunulmazlıq hüququndan şəxsi maraqları üşün geninə- boluna istifadə etməsi sirr deyil,bu haqda çox yazılıb,seçicilərin problemləri isə unudulur. Banklardakı kredit problemlərinə görə bir qrup deputat canfəşanlığından başqa digərləri susmağa üstünlk verdilər. Məs: İqtisadçı akademikin  mövqeyi bu baxımdan seçiciləri narahat etdi. Hörmətli deputat, Ziya Səmədzadəyə toxunulmazlıq lazımdırmı? Amma kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər  millət vəkillərinə təftişlərdən sığortalanmaq üçün lazımdır.

Ziya Səmədzadə

 40 min seçicinin bir deputatı seçməsinin özü o deməkdir ki, həmin deputatın 40 min müdafiəçisi –toxulmazlığını təmin edən var. Fəlsəfi baxımdan seşicilərin iradəsi  seçdikləri şəxsi qorumalıdır. Təbii, bunu qazanmaq lazımdır. Digər tərəfdən  40 min seçicinin seçdiyi bir nəfər-deputat da seçicilərini müdafiə etmək gücündə, onların adından danışmaq, hüquqlarını müdafiə etmək və sosial qayğılarını milli məclisdə qaldırmaq bacarığında olmalıdır .

Bu gün,cəmiyyətin bəzi üzvləri çaş-baş qalıb. Az qala hamı Ramiz Mehdiyevə qarşı üsyana başlayıb. O, xəyanətdə suçlanır. Çox ciddi ittihamdır. Ümumi problemlər kənara qoyuldu. Hüquqi məntiqə ğörə Abutalıbovun, M.Musayevin, Ağamalının çıxışlarını və digər “ittihamları”  dövlət Başçısının  R.Mehdiyevin boynundan asdığı Heydər Əliyev ordeninə hörmətsizlik kimi də qəbul etmək olar. Ali Orden ilə təltif olunmağa əsas verən xidmətlərin üzərindən çarpaz xətt çəkildi. Belə məmur davranışları, hətta  dövlət siyasətinin də əleyhinə yönələn bir çağırış zamanında R.Mehdiyevin “cinayətlərini bilib gizlətmək və yaxud, bu barədə müvafiq orqanlara xəbər verməmək” kimi də yozula bilər. Bunları sadəcə məlumat üçün dedim. Hər halda bilmədiyimiz şeylər çoxdur…

Ramiz Mehdiyev

Toxunulmazlıq hüququ deputatlara yalnız parlament divarları arasında, qanun layihələrinin müzakirəsi zamanı verilməlidir. Parlament binasından kənarda o, seçiciləri ilə bərabər hüquqa malik olan adi şəxsdir. Bir çox ölkələrdə bu fəlsəfə ilə deputatlığa yanaşılır. Deputatlıq imtiyazlara malik olmaq deyil.

“Toxunulmazlıq hüququna ğörə deputatın idarə etdiyi və yaxud olduğu maşını saxlamaq, ona baxış keçirmək,müayinə etmək,ona irad bildirmək, izahat verməyə dəvət etmək olmaz. Bu,bir növ seçicilərə münasibətdə ayrıseçkilikdir. Deputat-sürücü, sürücü seçicisindən niyə seçilməlidir?Bununla da Konstitusiyamızın 25- ci maddəsində ehtiva edilən ”Bərabərlik hüququ” pozulur.

Yuxarıda qeyd etdiyim kimi belə toxunulmazlıq hüququ bəzi deputatlara yalnız öz kommersiya fəaliyyətlərini qorumaq və inkşaf etdirmək üçün lazımdır. Hüquqi, demokratik cəmiyyətlərdə bu,  korrupsiya və sui-istifadələrə yol açır, həm də qaranlıq yollarla zənginləşməyə aparır. Ona görə də nə vaxtsa deputatların toxunulmazlıq hüququ ləğv edilərsə, cəmiyyət bunu normal qarşılayar. Faktiki olaraq Milli Məclis beş-on hüquqşünas və iqtisadçı deputatların çiynində qərar tutub.

Təkrar etmək yerinə düşərdi ki,parlamentin müvafiq qərarı olmadan deputatlar cinayət və yainzibati məsuliyyətə cəlb oluna bilməzlər. Bu qayda deputatın bütün səlahiyyətləri müddətində qüvvəsini saxlayır.

Ölkədə sabitliyin tam təmin olunduğu və kriminogen durumun nəzarətdə olduğu, deputatların habelə seçicilərin,vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin həyatı üçün hər hansı bir təhlükənin olmadığı bir ölkədə deputat toxunulmazlığına  ehtiyac yoxdur.

Hüququn aliliyinin  bərqərar olduğu cəmiyyətlərdə “toxunulmazlıq hüququ” yaxşı səslənmir. Seçicilərin təhlükəsizliyi necə və hansı üsul, vasitələrlə təmin olunursa, deputatlar da həmin qaydalarla qorunurlar…

Bu gün Dövlət, vətən və xalq üçün əsas təhlükənin səmti də, mənbəyi də bəllidir: “Erməni işğalçılarınin davam edən təhdidi!”

Şəmsəddin Əliyev
Hüquqşünas, publisist

Hamısını Göstər

Related Articles

Back to top button
Close